İslam Oyunlarında ölkə necə qorunacaq?

272

İslam Oyunlarında ölkə necə qorunacaq?













Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına sayılı günlər qalıb. Rəsmi açıqlamalara görə, artıq oyunlarla bağlı hazırlıqlar yekunlaşdırılır. 12-22 may tarixləri arasında keçirilməsi planlaşdırılan bu idman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub

Məlum olduğu kimi, son zamanlar artıq Avropanın ən təhlükəsiz hesab edilən şəhərlərində belə terror hadisələri törədilir. Xüsusilə də terrorçuların əsasən Şərq ölkələrinə bağlılığını nəzərə alarsaq, oyunları izləmək üçün ölkəyə gələn turistlərin arasında terror təşkilatları ilə əlaqəli şəxslər ola bilərmi? Ekstremal halların qarşısını almaq üçün nə edilməlidir?

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a bildirib ki, bunun üçün bir neçə istiqamətdə təhlükəsizlik tədbirləri alınmalıdır: “Məlumdur ki, oyunlarla bağlı Azərbaycana 57 ölkədən 6000-ə yaxın idmançı gələcək. Bütün bunların hamısına nəzarət etmək üçün təbii ki, ilk olaraq idmançıların arasında onların təhlükəsizliyini təmin edən şəxslər də məsuliyyət daşıyırlar. Ümumiyyətlə, qrup gələn zaman həmin qrupun özünün təhlükəsizliyini təmin etmək onları göndərən ölkənin üzərinə düşür. İkinci variant budur ki, həmin ölkələrlə qəbul edən ölkənin xüsusi xidmət, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq müqaviləsinin mövcudluğundan asılı olmayaraq qarşılıqlı şəkildə təhlükəsizlik təmin edilməlidir. Üçüncüsü də onu qeyd edə bilərik ki, həmin şəxslər Azərbaycana gəlmədən öncə onların haqqında bütün məlumatlar toplanır. Bunun əsasında da yoxlama prosesi keçirilir. Digər tərəfdən, həmin qrupların yaşadıqları və idman oyunlarının keçirildiyi yerlərdə də təhlükəsizlik təmin olunmalıdır. Bundan başqa, hər hansı bir terror qorxusu və ya digər təhdid varsa, onların şəhərdə hərəkət edəcəkləri marşrutlar üzrə də yoxlama prosesləri həyata keçirilməlidir. Təkcə qrupun özündə deyil, ümumiyyətlə, hər bir rayon öz ərazisində yaşayan idmançıların və iştirakçıların təhlükəsizliyinə tam təminat verməlidir. Bundan başqa, idman qurğularının da ətrafında təhlükəsizlik zolağının yaradılması və içəridə təhlükəsizliyin təmin edilməsi vacibdir. Belə bir məqamda Azərbaycanın hüquq-mühafizə orqanlarında kimin üzərinə nə düşürsə, həmin prosedurları tam şəkildə həyata keçirməlidirlər”.

Ekspert bildirib ki, Azərbaycanda müharibə şəraitinin olduğunu heç zaman unutmaq lazım deyil: “Unutmaq lazım deyil ki, Azərbaycanda müharibə şəraitidir və Dağlıq Qarabağ münaqişəsi prioritet istiqamətdir. Buna görə də erməni terroru da başlıca məsələlərdən biridir. Onların isə əsas dəsti-xətti nəqliyyat məsələləridir. Yəni həm suda, həm quruda, həm də metroda bütün lazımi təhlükəsizlik tədbirləri görülməlidir. Bu ərazilərə də cavabdeh şəxslərin hamısı üzərilərinə düşən funksiyanı tam olaraq yerinə yetirməlidirlər. Bəli, yarışa müsəlman dövlətlərindən gəldiklərinə görə onların aralarında terror təşkilatları ilə əlaqəli olan şəxslərin aydınlaşması, birbaşa olaraq həm qrupun təhlükəsizliyini təmin edənlərin, həm də Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarının üzərinə düşür. Bunu da tam şəkildə aydınlaşdırmaq üçün hava limanından başlayaraq, yarışların keçirildiyi yerə qədər nəzarət olmalıdır. Son aylar DTX-nin əməliyyatlar keçirməsi, terrorun qarşısının alınması plan üzrə gedən məsələlərdir. Lakin belə bir tədbirlər olan zaman bunun ayrıca planı olur və koordinatlı şəkildə həyata keçirilir. Yəni iki məsələ bir-birindən fərqlidir”.