backend

“Böyük müharibə” başlayır: İki nazirin intriqası pik həddə

“Böyük müharibə” başlayır: İki nazirin intriqası pik həddə

Kəmaləddin Heydərov yeni saytlar yaradır, Ziya Məmmədova media-holdinq yaratmaq qadağan edilib; proses ilin sonuna yekunlaşmalıdır

Artıq xeyli müddətdir hökumətdə təmsil olunan iki ən güclü nazirlər arasında ciddi mübarizə gedir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəqliyyat naziri Ziya Məmmədova qarşı açdığı savaş isə bu günün deyil, bir xeyli əvvəlin yaratdığı nüfuz mübarizəsindən doğan addımla bağlıdır.

Qeyd edək ki, Heydərovun Məmmədovla yola gedə bilməməsinən əsas səbəbi iki aspektə əsaslanır. Birincisi, Artur Rəsizadədən sonra baş nazirlik uğrunda gedən mübarizədə nəqliyyat nazirinin AHN şefinə rəqib olmasıdır. Bu üzdə diqqəti o qədər də şəkməyən məqam olsa da, arxa planda bütün problemərin kökündə dayanır.

İkinci məsələ isə şübhəsi iqtisadi maraqlardır. Çünki Ziya Məmmədov son illər bu sahədə xeyli irəli gedərək, artıq əsas rəqib olmaqla yanaşı, həm də təhlükə mənbəyinə çevrilməyə başlamışdı. Belə olan təqdirdə, siyasi oyunların ustası kimi tanınan Heydərov ona qarşı bir sıra addımlar atmağa başladı. “Od olmayan yerdən” çıxan ilk tüstü isə Anar Məmmədovun ayı yeməsindən başladı. Əslində, ortalıqda belə bir şeyin olub, olmadığı bu günə qədər məlum deyil. Amma bu “fakt”dan yararlanaraq, onu gündəmə gətirmək isə FHN şefinin işinə çox yaradı. Hətta bu “mahribənin” başlanması üçün zəmin yaratmaqla yanaşı, həm də rəqibini bu günkü vəziyyətə aslmasına köməklik göstərdi.

Aynar Məmmədov olayı və digərlərinin gündəmə gətirilməsi isə proseslərin ən pik vaxtı üçün nəzərdə tutulmuş və rəqibi küncə sıxmaq üçün düşünülmüş planın tərkib hissəsi sayılırdı. İndi isə vəziyyət tam başqadır və Heydərov nazir həmkarı ilə son, həlledici döyüşə hazırlaşır.

JAM.AZ-ın araşdırmalarına görə, FHN şefi əlindəki media resursları ilə kifayətlənməyərək, digər imkanları da genişləndirməyə başlayıb. Belə ki, artıq bir neçə sayt Heydərovun nəzarətinə keçib. Bundan əlavə isə daha bir neçə yeni sayt yaraılıb ki, aparılan müharibədə onlara yeni cəbhələr açmağa imkan yaratsın.

Bu məqsədlə hər ay külli miqdarda pul xərcləyən Heydərov, son döyüşündə əlindəki bütün “kozır”lardan yararlanacaq. Bəzi iddialara görə, onda Ziya Məmmədovla bağlı tutarlı faktlar var və onları yeni yaradılan saytlar vasitəsi ilə dövriyyəyə buraxmaq fikrindədir. Həmin məlumatlar işıq üzü gördükdə isə ondan əsas saytlar yararlanaraq, gündəmdə saxlamağa başlayacaqlar. JAM.AZ-a məlumat verən mənbə bu faktların olduqca ciddi qalmaqallara səbəb ola biləcəyini də istisna etmir.

Ziya Məmmədova gəldikdə isə nazir çıxılmaz duruma düşməsə də, bir neçə cəbhədə savaşmaq zorunda qalıb. Onun imkanlarını məhdudlaşdıran başlıca amil isə bir müddət əvvəl həyata keçirmək istədiyi media layihəsinə qadağa qoyulmasıdır. JAM.AZ-a verilən məlumata görə, illik büdcəsi 10 milyon dollara yaxın olması nəzərdə tutulan yeni holdinq istəyi yuxarılar tərəfindən rədd edilib. Bundan sonra isə bir neçə sayt yaratmaqla vəziyyəti dəyişmək istəyən nəqliyyat naziri həlledici döyüşdə daha çox, yuxarılarla əlaqələrinə güvənir.

Lakin onun bu əlaqələrə bunca güvənməsi yetərli sayıla bilməz. Çünki bir zamanlar Əli İnsanov, Fərhad Əliyev də eyni düşüncədə idilər. Sonda aqibətlərinin nə olduğu hər kəsə məlumdur. Ancaq Məmmədovun da əliboş oturub, “düşmən”in üzərinə gəlməsini gözləyəcəyi inandırıcı deyil. Şübhəsiz, onun ehtiyatda ciddi “arsenalı” var. Və bu “arsenal”da rəqibinə qarşı əsaslı “silahlar”mövcuddur.

JAM.AZ-a gələn xəbərlər belədir ki, Heydərovla Məmmədov arasındakı gərginlik ilin sonuna qədər bitməlidir. Bu “döyüşdə” kimin qalib gələcəyini demək indidən çox çətindir. Amma hərəkətlilik və hazırlıq baxımından FHN şefi daha güclü görünür. Lakin nəqliyyat nazirini də “zəif bənd” hesab etmək inandırıcı deyil. Hərçənd bu “döyüşdə” kimin qalib gəlməsindən asılı olmayaraq, birinin sıradan çıxacağı, digərinin isə sıradan çıxacaq səviyyədə zəifləyəcəyi dəqiqdir.