backend

Məmurlar panikada: təhsil idarələrində həbslər başlana bilər - Korrupsiya

Məmurlar panikada: təhsil idarələrində həbslər başlana bilər - Korrupsiya
















Bəzi regional təhsil idarələrində həbslər başlana bilər

Bu barədə Ulus.Az-ın verdiyi xəbərə görə, RTİ-lərdə aparılan yoxlamalar və korrupsiya faktlarının üzə çıxması belə bir zərurət yaradıb.

Yaxın vaxtlarda RTİ-lərdə vəzifəli şəxslərin korrupsiya və rüşvət ittihamı ilə həbs olunacağı istisna edilmir.

Təhsil Nazirliyi tərəfindən yerli xərclərin şəbəkəsində bir sıra nöqsan və uyğunsuzluqlar aşkar edilib.

Nazirliyin illik hesabatında qeyd olunub ki, bunların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və görülməkdə davam edir.

Yerli təhsil idarəetmə orqanları ilə birlikdə aparılan monitorinqlər zamanı ilkin olaraq 83 ümumtəhsil müəssisəsində 331 işçinin iş vaxtı iş yerində olmaması (bu hesaba 4.0 min manat qənaət edilib), məktəbdənkənar müəssisələrdə 17 qrupun faktiki fəaliyyət göstərmədiyi aşkar edilib.

Gəncə şəhəri, Samux, Qazax və Tovuz rayonlarının təhsil müəssisələri üzrə ümumilikdə 372 gəlir vergisi üzrə güzəştlərə əsasverici sənədlərin saxta olduğu müəyyənləşdirilərək vergi güzəştləri ləğv olunub.

Kommunal xidmətlərin monitorinqi nəticəsində Sumqayıt və Gəncə şəhərlərinin təhsil müəssisələrində zirzəmilər və digər qızdırılmayan sahələri qızdırılan sahə kimi qəbul edilməklə, istilik xərclərinin şişirdilməsi müəyyən edilib.

Ulus.Az-ın verdiyi xəbərə görə, regional təhsil idarələri rayon icra başçıları ilə əlbir işləyirlər və korrupsiya bataqlığında çabalayırlar.

Sözün qısası, Hesablama Palatasının son illərdəki auditləri demək olar əksər ləğv edilən rayon və şəhər təhsil şöbələrində korrupsiyanın “at oynatdığından” xəbər verirdi.

Belə görünür, ölkədə təhsil naziri dəyişsə də, təhsil sistemində müsbətə doğru dəyişən çox şey yoxdur.

Halbuki Mikayıl Cabbarov təhsil naziri postuna gətirildikdən sonra bir çoxları xeyli optimist idi: onlar hesab edirdilər ki, sabiq təhsil naziri Misir Mərdanovun dövründə təhsil sistemini ağuşuna alan rüşvət və korrupsiya halları aradan qalxacaq. Amma necə deyərlər, “sən saydığını say…”

Təkcə Hesablama Palatasının mütəmadi açıqladığı hesabatlar rayon və təhsil şöbələrinin yeyinti, mənimsəmə caynağında çapaladığını ortaya qoyurdu.

Belə məlum olur ki, ölkə təhsili ilə bağlı son illərdə dəyişən ancaq sahəyə cavabdeh nazirin kimliyidir. Bu sahədə korrupsiya və rüşvətxorluq isə olduğu kimi qalır. Obrazlı desək, “köhnə hamam, köhnə tas”.