backend

İsrailə aşıq olmuş Azərbaycan...

İsrailə aşıq olmuş Azərbaycan...
“Siz İsraildənsiniz?” – bunu Şamaxıda məndən 50 yaşlı kişi sevinc hissi ilə soruşur. Bu adam nə yəhudidir, nə də İsrailə köçməyə hazırlaşır. O, indicə əl-üzünü yuyub, məsciddə namaza hazırlaşır. Azərbaycanda bu cür müsəlman-sionistlər hər yerdədir”, - İsrailin “İsrael Hayom” nəşrində dərc olunmuş “Qafqazda Avropa” məqaləsində bunu jurnalist Arz Lin yazır.

Virtualaz.org xəbər verir ki, jurnalist ölkəmizdə gördükləri barədə qələmə aldığı yazıda daha sonra deyir: “Mən məktəblilərlə söhbətləşdim, onlar özlərini elə aparırdılar ki, sanki biz çoxdanın tanışıyıq. Axşam taksiyə oturanda isə bütün sürücülər mütləq mənə sübut etməyə çalışırdılar ki, İsraili çox bəyənirlər və bu əla ölkədir”, - israilli jurnalist qeyd edir.

Arz Lin yazısında bir neçə dəfə azərbaycanlıların İsrailə və onun sakinlərinə qarşı mehriban və dost münasibətini vurğulayır. İki ölkənin münasibətlərinin inkişafına nəzər salsaq, burada qəribə heç nə yoxdur. Jurnalist davam edir: “Azərbaycan İsrailə xeyli həcmdə neft ixrac edir və İsrail şirkətləri ilə möhkəm işgüzar əlaqələri var (deyilənə görə, hətta “Dəmir günbəz” raketlərdən müdafiə sistemini də əldə edib). Düşmən ölkələrin əhatəsində bütün çətinliklərə baxmayaraq çiçəklənən İsrail burada brendə çevrilib və nümunə götürüləcək ölkədir. Bizim Azərbaycanda dostlarımız var”, - israilli jurnalist əminliklə söyləyir.

Azərbaycan şiə müsəlman ölkəsidir, lakin açıq və dünyəvidir, başqa sözlə, qonşu İranın baxışlarını paylaşmır. Arz Lin belə yazır.

“Azərbaycanda din insanlara xidmət edir, əksinə deyil. Məhz bu, azərbaycanlıların uzun əsrlər boyu yəhudilərə mehriban münasibətini izah edir. Azərbaycanlılar, xüsusilə, Bakıda turistlərə gülümsəyirlər. Lap Parisdə, Brüsseldə və Berlində olduğu kimi. Qısası, bu, Qafqazda bir Avropadır”, - müəllif qeyd edir.

“Azərbaycanda sizi ucuz qiymətlər, hamının İsrailə mehriban münasibəti və təhlükəsizlik gözləyir. Azərbaycanın qəlbi olan Bakı qəribə tərzdə təhlükəsiz şəhərdir. Burada hətta gecə vaxtı qorxusuz-hürküsüz metroda və avtobusda istədiyiniz yerə tez və rahat çata bilərsiniz. Sizi qətiyyətlə UNESCO-nun Ümumdünya mədəni irsinə daxil edilmiş İçərişəhəri görməyə çağırıram”, - jurnalist həmvətənlərinə səslənir.

Arz Lin məqaləsində Bakının və Azərbaycanın görməli yerlərini sadalayır, muzeyləri və dağ xizəyi kurortlarını qeyd edir, böyük həvəslə Azərbaycan mətbəxindən yazır və müasir memarlıq inciləri olan Heydər Əliyev Mərkəzi ilə “Flame Towers”i vurğulayır.

“Kim özünü avropalı hiss etmək və bununla birlikdə cibinə böyük zərbə vurmaq istəmirsə, nəzərini Qafqazdakı böyük dostumuza – Azərbaycana yönəltsin. Həm də nəzərə alın ki, Bakıya qədər uçuş cəmi 3 saat yarım vaxtınızı alacaq. Azərbaycandan qayıdarkən isə hiss edəcəksiniz ki, yeni dünya kəşf etmisiniz”, - ölkəmiz barədə nəqlini israilli jurnalist belə bitirir.