backend

Hökumət yaşlı nazirlərlə vidalaşır: Yeni kreslo sahibləri kimlər olacaq?

Hökumət yaşlı nazirlərlə vidalaşır: Yeni kreslo sahibləri kimlər olacaq?















Kadr seçimində gənc texnokratlara üstünlük veriləcək

Cümşüd Nuriyev: “Təyinatlarla bağlı vaxt uzana bilər”

Aprelin 12-dək Azərbaycanın siyasi həyatında ciddi dəyişiklər baş verəcək. Belə ki, keçən il Azərbaycan Konstitusiyasına referendumla edilmiş dəyişiklərdən irəli gələrək, vitse-prezident postlarına təyinatlar baş tutacaq. Artıq fevral ayının 21-də I vitse-prezident təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin birinci xanımı Mehriban Əliyeva I vitse-prezident təyin olunub.

Qeyd edək ki, bu postlara təyinatla bağlı müddət aprelin 12-də başa çatacaq. Prezident referendumun qüvvəyə minməsiylə bağlı 6 ay vaxt vermişdi. Sərəncamda Nazirlər Kabinetinə 6 ay vaxt verilir ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin.

Yaşlı nazirlər üçün “qırmızı işıq”

Təyinatların reallaşmasından sonra bir sıra yüksək post tutan komitə sədrləri və nazirlərin öz vəzifələrini itirəcəyi gözləniləndir. Hakimiyyətin 2017-ci il üçün nəzərdə tutulmuş “Yol xəritəsi” də buna əsas verir. Hesab olunur ki, daha çevik, mobil və texnokrat komanda formalaşdırmağı qarşısına məqsəd qoymuş dövlət başçısı “Yol xəritəsi”nin tələblərindən irəli gələrək, xüsusilə, yaşlı dövlət adamlarını komandadan kənarlaşdıracaq. Daha çox iqtisadi və sosial məsələləri bilən mütəxəssislərə yer verəcək hakimiyyətin sistemdən kənarlaşdırılmış nazir və bir sıra dövlət adamlarının digər sahələrdə sınaqdan keçirəcəyi ehtimal edilir. Həmin şəxslərin iri, iqtisadi mərkəz sayılan şəhərlərin rəhbərliklərinə göndəriləcəyi bildirilir.

Yeni postlara kimlər təyin olunacaq?

Vitse-prezident postlarına hansı şəxslərin təyin olunacağına gəlincə, bu barədə dəqiq açıqlama olmasa da artıq böyük ölçüdə bu məsələnin öz həllini tapdığı və yeni postlarında yaxın vaxtlarda vəzifələrinin icralarına başlayacaq şəxslərin adlarının məlum olduğu deyilir. Lakin hakimiyyət daxilindəki klanlar və qruplaşmalar arasındakı çəkişmə, ortaya qoyulan iddialar məsələni uzadır. Hələ I vitse-prezidentin təyinatından sonra vəzifə və səlahiyyət bölgüsü aparılaraq postlara təyinatlar baş tutmalıydı. Amma komandanın islahatçı hesab olunan gənc üzvlərinin yaşlı həmkarlarının bu postlara olan iddialarının əksinə getmələri məsələni müzakirə mövzusuna çevirib. Bütün hallarda isə ayrılmış vaxtın ayın 12-dək başa çatması, deməyə əsas verir ki, bu müddətədək təyinatlar baş tutacaq. Postlara kimlərin təyin olunacağına gəlincə, bu barədə məlumat olmasa da dövlət başçısının daha çox işgüzar və texnokratlara üstünlük verəcəyi dəqiqdir. Bu isə komandanın yaşlı üzvlərinin iddialarının üzərindən xətt çəkə bilər.

“Mən kiməm ki, prezidentə o məsləhəti verim?!”

Hökumət yaşlı nazirlərlə vidalaşır: Yeni kreslo sahibləri kimlər olacaq?









Keçmiş deputat, politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, təyinatlarla bağlı konkret vaxt müəyyən olunmayıb. C.Nuriyev hesab edir ki, təyinatlarla bağlı vaxt uzana bilər:

“Konkret vaxt qoyulmayıb. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Vaxt məsələsini sadəcə, media üçün mövzu kimi ortaya atıblar. Təyinatları nə vaxt edəcəyi prezidentdən asılıdır. Digər yandan həmin postlara kimlərin təyin olacağı haqqında da heç nə deyə bilmərəm. Əslində bu adların çəkilməsi, prezidentin səlahiyyətlərinə müdaxilədir. Xüsusilə, millət vəkillərinə yaraşmır ki, öz namizədlərinin adlarını bu yöndə hallandırsınlar. Kiminsə kimsədən xoşu gələ bilər, amma bu adam işləyə biləcəkmi, prezidentə sədaqətli olacaqmı, öz işini doğrulda biləcəkmi? Hansı statusla prezidentə məsləhət verməliyəm ki, filankəsi bu posta təyin et. Bu doğru deyil. Hansısa təklifi dövlət və prezidentin işinə müdaxilə kimi qəbul edirəm. Siyasi cəhətdən bu mədəniyyətsizlikdir. Dəqiq vaxt yoxdur və olmamalıdır. Çünki prezident kimlə işləyə biləcəksə, onu da təyin edəcək. Mənim deyəcəyim adamın prezidentə nə dəxli var? Mən kiməm ki, prezidentə o məsləhəti verim?!”.