backend

CHP-ni təbrik etmək gərək: Ərdoğan isə... - İsti şərh

CHP-ni təbrik etmək gərək: Ərdoğan isə... - İsti şərh

Türkiyənin 80 milyon əhalisi var. “Hə” ilə “Yox” arasındakı fərqi isə cəmi 1 milyondan bir az çoxdur. Bu onu göstərir ki, referendum qardaş ölkənin qütbləşdiyini göstərir, çünki nəticələr faktiki yarı-yarıyadır, prezident üsul-idarəsini dəstəkləyənlərin üstünlüyü cüzidir. Böyük şəhərlər, ümumiyyətlə, prezident üsul-idarəsinin əleyhinə çıxdı. Ərdoğanı həmişəki kimi bölgələr xilas etdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyədə az öncə seçki nəticələrinin açıqlanmasına dərhal verdiyi reaksiyada qeyd edib. O bildirib ki, referendumun nəticəsi hakim Ədalət və İnkişaf Partiyası və Prezident Rəcəb Təyyub Ərdoğan üçün sürpriz oldu:

“Ərdoğan daha böyük uğura ümidli idi. Məsələn, hakim partiya 55 ilə 60 faiz arasındakı nəticə hesablamışdı. Çünki birincisi, administrativ resurs “Hə”yə işləyir, Milliyətçi Hərəkat Partiyası onu dəstəkləyir, üstəgəl, meydanları yüzminlərlə insan doldururdu. Bunun qarşılığında “Yox” cəbhəsi yalnız Cumhuriyyət Xalq Partiysının lideri Kamal Kılıçdaroğlunun ətrafında toplanmışdı. O böyük “Hə” cəbhəsinə qarşı meydanlarda təkbaşına mübarizə aparırdı, mitinqlərinə də çox adam toplaya bilmirdi, daha çox qapalı zallarda çıxışlara üstünlük verirdi. Buna rəğmən, Kamal Kılıçdaroğlunu təbrik etmək lazımdır, başından hündürə tullana bildi. Sadəcə, qarşı tərəfin arqumentləri də zəif deyildi: “Koalsiyon hökumətlər Türkiyəni uçuruma apardı, inkişafdan geri qaldıq, banklar xortumlandı” – bu, hakim partiyanın əsas şüarı idi. Yəni açıq dilə gətirməsələr də, parlamentarizmin ölkənin inkişafını əngəllədiyini, çevik qərarlar vermək mümkün olmadığını söyləmək istəyirdilər. Ancaq Kılıçdaroğlununun da tezisi zəif deyildi: “Bütün səlahiyyətlər bir nəfərin əlində çəmləşir, birdən həmin bir nəfər səhv qərar verərsə, bunun yükünü dövlət və xalq daşıyacaq”.

E.Şahinoğlu bildirib ki, buna baxmayaraq, cüzi fərqlə də olsa, qalib Ərdoğandır:

“Hakimiyyət Kılıçdaroğlunun dediyi kimi. bir nəfərin əlində çəmləşir. Doğrudur, qütbləşmə var, ancaq bir neçə aydan sonra kimsə bu nəticələri müzakirə etməyəcək. Hamının yadında o qalacaq ki, Ərdoğan qələbə çaldı və prezidentin səlahiyyətləri artdı. Bu gün heç kim prezidentlik sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz. Bu sistemin necə işləyəcəyini, Türkiyəni irəliyə və ya geriyə aparacağını yaxın illər göstərəcək”.

Politoloq vurğulayıb ki, biz yalnız qardaş ölkəyə xeyirli-uğurlu yol arzulayırıq:

“Bu, bizim referendumumuz deyildi. Şəxsən mən parlamentarizmə üstünlük verirəm. Ancaq çoxluğun qərarına da hörmətlə yanaşmaq lazımdır. Türkiyə bundan sonra da Azərbaycanın strateji müttəfiqi olaraq qalacaq, bizim üçün əsas budur”.