backend

AFFA-dan Azərbaycan futboluna zərbə: 14 yaşlı uşağa oynamağa icazə vermirlər

AFFA-dan Azərbaycan futboluna zərbə: 14 yaşlı uşağa oynamağa icazə vermirlər











Son illərdə Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərində xarici ölkələrdən olan futbolçulara tez-tez rast gəlirik. Həmin oyunçuların bir çoxunun ölkəmizlə heç bir əlaqəsi olmasa da, çox qısa müddətdə, çox rahatlıqla vətəndaşlıq verilir, milli komandaya cəlb edilirlər. Maraqlıdı ki, bu rahatlıq azərbaycanlı oyunçulara şamil edilmir.
"Məhz bunu problem yaradıb, uşağa lisenziya vermirlər
Əli Mahmudov azərbaycanlıdı. 2003-cü il, martın 5-də Rusiyanın Yaroslavl vilayətində dünyaya göz açan Əlinin atası da, anası da azərbaycanlıdı. Hücumameyilli yarımmüdafiəçi olan Əli Rusiyanın "Şinnik” komandasında futbolun sirlərinə yiyələnib. Mahmudovlar ailəsi Azərbaycana köçdükdən sonra isə Əli "Qarabağ”da çıxış etməyə başlayıb. Ancaq Mahmudovlar ailəsi bir ilə yaxındı doğma vətənə üz tutsa da, yeniyetmə futbolçuya çıxış etdiyi "Qarabağ”ın heyətində ölkə çempionatlarında debüt etmək qismət olmayıb. Səbəb isə ona AFFA-dan lisenziyanın verilməməsidi.
Dərdini danışmaq üçün Komanda.az saytına üz tutan Əlinin atası Lətif bəyin dediyinə görə, lazım olan bütün sənədlər təqdim edilsə də, federasiyadan yeniyetmə oyunçuya lisenziya verilməyib. Səbəb isə... Ən yaxşısı, bu yerdə sözü Lətif bəyə verək:
"Oğlum 8 aydı "Qarabağ”da çıxış edir. Amma çempionatlarda çıxış edə bilmir. Səbəbi isə ona lisenziya verilməməsidi. Oynayan uşaqdı. Məşqçiləri də ondan razıdı. Lakin lisenziya verilmədiyindən, 8 aydı ancaq məşq etməklə kifayətlənir, oyunlara çıxa bilmir. Lisenziya şöbəsindən nə sənəd istəyiblər, vermişik. Oğlum Azərbaycan vətəndaşıdır. Mən də həmçinin. Yalnız həyat yoldaşım azərbaycanlı olsa da, vətəndaşlıq verilməyib. Rusiyada doğulduğu üçün onun vətəndaşlıq alması üçün 1-2 il lazımdı. Məhz bunu problem yaradıb, uşağa lisenziya vermirlər. Düzü, problem nədi, heç özüm də başa düşə bilmirəm. Əvvəl dedilər uşağın vətəndaşlığı yoxdu. Əvvəlcə miqrasiya xidmətindən vətəndaşlığı əvəz edən sənəd alıb təqdim etdik. Bu il isə şəxsiyyət vəsiqəsi də aldıq. Amma bundan sonra da anasının vətəndaşlığının olmamasını əsas gətirdilər. Uşağın "Qarabağ”dakı məşqçiləri də bu qərarı başa düşə bilmirlər.

Dediyim kimi, mən də, uşaq da Azərbaycan vətəndaşıyıq. Binəqədi rayonunda qeydiyyatdayıq. Qeydiyyatda olduğumuz yerdən arayış da vermişəm. Keçən ilin aprel ayından burda yaşayırıq. Uşaq isə ötən ilin yayından etibarən "Qarabağ”da çıxış etsə də, oyunlarda çıxış edə bilmir. Məşqçilər onun oyunundan razı qalsalar da, çempionatda şans verə bilmirlər”

Qaydalar necədi?

Xatırladaq ki, AFFA-nın keçirdiyi U-15 liqasında çıxış etmək üçün oyunçuların sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə təqdim edilməlidi. U-15 liqasının əsasnaməsinə əsasən, futbolçuların doğum tarixləri və liqalardakı iştirakı aşağıdakı kimi olmalıdı:
- Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı - liqada yaşı 15-dək olan futbolçular iştirak edə bilər (doğum tarixi 01.01.2002-ci ildən başlayanlar).
- 2016-2017-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
- Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
- U-15 liqasında klub və ya komandanın sifariş vərəqəsində aşağıdakı hallarda maksimum 2 qeyri-Azərbaycan vətəndaşının adı salına bilər.

