backend

Ağcabədi bələdiyyəsinin sədri məcburi köçkünləri təhqir etdi

Ağcabədi bələdiyyəsinin sədri məcburi köçkünləri təhqir etdi

Görünür Əhmədovlar ailəsinin yaşadığı torpaqlara göz dikən təkcə düşmənlərimiz deyil
Qarabağ müharibəsi zamanı öz dədə-baba torpaqlarından köçkün düşən Əhmədovlar ailəsi Ağcabədi rayonunda sığınacaq tapmışdır. İllərdir sığındıqları ərazidə sakit həyatlarına davam edən Əhmədovlar ailəsinin sükutunu Ağcabədi rayon bələdiyyəsi pozub. Belə ki, Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlər vaxtilə Prezidentin sərəncamı ilə onlara verilən torpaqların indi Ağcabədi rayon bələdiyyəsinin yeni sədri Rəhman Babayev tərəfindən qanunsuz olaraq əllərindən alınması ilə bağlı qaynarxett.az-ya müraciət ediblər. Onların sözlərinə görə sahib olduqları 15 ha ərazinin illik icarə haqqı 300 manat olmasına baxmayaraq bələdiyyə sədri 11 aylıq müqavilə üçün onlardan 800 manat pul istəyib. Onlar da mal-qaranı saxlamaq məcburiyyətində olduqlarından həmin məbləğlə razılaşmalı olublar. Lakin bələdiyyə ödənilən məbləğin yalnız 300 manatının qəbzini verib, geriyə qalan 500 manatın isə xəritə çəkimi, sənədləşmə və s. bu kimi işlərə sərf olunacağını bildirib.
Bir neçə il belə davam edən qanunsuzluq Rəhman Babayevin müqaviləni heç bir xəbərdarlıq etmədən ləğv etməsi ilə sonlanıb. Onun sözlərinə görə yuxarıdan gələn tapşırığa əsasən ya məcburi köçkünlər ərazidən çıxarılmalı ya da uzun müddətli müqavilə bağlanmalıdır. Bunun üçün isə onlardan 2000 manat məbləğində pul tələb olunub.
Məsələ ilə bağlı Rəhman Babayevin qəbuluna düşdük. Çəkilişə icazə verməsə də məsələni ictimaiyətə aydınlatmaq üçün danışıqları görüntüləməyə məcbur olduq. Yəqin elə bələdiyyə sədri də çəkiliş aparmadığımızı zənn edib şikayətçiləri nalayiq sözlərlə təhqir etməyə özündə cürət tapdı. Aranı sakitləşdirməsəydik çox güman ki,tarıma çəkilən əsəblərin sonu dava ilə nəticələnəcəkdi.Üzləşmə zamanı sözü bir-birinin boğazından keçməyən bələdiyyə sədri ilə şikayətçiləri ortaq məxrəcə gətirmək mümkün olmadı. Hər iki tərəf bir-birinin söylədiklərini inkar edib yalan və böhtan adlandırdı.

Bir vaxtlar quzu kəsib “kabab qanlı, igid canlı” deyərək bir süfrədə əyləşən, yeyib-içən tərəflərin arasından qara pişiyin keçdiyi aydın görsənirdi. Ya da yeyib-içmək o qədər güclü olub ki, Rəhman Babayevin onun təsirindən çıxması uzun çəkib. Elə olmasa idi neçə ildir verdiyi sərəncamın qanunsuz olduğunu, vaxtının bitməsinə cəmi bir neçə ay qalmış söyləməzdi.
Yaxşı bəs sərəncam qanunsuz idisə, görəsən Rəhman Babayev hansı haqqla məcburi köçkünlərdən hər il 800 manat məbləğində pul tələb edib. Yox əgər doğurdan da 800 manat dediyi işlərə sərf edilibsə, o zaman niyə həmin işi görən dövlət orqanları sərəncamın qanunsuz olduğunu təsdiqləməyiblər?!
Bir sözlə görünür Əhmədovlar ailəsinin yaşadığı torpaqlara göz dikən təkcə düşmənlərimiz deyil.
Kimliyindən asılı olmayaraq hər bir kəs, öz torpaqlarından köçkün düşənlərə qarşı həm danışıqda həm də davranışda daha humanist olması gərəkdiyini ən azından Prezidentin məcburi köçkünlər barədə verdiyi sərəncamdan anlamalıdır. Ümid edirik ki, Rəhman Babayev də gec olmadan həm bunu, həm də tutduğu vəzifəyə öz mənafeyi üçün deyil xalqa xidmət etmək üçün gətirildiyini anlayacaq və Əhmədovlar ailəsinin problemini tezliklə qanundan kənar deyil, qanun çərçivəsində həll edəcəkdir.