backend

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

















Böyük pulların saxlanıldığı yer dəqiq məlumdur

Azərbaycanın qocalmış quru yataqlarının təkrar istismara açılması təxminən 50 il sonra mümkün olacaq.

İstiPress-ə müshabə verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hələ ki quyularda qalmış neftin çıxarılması çox baha başa gələ bilər:

“Bu neftin çıxarılması şist yataqlarının istismarı kimi çox baha başa gələ bilər, yəni barrel üzrə 50 dollardan baha başa gələ bilər. Bizdə hazırda neft hasilatı bundan qat-qat ucuz başa gəlir. Məsələn, Dövlət Neft Şirkəti dəniz yataqlarında neftin barrelini 20 dollara çıxarır. “BP”nin çıxardığı neft isə 6-7 dollara düşür. Hər şey yatağın qocalmasından asılıdır”.

Ekspertin sözlərinə görə, yataqların istismarı zamanı maya dəyəri yatağın işlədildiyi müddətdən və tətbiq edilən texnologiyadan asılıdır:

“Neft gil laylarının arasındakı boşluqlara yığılır. Yataqda ilk quyu qazılarkən ilk vaxtlar neft fontanla özü yuxarı çıxır. Daha sonra neft oradan çıxarmaq üçün əlavə texniki quyular qazılır, layalara su və ya qaz vurulur ki, neft üzə çıxsın. Yataqdakı geoloci ehtiyatlar şirkətin istifadə etdiyi texnologiyanın səviyyəsinə uyğun olaraq çıxarıla bilir. Məsələn, Dövlət Neft Şirkəti hazırda yataqlardan mövcud ehtiyatın 25 faizini çıxara bilir. BP isə Azərbaycana gələndə ehtiyatların 40 faizini çıxara bilirdi. Hazırda bu, 50 faizə qalxıb”.

Neft Kimya Akademiyasının əməkdaşları isə yataqların sənaye üsülü ilə istismarının ilk illərində, yəni 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində istismar edilən yataqlardan ehtiyatların yalnız 15 faizinin çıxarıldığını bildirirlər.

Bu baxımdan Abşeronun quru yataqlarında 3 milyard tondan çox neftin çıxarılmamış qaldığını güman etmək olar. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu yaxınlarda Azərbaycanın quru yataqlarından indiyə kimi 971 milyon ton neft çıxarıldığını bildirib.

Təbii ki, bu yataqların böyük əksəriyyəti, xüsusilə də Abşeron yarımadasında olanların çoxu artıq istimar edilmir. Amma bu yataqlarda təxminən 1 trilyon dollar gəlirin saxlandığını ehtimal etmək olar. 3 milyon ton neft təxminən 22 milyard barrel deməkdir. İndiki qiymətlərlə bu, 1 trilyon dollar vəsait deməkdir.

İlham Şaban bu yataqların işlənməsinin perspektivini ABŞ-ın şist yataqlarının taleyi ilə müqayisə edir:

“Neftin qiyməti 100 dollardan yuxarı olmalıdır ki, bu yataqlara sərmayə cəlb etmək mümkün olsun. Bu baxımdan ABŞ-ın şist yataqları 2009-2014-cü illərdə böyük sərmayələr cəlb edə bildilər. Bunun nəticəsində çıxarılan neftin maya dəyəri də barrel üzrə 40-45 dollara qədər aşağı salındı. Hələ ki, yaxın illərdə neftin qiyməti elə də baha proqnozlaşdırılmır. Buna görə də Azərbaycanın hasilatı dayandırılmış quru yataqlarına yaxın illərdə iri sərmayələr yatırılacağını ehtimal etmək çətindir”.

Dünya bazarında neftin qiyməti qalxdıqca bu yataqların yenidən istismar edilmək şansı artır. Amma əsas şərt texnoloji inkişafdır. İndi qərbdə şist texnologiyaları elə inkişaf edib ki, neftin barrelinin maya dəyəri 30 dollara qədər düşüb. Bu, Azərbaycanın bir barrel nefti 40 dollardan çıxaran bəzi quru yataqları ilə müqayisədə xeyli ucuzdur.

İlham Şaban texnoloji inkişaf nəticəsində Azərbaycanın hasil edə biləcyi neftin qat-qat çox ola biləcəyini bildirir: “Kim bilir, bəlkə gələcəkdə 10-12 min metr dərinlikdən neft çıxarmaq mümkün olacaq və Azərbaycan aşağı qatlarda olan zəngin neft yataqlarını la istismar edə biləcək. Hələ ki, biz 6 min metrdən dərinə enə bilmirik”.