Əsasnamədən göründüyü kimi, hətta Azərbaycan vətandaşı olmayan oyunçulara belə, U-15 liqasında mübarizə aparmağa icazə verilir. Belə olduğu halda, Əli Mahmudovun kənarda qalması maraq doğurur.

"Əslində, bunu klub özü həll etməlidi”

Məsələylə bağlı AFFA-nın İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. AFFA rəsmisi bu məsələylə bağlı Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxlamağımızı məsləhət bildi. Yusif bəy isə bizi qeydiyyat şöbəsinin rəhbəri Seymur Səlimliyə yönləndirdi. Səlimli əvvəlcə konkret bir şey deyə bilməyəcəyini desə də, söhbət əsnasında məsələni dəqiqləşdirdi:
- Bu barədə bir şey deyə bilməyəcəm. Hazırda nahar vaxtıdı. Bizdə bazada 100 mindən çox uşaq var qeydiyyatda. Söhbət konkret kimdən gedir?

- Əli Lətif oğlu Mahmudov.
- Şifahi heç nə deyə bilməyəcəm.
- Bəs belə bir şey ola bilər ki, sırf ana başqa ölkə vətəndaşı olduğuna görə uşağa lisenziya verilməsin?
- Bu mövzu elədi ki, mən uşağın şəxsi işinə daxil olub, baxmalıyam ki, hansı problem olub. Belə bir şey var: Ana başqa ölkə vətəndaşıdısa, o, harda yaşayır? Uşaqla birlikdə ölkəyə gəlibmi? Burda xırda məqamlar çoxdu. Bunlar hamısı FİFA-nın qaydalarıdı. AFFA-nın saytında da "Futbola Qoşul” qeydiyyat sistemi var. Orda bütün qaydalar göstərilib. Bilirsiz, burda məqamlar çoxdu. Elə olur ki, problem valideyndən yox, klubdan qaynaqlanır. Klubun lazımı sənədləri təmin etmədiyi də olur. Əslində, bunu klub özü həll etməlidi.

- Aşağı yaş qrupları üzrə çempionatın əsasnaməsində hətta 2 Azərbaycan vətəndaşı olmayan futbolçunun da çempionatda çıxış edə biləcəyi qeyd edilib...

- O çempionatın əsasnaməsidi. Həm də o köhnədi. Biz oyunçuların qeydiyyatında FİFA-nın qaydalarını əsas götürürük. Burda da bir çox məqam var.

Söhbət zamanı Seymur bəy oyunçuyla bağlı məsələni dəqiqləşdirdiklərini bildirdi:
- Artıq burdakı əməkdaşımız həmin oyunçuyla bağlı problemə baxdı. Bununla bağlı "Qarabağ” klubuna 22 fevral 2017-ci ildə məktub ünvanlaşmışıq. Ancaq heç bir cavab almadıq. Oyunçunu sifariş etmək istəyən klub var, valideyn var. Onlar da məsələni bilirlər. Sənədləri təmin edə bilmirlərsə, bu şəkildə təqdim etmələri mən düşünürəm ki, düzgün deyil. Zəhmət olmasa, bu məsələylə bağlı kluba müraciət edin. Kluba bununla bağlı e-mail vasitəsilə müraciət etmişik.

- Zəhmət olmasa, deyə bilərsiz, problem məhz hansı sənədlə bağlıdı?

- Burda bir yox, bir neçə sənədlə bağlı problem var. İlk növbədə sənədlər tərcümə edilməyib, PDF formatına salınmayıb. Miqrasiya xidmətindən sənəd olsa da, şəxsiyyət vəsiqəsi verilməlidi.

- Şəxsiyyət vəsiqəsi alınıb axı...
- Xeyr, bizə müraciət edəndə alınmamışdı. Yəni bir də deyirəm, bu barədə kluba müraciət etsəz, sizə ətraflı cavab verə bilərlər. Hər halda, rəsmi yazışma var. 22 fevralda göndərdiyimiz e-mail-dən sonra heç bir cavab yoxdu.
Məsələylə bağlı futbolçunun üzvü olduğu "Qarabağ” klubunun da mövqeyini öyrənməyə çalışacağıq. /// komanda.az