Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin layihəsini hazırlayacaq

Iqtisadiyyat 28-08-2014, 16:49
Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin layihəsini hazırlayacaq

2014-cü ildə ölkədə ÜDM-in 3,4%-i səviyyəsində real artımı gözlənilir.

Nazirlər Kabinetinin qərarına əsasən, Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini hazırlamağa başlayıb. Büdcə siyasətinə uyğun olaraq Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri qarşıdakı illərdə ölkənin sosial-iqtisadi, büdcə-fiskal, maliyyə, vergi, gömrük və digər sahələrə dair inkişaf konsepsiyasını, proqnoz göstəricilərini, maliyyə balansını və digər sənədləri hazırlayacaq.

Oxu.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin idarə rəisi Aydın Hüseynovun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) təxminən 30%-i həcmində nəzərdə tutulur.

Proqnozlara əsasən, 2014-cü ildə ölkədə ÜDM-in 3,4%-i səviyyəsində real artımı gözlənilir. Azərbaycanda ÜDM-in həcmi 2013-cü ildə 57 milyard manatdan artıq olub və 2015-ci ildə bu rəqəm 62,9 milyard manat (artım 6%) səviyyəsində proqnozlaşdırılır. Beləliklə, gələn il büdcənin də 5%-ə yaxın artımı baş verəcək. 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisinin cari ilin proqnozu ilə müqayisədə 7-9% artacağı gözlənilir.

A.Hüseynov qeyd etmişdir ki, büdcə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və onun effektivliyinin, uzunmüddətli dayanıqlığının təmin edilməsi üçün şəraitin yaradılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəldiləcəkdir. Ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığın artırılmasına nail olmaq, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaq, monetar və büdcə siyasətinin koordinasiyasını gücləndirmək əsas məqsədlərdəndir.

Büdcə siyasətinin əsas prioritetləri bunlar olacaq: ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək; büdcə gəlirlərinin yığım əmsalını artırmaq; respublikanın şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işləri davam etdirmək; dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək; dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçidi davam etdirmək; yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək; xərclərin investisiya və sosialyönümlüyünə üstünlük verməklə sosial siyasətin ardıcıl həyata keçirilməsini davam etdirmək və sosial öhdəlikləri yerinə yetirmək.

Qarşıdakı ildə büdcə-fiskal siyasətinə uyğun olaraq regionların inkişafının sürətləndirilməsinə, regionlar arasındakı sosial-iqtisadi fərqlərin mərhələlərlə aradan qaldırılmasına və balanslaşdırılmış inkişafa nail olunmasına, respublikanın rayon və şəhərlərinin yerli gəlirləri hesabına mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin azaldılmasına diqqət artırılacaqdır. Büdcə qanunvericiliyinin ölkənin iqtisadi islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi, iqtisadi siyasət, proqnozlaşdırma və dövlət büdcəsi layihəsinin tərtibində əlaqələrin uzlaşdırılması, açıq büdcə göstəricilərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi ortamüddətli dövr üçün qarşıda duran vəzifələr sırasındadır.

2015-ci və sonrakı üç il ərzində ölkənin daxili resurslarının payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, mərhələlərlə xərclərin orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılmasının genişləndirilməsi, funksional səviyyədə xərclərin strukturunun təkmilləşdirilməsi, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin prioritetlər, istiqamətlər üzrə bölgüsü, eləcə də həmin vəsaitlərə nəzarəti artırmaq qarşıda duran mühüm vəzifələrdəndir.

Büdcə strategiyasının başlıca istiqamətini təşkil edən sosial siyasətə uyğun olaraq büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibi işini davam etdirmək, sahibkarlığın inkişafını təmin edən və dövlət proqramlarında büdcə vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirləri maliyyələşdirmək, ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafı, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl istehsalının artırılması, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur.

Növbəti ildə vergi siyasətinin əsas istiqamətləri sahibkarlığın müasir sahələrinin, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsinə, investisiya qoyuluşlarının genişləndirilməsinə, aktiv vergi siyasətinin həyata keçirilməsinə, inzibatçılığın müasir İKT sferasında təkmilləşdirilməsinə, vergi dərəcələrinin optimallaşdırılmasına, beynəlxalq vergi qanunvericiliyinə inteqrasiyanın daha da sürətləndirilməsinə yönəldiləcəkdir.
Oxunub: 1 032
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10