backend

Deputat inqilabi planı açdı: Məmurların villaları dövlətə keçir - ÖZƏL

Deputat inqilabi planı açdı: Məmurların villaları dövlətə keçir - ÖZƏL















Millət vəkili Fərəc Quliyev sərt çıxış edib

Deputat hökumətə yeni təkliflər verib. Onun sözlərinə görə, oğurlanmış bu vəsaitlərin büdcəyə qaytarılması mütləq təmin olunmalıdır.

“Ümumi bölümdə dövlət əmlakının özəlləşdirilməsi vasitəsi ilə büdcəyə daxil olmalarla bağlı hissə var. Dövlət əmlakı dedikdə təkcə uzun müddətdir dövlətin sərəncamında olan fabrik, zavod və s. anlaşılmamalıdır.

Bəzi korrupsioner məmurlar tərəfindən oğurlanmış dövlət vəsaiti hesabına tikilən əmlaklar da milliləşdirilərək dövlət əmlakı kimi istifadə olunmalıdır”,-deyə F.Quliyev bildirib.

Deputat yaxınlarda bir neçə sahibi üzə çıxmayan villaların Bakı İH tərəfindən sökülməsini xatırladıb: “Niyə bu əmlaklar sokülməli idi? Axı bu villalar dövlətdən oğurlanmış pulla tikilmişdi.

Onlar dövlət hesabına keçirilərək uşaq bağçası, qocalar evi, turizm məqsədli və.s istiqamətdə istifadə oluna bilərdi. Yoxsa, onsuz da dövlətdən oğurlayıblar və bir miqdar da sökmək üçün vəsai ayırıb daha çox itki vermək israfçılıq deyilmi? Hesablama Palatasının gələcək fəaliyyətində deyilənlərin də nəzərə alınacağına əminliyimi bildirirəm”.

Ulus.Az xəbər verir ki, F.Quliyev iqtidaryönlü deputat olmasa da, hakimiyyətin mövqeyini həmişə müdafiə edib. O, həm də çox fəal olmayan, az-az çıxış edən deputatlardandır.

Amma bu dəfə oldquca sərt danışıb və konkret tələblərlə çıxış edib. Ehtimal olunur ki, bu çıxışlar hökumət “mətbəx”ində hazırlanır və mərhələli şəkildə dövriyyəyə buraxılır.

Ölkə rəhbərliyinin sosial-iqtisadi islahatlarının tərkib hissəsi olan bu planlarda məmurların villalarının dövlət balansına keçirilməsi nəzərdə tutulur.

Hökumət daxilində aparılan son "təmizləmə" əməliyyatından sonra həbs edilən, işdən çıxarılan məmurların mənimsədiyi milyonlarla manat vəsaitlə yanaşı, onların dəbdəbəli villaları da müzakirə mövzusudur.

Mətbuatda ən çox adı hallanan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova, BRTİB-in keçmiş rəhbəri Beytulla Hüseynova, Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalova və digərlərinə məxsus villaların taleyi də hər kəsi maraqlandırır.
Bu villaların məhkəmənin qərarı ilə dövlət tərəfindən müsadirə edilməsi gözlənilsə də, hansı təyinat üçün istifadə ediləcəyi sual altındadır. Ancaq ictimaiyyəti narahat edən məsələlərdən biri də məmurların villalarının sökülməsi təcrübəsidir.