backend

Azərbaycanda səs salan “Oazis” davasının detalları - TƏFƏRRÜAT

Azərbaycanda səs salan “Oazis” davasının detalları - TƏFƏRRÜAT

Hətta restoranın sahibi Mirtalib də onları döyüb.

“Yeni Müsavat” hadisə yerində oldu, ortaya ilginc detallar çıxdı; dava ilə bağlı həbslər başladı.

Bakının məşhur restoranlarından sayılan “Oazis”də baş verən kütləvi dava ölkənin əsas mövzularından sayılır. Məlumdur ki, artıq əksər həmkarlarımız bu hadisənin izinə düşüblər və ortaya ilginc detallar çıxıb.

Hadisənin ilkin təqdimatından bəlli olmuşdu ki, müştərilərdən biri ilə restoranın ofisiantları arasında başlanan “söz atışması” daha sonra öz yerini qanlı döyüşə verib. Hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərov (təzyiqə məruz qaldığı iddia edilən ailənin başçısı) mediaya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirmişdi. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün “Oazis”də 15 nəfərlik yer götürübmüş, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib də onları döyüb.

Dava nədən başlayıb?

Sentyabrın 4-də “Yeni Müsavat”ın əməkdaşı öncə müştəri qismində “Oazis” restoranında olub. Restoranın Rövşən adlı administratoru ilə ad günü keçirmək adı ilə danışıqlar aparan müxbirimiz ondan 2 gün öncə sözügedən məkanda baş vermiş davanın təfərrüatlarını soruşub. Administrator bildirib ki, təmsil etdiyi restoranda müştəriyə qarşı elə bir hərəkət törədilə bilməz: “Sadəcə, həmin qonaqlar dava axtarırdılar. Bir neçə dəfə dava salmaq istəyiblər, alınmayıb. Sonra ofisiantı çağırıb, dava salıblar. Özü də onun xanımının yaxasında düymə yox idi. Boğazlı paltar geyinmişdi. Dava salan kişinin özü köynəyinin düymələrini açıq qoymuşdu. 10 ildə belə bir şey eşitmisiz bizim barədə? Dava olmasın deyə biz spirtli içki vermirik, istəyən özü ilə alıb gətirir”.

Administrator məlum davanın başlanma anı ilə bağlı da detalları açıqladı. Dedi ki, dava salan qrupun yan masasında xanımlar oturub: “O, öz ailəsinin yanından uzaqlaşıb, oradakı qızlardan birini rəqsə dəvət edib. Qız rəqs üçün razılaşıb. Amma onunla oynayan adam az qala köynəyini soyunub. Biz ona demişdik ki, olar siz yaxanızı bağlayasınız? O da başlayıb söyüş söyməyə. Bizimkilər kənara çəkiliblər. O da gedib qapının ağzına, başlayıb bizim mühafizə xidmətinin işçiləri ilə dalaşmağa. Ondan sonra gəlib ofisiantla dalaşıblar, onu vurublar...”

Administrator təxmin edir ki, ailə hesabı ödəməmək üçün qəsdən dava salmış da ola bilər. Əks halda bu dava üçün heç bir səbəb olmayıb.

“Qız söhbəti”, yoxsa...

Əməkdaşımız daha sonra “Yeni Müsavat”ın müxbiri kimi restoranın baş administratoru Azad Tomayevlə danışıb. A.Tomayev baş vermiş insidentlə bağlı fərqli detalları açıqlayıb: “Bu obyekt 10 ildir işləyir. Hacı obyektidir. O tərbyəsizliyi heç kim edə bilməz. Kiminsə yoldaşı dura-dura yaxınlaşa bilməz ki, xanımınızın yaxasını bağlayın. O, kor deyil, şikəst deyil. Öz məclisləridir. Bunlar ailələri ola-ola üzbəüz masada oturan 4 qıza qarşı biədəb hərəkətlər edilib. Digər stollarda oturanlar bu adamın hərəkəti ilə bağlı şikayətlər edib. Mühafizəni göndərdik ki, özünüzü ələ alın, burada ailələr var. Dedilər ki, elə bizim də ailəmiz var. Mən də dedim, əgər sizin də ailəniz varsa, lap yaxşı, daha diqqətli olun. Qayıtdılar ki, xeyir ola, bu qızlara görə siz bizə söz deyirsiz? Dedik ki, ailəvi istirahət mərkəzidir, siz ünvanı səhv salmayın”.

