backend

Qafqazın ürəyinə tuşlanan böyük təhlükə – Qarabağ düyününü kim açacaq...

Qafqazın ürəyinə tuşlanan böyük təhlükə – Qarabağ düyününü kim açacaq...












Dağlıq Qarabağ münaqişəsi zonasında “nə hərb, nə də sülh” vəziyyəti davam edir. Bu, o deməkdir ki, atəşkəs istənilən an pozula bilər. Danışıqlar prosesinin dalana dirənməsini və hərbi əməliyyatlar üçün əlverişli olan yaz mövsümünün başlamasını nəzərə alsaq, müharibə təhlükəsinin hər gün artdığını söyləmək olar.

Xarici analitiklər və “beyin mərkəzləri” də bu xüsusda xəbərdarlıqlar etməkdədir.

***

“2016-cı ilin aprel hərbi eskalasiyasından bir il sonra Dağlıq Qarabağda daha kəskin qarşıdurma təhlükəsi, hər halda, qalır. Bundan sonrakı hərbi əməliyyatlar isə regiondakı humanitar situasiya üçün daha dəhşətli nəticələrə gətirə bilər”. Musavat.com-un “Vestnik Kavkaza” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbəri Maqdalena Qrono özünün münaqişə zonasındakı son duruma həsr etdiyi analitik məqaləsində yazıb.

Ekspert daha sonra 2015-ci ildə Azərbaycanın silahlanmaya 3 milyard dollar xərclədiyini xatırladaraq yazır: “Bakı bunu Rusiya, Türkiyə, İsrail və Pakistandan silah alınması ilə diversifikasiya edib. Bu məbləğ həmin il Ermənistanın ümumi büdcəsinə bərabər olub. İrəvan isə Rusiyanın təqdim elədiyi qiymət və kreditlərdən istifadə etməklə rəqibə çatmağa çalışır”.

Onun qənaətincə, hazırda Qarabağ nizamlanmasına ümid tamamilə yox olub: “Əlbəttə ki, tərəflər arasında qarşılıqlı etimadın bərpa olunmasına yönəlik addımlar atılır, ancaq davamlı dialoq üçün platforma mövcud deyil. Hər iki tərəf müxtəlif səbəblərdən status-kvonu özü üçün məqbul hesab eləmir. İrəvan danışıqlar başlamazdan öncə istəyir ki, təhlükəsizlik təcili şəkildə möhkəmləndirilsin, atəşkəsə zəmanət verilsin. Bakı isə ilk addım kimi Dağlıq Qarabağ ətrafında rayonların qaytarılması da daxil, nizamlama prosesində ciddi irəliləyişə zəmanət istəyir. Tərəflər arasında etimadsızlığın daha da ağırlaşdırdığı dinamika yeni-yeni zorakılıq hallarına gətirməkdədir. Bu da öz növbəsində ciddi lokal və regional risklər vəd edir. Artıq çoxdan münaqişənin nizamlama mexanizmi mövcuddur - ATƏT-in Minsk Qrupu. Lakin üç həmsədr dövlətin - Rusiya, ABŞ və Fransanın dəstəklədiyi dolğun danışıqlar prosesi olmadıqca konflikt Cənubi Qafqazın ürəyində ən böyük təhlükə olaraq qalacaq”.

***

Belə bir təhlükə haqda neçə vaxtdır bir sıra digər nüfuzlu qurumlar, hərbi və siyasi ekspertlər də xəbərdarlıq edir, SOS siqnalı verirlər. Həmin xəbərdarlıqlardan təbi ki, ilk növbədə işğalçı Ermənistan nəticə çıxarmalıdır. Rəsmi İrəvan isə öz beynəlxalq havadarlarına arxayın olaraq, məsələdə konstruktiv mövqe tutmağa tələsmir. Hətta ara-sıra savaş ritorikası sərgiləyir.

Bu arada Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə Toplantısının iştirakçılarına ünvanladığı məktubda Dağlıq Qarabağ məsələsinə də toxunulub.

“Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər irəli sürürük, iri transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir”, - deyə məktubda qeyd edən Azərbaycanın dövlət başçısı Qarabağ mövzusunda bir daha işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə dünyanın diqqətini çəkib: “Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırım törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə status-kvonu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.

***

Gerçəkdən də, əgər Güney Qafqazın “ürəyində” yer almış Qarabağ ixtilafı ilə bağlı birinci böyük təhlükə Beynəlxalq Böhran Qrupunun da vurğuladığı kimi, yeni müharibə riski ilə bağlıdırsa, ikinci və daha ciddi təhlükə erməni tərəfinin, İrəvanın münaqişənin konfessiyalararası qarşıdurma kimi qələmə verməyə çalışmasıdır. Şübhəsiz ki, təcavüzkar bununla ən əvvəl Azərbaycan torpaqlarına və Türkiyəyə qarşı saxta soyqırım iddialarına din pərdəsi altında haqq qazandırmaq niyyəti güdür.
Əfsus ki, əksəriyyəti xristian olan böyük dövlətlər açıq nümayiş etdirməsələr də, gizlində Ermənistana qarşı xristian təəssübkeşliyi sərgiləyir. Hər halda, fakt odur ki, Minsk Qrupunun üç xristian həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa ölkəmizin ərazisinin 20%-ni işğal altında saxlayan Ermənistanı bu günədək də işğalçı adlandırmayıb, əksinə, ona az qala “zərərçəkmiş” kimi baxıb yardım edirlər.

Rusiya ilə bağlı məsələ aydındır. Di gəl, beynəlxalq hüquqdan danışmağı sevən Qərb (ABŞ və Avropa) da işğalçı ölkə ilə işğalçı dilində danışmaq istəmir. Amma Gürcüstan, Ukrayna və Moldovanın separatçı bölgələrinə münasibətdə fərqli yanaşma sərgiləyirlər, işğalçını öz adı ilə çağırırlar. Görəsən, niyə?

Aydın məsələdir ki, işğalçı ölkə beynəlxalq birlik, ələlxüsus da vasitəçi güclər tərəfindən dinc yolla ram edilməzsə, o zaman Qafqazın ürəyinə tuşlanan ən böyük təhlükəni - Qarabağ düyününü məhz Azərbaycan əsgəri açası olacaq. \\musavat.com\\