“Azəriqaz”dan köçkünlərə gözdağı: 11 qəsəbəyə qaz xətti çəkildi, balon qoydular, açılış edib, getdilər...

363

“Azəriqaz”dan köçkünlərə gözdağı: 11 qəsəbəyə qaz xətti çəkildi, balon qoydular, açılış edib, getdilər...

















Azərbaycan prezidenti məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verəndən sonra Biləsuvar rayonunda yaşayıb, illərdir yanacaq sarıdan min bir əzab-əziyyət çəkən cəbrayıllı didərginlər də sevindilər. Və ölkə rəhbərliyinin Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi tapşırıq əsasında qısa müddət ərzində 16 mindən çox cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə qaz xətləri çəkildi. Evlərə sayğac da qoyuldu...

Amma bu ilin əvvəlində çəkilişi yekunlaşan qaz xəttini SOCAR və onun “Azəriqaz” İstehsalat Birliyi necə deyərlər, köçkünlər üçün gözdağına çevirdilər...

Qaz xətti çəkildi, amma qaz verilmədi... Gerçək səbəbini bu gün də bilən yoxdur... Halbuki, bu il martın 11-də Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı həmin 11 qəsəbəyə ilk dəfə qaz verilməsini bütün ölkəyə bəyan edən açılış törəni də keçirildi və TV-lər bu mərasimi çəkib yayımladılar... Açılışda SOCAR prezidenti cənab Rövnəq Abdullayevin şəxsən iştirak etməsi, qaz verilişini bildirən simvolik məşəli şəxsən alovlandırması məcburi köçkünlərdə belə bir əminlik yaratmışdı ki, nəhayət onlara da illər sonra mavi yanacaqdan istifadə nəsib olacaq...

Amma açılış mərasimi zamanı məşəlin alovlandırılmasında arxada gizlədilmiş qaz balonundan istifadəni görəndə bəzilərinin dalağı sancmışdı: görəsən bu açılış göstəri xətrinə təşkil olunmayıb ki?.. Nə yazıq ki, bunu düşünənlər yanılmamışdılar...

İndi belə məlum olur ki, bu il martın 11-də açılış mərasimi təşkil olunan qaz xətti sən demə heç həmin qəsəbələrə qaz aparan ana kəmərə belə, birləşdirilməyib... Bir sözlə, SOCAR və onun “Azəriqaz” İstehsalat Birliyi TV-lər qarşısında yaxşı tamaşa təşkil etdilər. Gəldilər, qaz balonu ilə açılış edib, məşəl alovlandırdılar, sonra da o məşəli söndürüb, balonla birgə getdilər...

Cəbrayıl köçkünlərinin yaşadığı 11 qəsəbənin sakinləri indi bu suala cavab tapa bilmirlər: qazımız nə vaxt veriləcək?

Qəsəbə sakinlərinin Modern.az saytına bildirdiklərinə görə, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əraziyə gələrək, qaz xətlərinə baxıb, mənfi rəy veriblər. Məlum olub ki, qəsəbələrin əksər yerlərində qaz xətləri işıq naqillərinin altından çəkildiyinə görə, partlayış üşün ciddi təhlükələr mövcuddur. Çünki köhnəlib çürüyən elektrik naqillərinin hər an qırılıb qaz xətlərinin üstünə düşmək ehtimalı var. Fövqəladə işçilər gedəndə də deyiblər ki, nə qədər ki, qəsəblərdə elektrik xətləri dəyişdirilməyib, kabelləşdirmə aparılmayıb, qaz verilişi də gerçəkləşməyəcək...

İndi 11 qəsəbənin sakinləri “Azəriqaz”la “Azərişıq”ın insafına ümid edirlər... Bu qurumlar gərək öz aralarında danışıb problemə əncam çəkələr ki, köçkünlər də qaz üzü görə bilələr... Sakinlər deyirlər ki, adları çəkilən qurumlara məktub yazıblar, teleqram vurublar... Hələ ki gözləyirlər... Bu gözləməyin neçə ay çəkəcəyi “Azəriqaz”la “Azərişıq”dan asılıdır..

“Azəriqaz” bu məsələdə Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsini də çətin vəziyyətdə qoyub...
"Dövlətqaçqınkom" məcbur köçkünlərə nə deyəcəyini hələ ki düşünür...

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Məlum olub ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin məsələdən heç əməlli-başlı xəbəri yoxdur. Çünki İbrahim müəllim “qəsəbələrdə qazın verilişilə bağlı heç bir problem yoxdur” deməklə jurnalisti əməlli-başlı təəccübləndirib.

“Martın 11-də ərazidə işlər yekunlaşıb. Hər bir mənzillə müqavilə imzalanıb, təbii qazın verilişi təmin olunub. Ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Təbii qazın verilişində heç bir problem yoxdur”, - “Azəriqaz” rəsmisi deyib.
Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirən qurum rəsmisi deyib ki, əgər hansısa ünvanda qaz yoxdursa, “Azəriqaz” onu ətraflı araşdırıb cavab verə bilər.

Bu da “Azəriqaz”ın cavabı... İndi növbə köçkünlərindi, qazınız gəlmir, buyurun “Azəriqaz”a müraciət edin ki, araşdırsınlar... (modern.az)