A.Tomayev dedi ki, müştərinin bu rəftarından sonra ona mədəni olması ilə bağlı bir daha məsləhət verilib: “Dedim ki, bizim üçün fərqi yoxdur - siz və ya digər müştəri. Müştərinin də çoxu ailəlidir. Ailəli olduğu üçün burda artıq-əskik söhbətlər istəmirik. Kimsə oynamaq istəyirsə, diskotekaya getsin. Siz burada ab-havaya baxıb hərəkət etməlisiniz. İçəri girəndə görməlisiniz ki, siz səhv yerə gəlmisiniz. Burada qapalı kabinetimiz yoxdur, açıq şou zalıdır”.

Müsahibimiz təxmin edir ki, bütün baş verənlər hazırlanmış bir plan olub. Belə ki, dava salan dəstə özü ilə hətta qaz balonu da gətiribmiş: “İnanın ki, qaz balonuna qədər çıxardılar. Elə bil ki, hazırlanmış bir hadisə idi. Mühafizəçilər bunları sakitləşdirirlər, ”can, qurban olum, başına dönüm" deyərək, hər şeyi yoluna qoymağa çalışırlar, amma alınmır. Məsələn, dava salanlardan biri əsəbi idi. Ofisiant buna su süzdü ki, içib sakitləşsin. Götürüb ofisiantı söydü. Ondan sonra daha pis dava düşdü. Ofisiant da dedi ki, mənim nə günahım var, günü 12 manata işləyən adamam".

Baş administrator bildirdi ki, restoranın sahibi Hacı Mirtalib Mirioğlunun davaya şəxsən müdaxilə etməsi, qonaqlardan birinin başına butulka ilə vurması söhbəti ağ yalandır. Onun sözlərinə görə, Hacı davanı eşidəndən sonra restorana gəlib: “10 ildə mətbuatda heç bizim haqqımızda nəsə pis bir şey eşitmisiz? İçki vermirik, içəri kişi kampaniyası buraxmırıq. 5 kişinin gəlib burada oturması mümkün deyil. Biz icazə vermirik”.

Hesabı ödəmədən gedən bütün müştərilər və “ər mənimdir, icazə vermişəm qızlarla oynasın” deyən qadın...

Müsahibimiz dava salan kişinin həyat yoldaşı ilə bağlı ilginc detalı da açıqladı. Dedi ki, həmin xanım şəxsən baş administratora “ər mənimdir, icazə vermişəm ki, gedib qızlarla oynasın” deyə etiraz edib: “Bu adamlar çıxırdılar masanın üstünə, qonaqların üstünə bakal atmaqdan tutmuş hər şeyə qədər edirdilər. Hər şeyi vurub qırırdılar. Məqsədli şəkildə edirdilər hər şeyi”.

Konkret restorana dəyən ziyana gəlincə, A.Tomayev bildirdi ki, dava düşdüyü üçün həmin gün gələn qonaqlar hesabı ödəmədən məkanı tərk ediblər. Bu isə üst-üstə 12-13 min manatlıq hesab olub: “Əmlaka vurulan ziyanın məbləği isə 40-50 min manatdan az olmadı. Təsəvvür edin ki, o davada ən azı 50-60 stol-stul sındı. Restoranın 6-7 nəfər işçisi isə xəsarət aldı. İşçilərimizdən birinin gözündə zədələnmə, eləcə də çanaq sınığı var. Başından çəngəl ilə vurmuşdular. Əlində tikişi var. O ailədən şikayətçiyik. Gəmidə oturub gəmiçi ilə dalaşıblar. Biz restoran işlədirik. Hacı bizim ağsaqqaldır. ”Azəri", “Röya” da bizim restoranlardır. Bu adam 20-22 ildir ki, bu işin içindədir. Bəyəm biz bilmirik ki, qonağı necə qarşılamaq lazımdır? Biz ofisiantları 3 dəfə təlimatlandırırıq. Hər şeyi instruktaj edəndən sonra xidmətə buraxırıq. Bura şadlıq sarayı deyil, restorandır. Harada görünüb ki, restoran ofisiantı qonağın geyiminə qarışsın?"

