backend

AXCP üzvü Gürcüstandakı səfirliklərin birinə sığındı

AXCP üzvü Gürcüstandakı səfirliklərin birinə sığındı

Gənc fəal dövlətə xəyanətdə və dələduzluqda ittiham edilir

Rəsul Mürsəlov: "Hazırda təhlükəsizlik baxımından, yerimi deyə bilmərəm... Ölkəyəm qayıtsam, həbs ediləcəm. Bununla da ömürülk həbsdə qalacam. Azərbaycandan elə çıxmışam ki, hətta ailəmlə belə görüşə bilməmişəm”.

Keçmiş vicdan məhbusu Rəsul Mürsəlov avqustun 8-də ölkəni tərk edərək, Gürcüstandakı xarici ölkə səfirliklərindən birinə sığınıb. Bu barədə sosial şəbəkələrdə gənc fəalın özü məlumat yayıb. O, bildirib ki, onunla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi açılıb.

Dövlətə xəyanət maddəsinin irəli sürülməsinə səbəb kimi, Rəsul Mürsəlovun 1-4 avqust tarixlərində Gürcüstanda keçirilən təlim çərçivəsində ermənilərlə görüşü əsas gətirilib. Dələduzluq maddəsi isə guya gənc fəalın 2008-ci ildə bankdan 1000 manat kredit götürməsi ilə bağlı irəli sürülüb.

Musavat.com-a açıqlamasında gənc fəal hazırda Gürcüstandakı xarici ölkə səfirliklərindən birinə sığındığını və ona qarşı cinayət işi açıldığını təsdiqləyib: "Sosial şəbəkələrdə yazılanlar həqiqətdir. Mənə qarşı artıq iki maddə ilə cinayət işi açılıb. Səbəb kimi, Gürcüstanda təlim çərçivəsində ermənilərlə görüş göstərilir. Təlim sülh danışıqları mövzusunda idi. Təlim 1-4 avqust tarixlərində müharibənin alovlandığı dövrə təsadüf etdi. Gürcüstandan qayıdandan sonra daim məni təqib edirdilər. Ailəmi də narahat etməyə başladılar. Açıqca ailəmə deyiblər ki, Rəsula qarşı iki maddə üzrə cinayət işi açılıb”.

Rəsul Mürsəlov özünə qarşı cinayət işinin açılmasını siyasi fəallığı ilə əlaqələndirdi: "Yalandan deyirlər ki, 2008-ci ildə guya mən bankdan 1000 manat kredit götürmüşəm. Amma rayon qeydiyyatındayam və heç zaman kredit borcum olmayıb. Ölkədən çıxandan sonra yaşadığım kirayə evinə mülkü geyimlilər gəlib və məni axtarıblar. Hazırda yerimi demək üçün ailəmə basqı edilir. Bütün bunların siyasi fəallığımla əlaqədar olduğunu düşünürəm. Əsas da Gürcüstandakı treninqdə sülh haqqında danışmağımdır. Hakimiyyət isə sülh istəmir. Treninqdə erməni nümayəndələrinə öz ölkələrində sülhü təbliğ etməyi, eləcə də, öz ölkəmdə sülhü təbliğ edəcəyimi demişdim”.

Gənc fəal ölkəyə qayıdacağı təqdirdə, ömürlük həbslə üzləşəcəyini də qeyd etdi: "Hazırda təhlükəsizlik baxımından, yerimi deyə bilmərəm. Yaxın günlərdə qəti qərarımı verəcəm. Burada səfirliklərin birinə sığınmışam. Ölkəyəm qayıtsam, həbs ediləcəm. Bununla da ömürülk həbsdə qalacam. Yəqin ki, Avropaya gedəcəm. Azərbaycandan elə çıxmışam ki, hətta ailəmlə belə görüşə bilməmişəm”.

Qeyd edək ki, əvvəllər Rəsul Mürsəlov ADP-nın üzvü olub. 2012-ci ilin iyulun 18-də Balakəndə tutulub. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Həbsxanada gənc fəal AXCP-yə keçib. Bu ilin yanvarında azadlığa çıxıb.