backend

Beynəlxalq skandal: Tramp Ərdoğanı təbrik etməyibmiş

Beynəlxalq skandal: Tramp Ərdoğanı təbrik etməyibmiş











Türkiyədə keçirilən referendumla bağlı yeni skandal ortaya çıxıb

Məlum olduğu kimi, referendumdan sonra rəsmi Ankara referendum zəfərindən sonra Ərdoğanı təbrik edənlərin sırasına ABŞ prezidenti Donald Trampın da qoşulduğunu bildirmişdi. AKP tərəfdarı türk mətbuatının “dünya liderlərindən təbrik” silsiləsində ən önəmli xəbər kimi yaydıqları bu iddia Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən də etiraf olunmuşdu. Prezident Ərdoğan “CNN International”-a verdiyi müsahibəsində Donald Trampla telefon danışığını şərh edərkən, “müsbət siqnallar aldığını” bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, “əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”
ABŞ Prezident Administrasiyasından gələn xəbərlər isə bu məlumatı təsdiqləmir.

Ovqat.com xəbər verir ki, Ağ ev mövzuyla bağlı açıqlamasında “Trampın Ərdoğana zəng etməsi referendumun nəticələrini təsdiq etməsi mənasına gəlmədiyi”ni bildirib.

ABŞ-ın dünyaca məşhur “Politico” qəzetinin Ağ ev yetkililərinə istinadən yaydığı məlumata görə, iki liderin telefon söhbətinin mövzusu Suriya məsələsi olub. Açıqlamada deyilir:

"Trampın Ərdoğanla telefonla danışması referendum nəticələrini tanımaq mənasına gəlmir. Söhbətin məqsədi və məğzi bu yox, Suriya məsələsi kimi ortaq maraqların müzakirəsi olub. Referendumun nəticələrini tanıyıb-tanımamaq qətiyyən Trampın səlahiyyətinə aid məsələ deyil. O, əlbəttə, demokratiyanı dəstəkləyir və buna ümid edir. Prezidentin bir nömrəli prioriteti amerikalıları qorumaq, onları təhlükəsizliyini təmin etməkdir. Bunun üçün də digər ölkələr və bəzi NATO tərəfdaşları ilə birlikdə işləmək məcburiyyətindəyik”.

Ağ ev tərəfindən verilən bu açıqlamanın Türkiyə prezidenti Ərdoğanın “CNN International”-a müsahibəsindən dərhal sonra yayılması da diqqətçəkicidir.