backend

Üzeyir Hacıbəyovun "eynəyi qırıldı" - VİDEO

Üzeyir Hacıbəyovun "eynəyi qırıldı" - VİDEO


"O, canlanıb bu halına ağlayır".

Üzeyir Hacıbəyova məxsus olan heykəl öz rəngini yenidən dəyişib. Bu dəfə musiqi məktəbinin əməkdaşlarının dediyinə görə, abidənin üzərindən boya təmizlənərək öz əvvəlki rənginə çevrilib.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, 1960-cı ildən Musiqi Konservatoriyası, sonradan Bakı Musiqi Məktəbi kimi fəaliyyət göstərən təhsil ocağının qarşısında məhşur bəstəkar, dramaturq Üzeyir Hacıbəyovun şərəfinə ucaldılan heykəlin rəngi bərpa edilib.

Xatırladaq ki, bir müddət öncə görkəmli bəstəkarın abidəsinin qara rəngə boyanmasını müşahidə etmişdik. Hətta bunun nə məqsədlə edildiyini öyrəndikdə məlum olmuşdu ki, Milli Musiqi Günü ilə əlaqədar bu addım atılıb.

Ekspertlər isə bu halı müəlliflik hüququnun pozulması kimi qiymətləndirmişdi. Bundan sonra abidənin rəngi artıq bərpa olnub. Elə Musiqi Məktəbinin əməkdaşları da bildirdi ki, heykəl əvvəlki qara boyadan təmizlənib. Bundan əlavə abidənin aşağı hissəsində də heç bir rəngləmə işi aparılmadan yenidənqurma işləri aparılacaq.

Rəngi təmizləmə işləri zamanı deyəsən bəstəkarın eynəyinin sol qulaqcığı yoxa çıxmışdı. Abidənin bəzi yerlərində qara rəngin izləri də qalmışdı. Bəstəkarın bu vəziyyətini seyr etdikcə insanda belə təəssürat yaranırdı ki, sanki o, canlanıb bu halına ağlayır. Bir sözlə boyadan təmizləmə işi göründüyü kimi tam həyata keçirilməyib. Ümid edirik ki, bu proses də tezliklə başa çatdırılar. Ən azı bəstəkarın ad günündə abidə sözün əsl mənasında ağ günə çıxar.