backend

“İntihar körpüsündən” özünü atmaq istəyən yol polisi imiş

“İntihar körpüsündən” özünü atmaq istəyən yol polisi imiş

“Mən də ona 30 min dollar beh verdim”.

Bir neçə gün öncə “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə intihara cəhd edən şəxs uzun illər yol polisi işləyib.

Bildirilir ki, Fəqan Nəsibov Mingəçevir və digər ətraf rayonların yol polisi şöbələrində çalışıb. Bu yaxınlarda isə yaş həddinə görə pensiyayı çıxıb. Fəqan Nəsibovun intihara cəhdinin qarşısı alındıqdan sonra onun üzləşdiyi problemlə bağlı Baş prokuror Zakir Qaralovun göstərişi ilə Korrrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Fəqan Nəsibov mətbuata verdiyi açıqlamalarında bildirib ki, o, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadıldığı üçün intihara cəhd edib:

“Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim.

Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa”.