Baş administrator bir daha xatırlatdı ki, əgər dava salan tərəfin ilkin xoşagəlməz hərəkətlərinə qonaqlar tərəfindən şikayət gəlməsəydi, bu insident də baş verməyəcəkdi: “Şikayət olmuşdu onlardan. 6 nəfər pəzəvəng oğlan idi, özünü də apara bilmirdi. Demişdik ki, camaat burada ailəsi ilə istirahət edir, xınayaxdı var, ailəsi ilə oynamaq istəyənlər var. Qonaqlar oyun meydançasına sizə görə çıxa bilmirlər. Bunların xətrinə dəydi ki, mən Yasamal uşağıyam-filan. Halbuki nə dəxli var, sən kimsən? Sonra da qayıtdılar ki, bəs siz dünən gəlmisiz, biz bu gün. Nə olsun axı? Bunun mətləbə nə dəxli var ki?”

“Oazis”in sahibi də danışdı

Mirtalib Mirioğlu isə hadisə barədə axar.az-a bunları deyib: “Restoranda xanım kollektivi var. Kimsə qardaşı və həyat yoldaşı olmadan restorana gəlibsə, o demək deyil ki, kimlərsə onları narahat edə bilər. Xanımlar tanımadığı şəxslərin onlara qarşı kobud davranması və onları narahat etməsi ilə bağlı restoranın mühafizəçilərinə məlumat veriblər. Restoranın işçiləri məsələni aydınlaşdırmaq istəyərkən olay daha da böyüyüb və kütləvi davaya çevrilib. Masadakı boşqablar və pəncərələr sınıb. İşçilərdən 3 nəfər xəsarət alıb”.

Restoran sahibi mühafizəçilərin həmin şəxsə həyat yoldaşı ilə bağlı “get arvadına de, yaxasını bağlasın” məsələsinə də aydınlıq gətirdi:

“Necə fikirləşirsiz, kim kimə elə söz deyər? Heç olmasa, elə bir şey uydursunlar ki, inandırıcı olsun. Mühafizəçi onun özünə irad tutub ki, paltarınızı düymələsəniz yaxşı olar, qarnınız çöldə qalıb. Həmin vaxtı da dava düşməyib. Davanın düşməyinə səbəb bunların mütəmadi olaraq yan masadakı xanımları narahat etməsi olub. Ən dəhşətlisi isə odur ki, həmin şəxsin xanımı ərinin başqa xanımlara söz atmasına haqq qazandırırdı. Biz onun əri ilə söhbət edəndə arvadı qışqırırdı ki, ər mənimdir, özüm bilərəm, yaxşı edir xanımlara ilişir”.

Restoran sahibi onu da dedi ki, elə dava da bu sözlərdən sonra baş verib: "Biz həmin şəxsi sakitləşdirmişdik. O, içkili olduğu üçün nə danışdığını bilmirdi. Amma o, ofisiantı şapalaqladı, dava da ondan sonra düşdü. Videoda özünüz də görəcəksiniz ki, butulkaları işçilərimin başında necə sındırırlar, bıçağın arxası ilə dayanmadan yüzdən çox zərbə vurublar".

“Oazis”in sahibi bildirib ki, dəyən zərərlə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edilib və zərərin ödənilməsi tələb olunur.

Dava iştirakçısı: “6 nəfərlə mühafizəçiləri və ofisiantı döyüb stolları aşırmağa gücümüz çatardı?”

“Yeni Müsavat” hadisə ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. Amma onları tapmaq mümkün olmadı. Amma davada iştirak etdiyi bildirilən Vaso Şəfiyev facebook səhifəsində restoranın baş administratorunun açıqlamalarını yayaraq belə şərh verib: “Əslində bu ”kişi" danışan kimi heç nə olmayıb... Sadəcə, günahsız olmadığımızı necə sübut edəcəyimiz qalıb. Bildiyim qədəri ilə media gərək araşdıra, sonra xəbər yaya. Belə xəbərlər istintaqa çox pis təsir edir. Xəsarət alan Ravid Abdullayev, Emil Tumasov və Zaur Əsgərov göz qabağındadır. Yəni kimsə düşünür ki, biz 6 nəfərlə mühafizəçiləri və ofisiantı döyüb stolları aşırmağa gücümüz çatardı? Binəqədi polisinin işi şəffaf görəcəyinə inanıram və qardaşlarımın da hər üçünə tezliklə şəfa diləyirəm. Hər şey tərbiyəsiz ofisiantın sözlərindən sonra başladı".

Sonda qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi açılıb.

qaynarxett.az xəbər verir ki, dava iştirakçılarından biri - Ravid Abdullayev həbs edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi açılıb. Hazırda xəstəxanada olan davanın digər iştirakçısı Zaur Əsgərov bildirib ki, bir azdan onun da həbs olunması gözlənilir.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.