backend

Büdcəni doldurmağın daha bir yolu: Avtomobillər ildə iki dəfə texniki baxışdan keçiriləcək

Büdcəni doldurmağın daha bir yolu: Avtomobillər ildə iki dəfə texniki baxışdan keçiriləcək
















Ərşad Hüseynov: “Layihənin sonuncu müddəası yeni mübahisəyə yol açacaq”

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün yeni qaydalar tətbiq olunub. Belə ki, Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək. Yəni, il ərzində nəqliyyat vasitələrinin iki dəfə texniki baxışdan keçirilməsi başa düşülür.

Ekspertlər hesab edirlər ki, nəqliyyat vasitələrinin bir dəfə tam olaraq müayinədən, daha sonra isə texniki baxışdan keçirilməsi büdcəni doldurmaq üçün hesablanmış növbəti variantdır. Çünki kəsiri olan büdcə müəyyən əlavə vəsaitlərlə kompensasiya olunmalıdır.

"Yol hərəkəti haqqında" qanuna dəyişikliklər təklif edilir. Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Layihəyə əsasən, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin - istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməsi nəzərdə tutulur.

Qanuna əsasən, istehsal olunduğu vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur. Bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, əslində nəqliyyat vasitələrinin ildə iki dəfə texniki baxışdan keçirilməsindən söhbət getmir: “Proses eynidir. Yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq bu layihə ölkəmizdə avtomobillərin digər mexaniki nəqliyyat vasitələrinin, Dövlət Yol Polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri arasında yaranan bir mübahisəyə son qoyacaq. Layihə qeydiyyat zamanı, o cümlədən, avtomobiil bir addan başqa ada keçirərkən texniki baxışın keçirilməsi məsələsinə aydınlıq gətirir. Hazırkı qanun bu halda texniki müayinənin keçirilməsini, yəni, nəqliyyat vasitəsinin nömrələrinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində avtomobil barədə məlumatın yoxlanılmasını nəzərdə tutur. Bu isə texniki baxış deyil, yəni, belə halda avtomobilin işlənmiş qazlarının tərkibi, işıq cihazları və texniki baxış üçün xarakterik olan digər aqreqat və detalları yoxlanıla bilməz.

Təcrübədə isə çox vaxt həmin müayinəni də texniki baxış kimi həyata keçirməyə və nasazlıq olduqda qeydiyyatdan imtinaya cəhdlər olurdu. Bu layihə qəbul edildikdən sonra isə ilkin və təkrar dövlət qeydiyyatı zamanı yalnız bir halda texniki baxışın keçirilməsi məcburidir. Əgər qeydiyyatın həyata keçirildiyi ildə avtomobil texniki baxışdan keçirilməlidirsə və qeydiyyat gününədək keçirilməyibsə, qeydiyyat zamanı texniki baxış da keçirilməlidir. Digər hallarda, yəni, əgər həmin il avtomobil texniki baxışdan keçirilməli deyilsə, yaxud avtomobil artıq həmin il üçün texniki baxışdan keçirilmişdirsə, qeydiyyat zamanı texniki baxış tələb edilə bilməz. Hesab edirəm ki, layihənin bu məzmunda qəbulu yuxarıda toxunduğum mübahisəyə aydınlıq gətirəcək”.

Ekspert qeyd edib ki, bu dəyişiklikdən sonra dövlət qeydiyyatı zamanı alınan dövlət rüsumlarının məbləği də dəyişilməyəcək: “Çünki hazırda həyata keçirilən texniki baxış həm də texniki müayinəni əhatə edir. Bu səbəbdən qeydiyyat zamanı texniki baxış da məcburidirsə və həyata keçirilirsə, buna görə əvvəlki kimi yenə də cəmi 20 manat dövlət rüsumu alınacaq. Lakin ola bilər ki, "Dövlət rüsumu haqqında" Qanuna xüsusi dəyişiklik edilməklə bu hal üçün fərqli rüsum müəyyən edilsin. Layihənin nəzərdə tutduğu başqa bir mühüm yenilik isə odur ki, ilkin və ya təkrar qeydiyyat zamanı texniki baxış məcburidirsə, nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinin yalnız I və II hissələrində nəzərdə tutulan nasazlıqlara görə texniki baxışdan keçə bilmədikdə qeydiyyat aparılmır və həmin nasazlıqlar aradan qaldırılana qədər aparıla bilməz. Başqa sözlə, avtomobilin yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində olan nasazlıqlar qeydiyyatdan imtina üçün əsas ola bilər. Digər nasazlıqlar (məsələn, şüşələrdəki, təkərdəki, işıq cihazlarındakı, mühərrikdəki problemlər və s.) qeydiyyatdan imtina üçün əsas deyil və avtomobil bu səbəblərdən nasaz olsa da, qeydiyyat həyata keçirilməlidir”.

“Məsələyə belə səmərəsiz yanaşma yolverilməzdir”

Ərşad Hüseynov əlavə edib ki, layihənin sonuncu müddəası, yəni, yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində nasazlıq olduqda qeydiyyatdan imtina edilə bilməsi yaxşı təcrübi perspektiv vəd etmir və fikrimcə, yeni mübahisəyə yol açacaq: “ Belə çıxır ki, qeydiyyat zamanı texniki baxış məcburi olsa da, tam həcmdə keçirilməyəcək. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsi Qanunun 30-cu maddəsində göstərilən dövriliyə uyğun vaxtında texniki baxışdan keçiriməlidir. Yəni, məsələn, aprel ayında alınan "Mercedes" markalı minik avtomobili həmin il texniki baxışdan keçirilməlidirsə, həmin iki element üzrə texniki baxışdan keçirilərək alqı-satqı rəsmiləşdiriləcək, bir aydan sonra isə həmin avtomobil adi dövriliyə uyğun olaraq tam texniki baxışdan keçirilməlidir. Düşünürəm ki, bu məsələyə belə səmərəsiz yanaşma yolverilməzdir. Ona görə də yaxşı olar ki, layihədə düzəliş edilsin, qeydiyyat zamanı texniki baxışın məcburi olacağı haldə baxışın tam həcmdə keçirilməsi təsbit edilsin və həmin il üçün yenidən texniki baxışın keçirilməli olmadığı birbaşa göstərilsin”.