backend

Azərbaycan əhalisi üçün yeni təhlükə mənbəyi - FOTO/VİDEO

Azərbaycan əhalisi üçün yeni təhlükə mənbəyi - FOTO/VİDEO










Dövlət Statistika Komitəsinin Azərbaycanda son illər 5 min eşşəyin yoxa çıxması barədəki məlumatı məni bu yazını yazmağa vadar etdi. Böyüdüyüm Şəkinin Kiçik Dəhnə kəndində bu heyvanı çox saxlayıblar. Yadıma gəlir, uşaq vaxtı bacımla bu heyvanla "daşqa" adlandırdığımız qoşqu vasitəsilə o qədər tütün yarpağı daşımışıq ki.

Daşqa çuxura düşəndə bu zəhmətkeş heyvanın arabanı necə dartıb çıxartdığını da unutmamışam. Yazığım gəlib həmişə bu heyvana, adı pis səslənsə də, eşşək kəndimizdə təsərrüfatda ən çox istifadə edilən heyvan kimi tanınıb və indi, aldığım məlumata görə, Kiçik Dəhnə kəndində indi də eşşək ev heyvanı kimi saxlanılır. Amma, sayında azalma müşahidə edilir.

Şimal rayonlarında da ta sovet dövründən ev heyvanı kimi uzunqulaq saxlanılıb və saxlanılır. Quba və Qusarın əksər kəndlərində bu heyvan indi də saxlanılır. Sakinlər bu heyvandan əsasən qoşqu vasitəsi olaraq içməli su, taxılı dəyirmana aparmaq, odun gətirmək, sahəyə peyin daşımaq üçün istifadə edilir. Aldığım məlumata görə, bəzi kəndlərdə eşşəyi müasir texnika, traktor əvəz etdiyindən, ailə müasirləşdiyindən bu heyvanı saxlamağa ehtiyac görmürlər.

Qeyd edək ki, kəndlərdə imkana görə, eşşəklə bərabər at da həmişə saxlanılıb və indi də kəndlərdə eşşəklə müqayisədə ata üstünlük verilir. Araşdırmalar zamanı dağ kəndlərində belə eşşəklərin sayında azalmış olduğunu öyrəndik. Görəsən, niyə? Günlərlə ac qalsa da, sahibinə sadiq qalan, bəzən canavarlara yem olan eşşəklərin sayı niyə azalmaqdadı?

Qubanın Xınalıq kənd sakinlərindən aldığım məlumata görə, burada tək bir sakinin həyətində eşşək qalıb. Sakinlərin əksəriyyəti indi aran zonasında qışlaqda mal-qara saxladığından uzunqulağı da yük daşımaq üçün ora aparıblar. Yay aylarında sürü qışlaqdan qayıdanda köç yolunda üstünə iri heybələr qoyulmuş, köçün arxasında yorğun-yorğun gələn eşşəkləri az görməmişəm. Amma, əksər dağ kəndlərində azalma müşahidə olunsa da, eşşəyin saxlanılması tərgidilməyib.

Xaçmazın, Şabranın, Siyəzənin bəzi kəndlərində kənd təsərrüfatında əsas qoşqu vasitəsi kimi bu ev heyvanından indi də istifadə edilir, ot, odun, tərəvəz, su daşınır.

Yazını hazırlayarkən eşşəklə bağlı Qubada maraqlı bir adətə də rast gəldim. Qubanın Qəçreş kəndində sakinlər ta ata-babadan eşşək və keçi saxlamırlar, bu, yasaqdı. Bunun hansı səbəblə bağlı olduğunu bilməsəm də, adətə hörmətlə yanaşıram. Xalqın adəti toxunulmazdır. Bildirmək istəyirəm ki, uzunqulaq adlandırılan bu heyvan kasıb təbəqənin həmişə əlindən tutan ev heyvanı olub, olacaq da. Hələ onu demirəm ki, kənd yerlərində balaca usaqlar eşşəyi iki-iki, üç-üç minib həvəslə minirlər, çapırlar, gəzirlər, bu da kənd həyatının özəlliyidir. Bu adət indi də qalıb.

Xaçmazın kəndindən əldə etdiyim belə bir fotonu da sizə təqdim edirəm. Deyərdim ki, bu heyvanın sayının azalması tək müasirliklə bağlı deyil. Son vaxtlar dövlət orqanlarımız müxtəlif yerlərdə istifadəsinə icazə verilməyən sümüksüz ət aşkar edirlər. Bu günlərdə Xaçmazın Kiçik Baraxum kəndində kanaldan at kəllələri və bədən üzvləri aşkarlanmışdı, indi yerli polis bu faktı araşdırır. Kim bilir, bəlkə kolbasa sexlərində gizlicə istifadə edilir bu azalan eşşəklər?

Ümid edək ki, bizim güc strukturlarımız Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birgə bu faktı xüsusi diqqətdə saxlayıb araşdıracaq. Dövlət Statistika Komitəsinə 5 min eşşəyin azalması faktını gündəmə gətirdiklərinə görə minnətdaram. Statistika İdarəsinin Qusar rayon şöbəsindən əldə etdiyim məlumat da bu heyvanın sayının həqiqətən azalmasından xəbər verir. Əgər 2015-ci ildə Qusarda 206 uzunqulaq vardısa, 2016-cı ildə bu rəqəm 198-a enib. Bu heyvanlardan 14-ü müəssisələrin nəzdində saxlanılır. Müəssisə demişkən, ata-babadan qapıların zəhmətkeş ev heyvanı olmuş bu heyvanın sayının azalmaması üçün təsərrüfat yaradılması mümkün olmaz, görəsən? Nə qədər müasirliyə doğru getsək belə...

Sonda 2002 -ci ildə Şabranın Surra kəndində çayı keçərkən atdan yıxılmağım da yadıma düşdü. Onda mindiyim atı eşşək minən sakin hürkütmüşdü. Şükür ki, salamat qaldım o vaxt, dediyim odur ki, kənddə yaşayan insanlar eşşək saxlamaqdan hürkməsinlər. Çiynində tondan artıq yük daşıyan bu heyvanı məhv eləməyək!