backend

Lütvəli Babayev Zərdabda “pambıqla baş kəsir”

Lütvəli Babayev Zərdabda “pambıqla baş kəsir”
















“Zərdab respublikada ən geridə qalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı icra başçısının olduqca zəif fəaliyyətidir”

Daha bir icra başçısı haqqında yaxın zamanlarda qəti qərarın verilməsi gözlənilir. Buna səbəb rəhbərlik etdiyi ərazidən daxil olan şikayətlərin kütləvi xarakter almasıdır. Rubrika.az-a daxil olan məlumatlara görə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin fəaliyyəti ciddi narazılıq yaradır. Artıq nəinki sıravi vətəndaşlar, hətta rayonda olan məmurlar belə etiraz səslərini ucaldırlar.

Xatırladaq ki, L. Babayev 10 ilə yaxındır ki, Zərdab rayonuna rəhbərlik edir. Bu müddət ərzində rayonda sosial-iqtisadi problemlər həndəsi silsilə ilə artıb. Sanki, bu illər ərzində Zərdabın ölkədə müşahidə olunan iqtisadi inkişafdan xəbəri olmayıb. Rubrika.az-a danışan sakinlər bildirirlər ki, rayonda milyonlarla manat dövlət vəsaiti havaya sovrulsa da elə də ciddi işlər görülməyib. Aparılan kosmetik xarakterli təmir işləri də sahibkarların vəsaiti hesabına görülüb.

Media vasitəsilə ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanlayan zərdablılar bildirir ki, “Zərdab respublikada ən geridə qalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütvəli Babayevin olduqca zəif fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi magistral yolları tamamilə yararsız vəziyyətdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb. Rayonun mərkəzi küçələri zibilliklərə, sahibsiz itlərə qərq olub. Bu 10 il ərzində Lütvəli Babayev, ancaq fərqli işlərlə məşğul olub. O, bu 10 ildə rayonda həyata keçirdiyi bir dənə tutarlı işi nümunə çəkə bilməz ki, məsələn, bunun nəticəsində çoxsaylı iş yerləri açılıb. Rayon sakinləri Allahın ümidinə öz başlarını saxlayırlar. Kənd yollarımız keçilməzdir, viran gündədir. Kəndlər, sanki donub, 21-ci əsrin kənd həyatını yaşamırlar. İş yerləri yoxdur, kənd cavanları rayonu tərk edib şəhərlərə üz tuturlar. Buna görə Zərdab respublikada ən yoxsul, şəraitsiz rayondur. Lütvəli Babayevin apardığı siyasətin nəticəsində sahibkarlar öz iş yerlərini bağlayırlar. Dəhşətlisi odur ki, hətta çayxana ilşlədənlər də kimlərəsə haqq verirlər. Rayon sakinləri bu səbəbdən icra başçısından tamamilə narazıdırlar.”

Rubrika.az-a daxil olan məlumata görə L. Babayev gedişi ərəfəsində fəaliyyətinin “son akkordlarını” vurur. Verilən məlumatlara əsasən başçının göstərişinə əsasən sahibkarlardan 500 -1000 manat arası pul yığılır. Lakin adını belə qoyublar ki, guya pambıq əkilməsi üçün pul toplanılır. Görünür dövlət büdcəsindən ayrılan vəsaitlər “kifayət etmədiyi” üçün icra başçısı sahibkarların qüvvəsindən istifadə etmək qərarına gəlib. Amma, sahibkarlar və rayon sakinləri icra başçısının bu “pambıqla baş kəsmə” kompaniyasına bir daha dözmək niyyətində deyillər.