backend

Facebook-dan istifadə etməyən jurnalistlər: “Ora daxil olanlarda narkoman kimi asılılıq yaranır”

Facebook-dan istifadə etməyən jurnalistlər: “Ora daxil olanlarda narkoman kimi asılılıq yaranır”

















Facebook-dan istifadə etməyən jurnalistlər: “Ora daxil olanlarda narkoman kimi asılılıq yaranır”

Sosial şəbəkələr müasir dövrdə az qala həyatmızın ayrılmaz hissəsi olub. Bu gün şəxsi tələbat və ya işlə bağlı sosial şəbəkələrindən istifadə edənlərin sayı kifayət qədərdir və hər gün də artır.

Müxtəlif peşə adamları ilə yanaşı, jurnalistlər də Facebook və digər sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər. Necə yəni, informasiya ilə işləyəsən, hər gün yazasan, jurnalist olasan Facebook-a baxmayasan?.. Amma Azərbaycanda belə qələm sahiblər - jurnalistlər var... Həm də tanınmış jurnalistlərdi. Onlaraktiv jurnalistika fəaliyyətlərinə baxmayaraq Facebook-a daxil olmur, sosial şəbəkələrdən uzaq qaçırlar...
Bəs onların sosial şəbəkələrdən istifadə etməmə səbəbləri nədir?

Modern.az saytı bu sualla həmin jurnalistlərə müraciət edib.

Hikmət Sabiroğlu: - “Sosial şəbəkələrə vaxt ayıra bilmirəm. Amma vaxt da birinci amil deyil. Mənim o cür intensiv və sürəkli ünsiyyətə enerjim yoxdur. 2012-ci ildə yazılarımın birində bu məsələyə toxunmuşam. Yazmışdım ki, 2003-cü ilin payızında çalışdığım “Avropa” qəzeti qapananda bir müddət bekar qaldım. O vaxt dostların internet klubuna gedib-gəlirdim. İnternetdən istifadə edə bilirdim, ancaq bəzi şeyləri o internet klubunda öyrəndim. Dostlar mənə Mail.ru-da poçt açdılar, çatdan istifadəni başa saldılar.
Çatdan çox tez yoruldum. Başımı götürüb qaçdım. Gördüm ki, çatda yalan danışmaq, adını, yaşını gizlətmək adəti var. Mən bunu bacarmırdım. Adımı, yaşımı, haralı və nə peşənin sahibi olduğumu kimsədən gizlətmirdim. Düşük söhbətlər məni çox utandırırdı. Bir yandan da ildırım sürəti ilə yazan barmaqlara uduzub əsəbiləşirdim. Hərf səhvi, nöqtə-vergül səhvi olmasın deyə, asta-asta yazırdım və xəttin o üzündəki adamlara çata bilmirdim.
Son illər isə hətta elektron poçtla xırda məktubları belə, həvəssiz yazıram. Dostlarla, simsar adamlarla daha çox üzbəsurət, bu da mümkün olmayanda, telefonla əlaqə saxlamağa üstünlük verirəm.
Amma sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsi olduğu danılmazdır. Mən şəbəkə əhlinə ünsiyyət səbri arzulayıram.
Mən mobil telefondan da çox gec – bu vasitə Azərbaycana gəlib çatandan 10 il sonra istifadə etməyə başlamışam. Bəlkə nə vaxtsa sosial şəbəkə də qaçılmaz oldu”.

Etibar Cəbrayıloğlu: - “Təbii ki, texnologiyalar insanın işini yüngülləşdirmək üçün kəşf olunub və xeyli faydası var. Kompüter, telefon kimi texnoloji vasitələrdən istifadə etsəm də, sosial şəbəkələrdən yalnız Whatsapp və elektron poçtdan istifadə edirəm. Lakin Facebook-dan istifadə etmirəm.
Fikrimcə, sosial şəbəkələr insanın vaxtını çox aparır və asılılıq yaradır. Əgər kimləsə ünsiyyət qurmaq istəyirəmsə, ya üzbəüz, ya da mobil telefon vasitəsilə bunu edirəm. Bu, mənim üçün kifayət edir.
Eyni zamanda biz Facebook-dan düzgün istifadə etməyi bacarmırıq. Məsələn, kiminsə qazanının qapağı itib, onu sosial şəbəkədə paylaşır. Belə etməkdənsə, qazanın qapağını tapsın. Biri yazır ki, indi yuxudan durmuşam. Yuxudan durmusansa, get əlini-üzünü yu də... Bunların ictimaiyyətə aidiyyatı nədir axı?. Yaxud insanlar bir-birindən dostluqlarında olub-olmadığını soruşurlar. Əgər biri dostluğundakı insanların sayını, kimliyini bilmirsə, deməli ona vaxt itirməyə dəyməz. Bəlkə də buna görə mənim haqqımda köhnə fikirli insan düşüncəsi yaranacaq”.

Yeri gəlmişkən, Etibar bəyin oğlu onun adına Facebook səhifəsi yaratsa da, özü ona baxmağa həvəsli deyil.

Azər Qaraçənli: - “Ümumiyyətlə mən sosial şəbəkələri, informasiya texnologiyalarını yeni dövrün böyük uğurlarından biri sayıram. Amma söhbət ondan gedir ki, hər hansı yenilik kimə lazımdırsa, o da tətbiq etməlidir. Mənim şəxsən öz həyatımda və fəaliyyətimdə sosial şəbəkəyə, o cümlədən Facebook-a ehtiyacım yoxdur. Amma kütləvi informasiya vasitəsinin işçisi kimi şübhəsiz ki, buna ehtiyacımız var.
Hazırda mən “Novator.az” saytında çalışıram. Həmin saytın Facebook və Twitter səhifəsi var. Biz onlar vasitəsilə materiallarımızı yayırıq. Dəb xatirinə və ya zərurətdən axına qoşulmaq olar. Əgər mənim üçün də zərurət yaranarsa, təbii ki, Facebook-dan və ya digər sosial şəbəkələrdən istifadə edə bilərəm. Amma hələlik buna şəxsi təlabat görmürəm. Yalnız jurnalist fəaliyyətimdə ehtiyacım var, onu da saytın səhifələri vasitəsilə edirik”.


Mehman Əliyev: - “Sosial şəbəkələrdən istifadə etmək üçün vaxtım yoxdur. Hər gün əlimdə kifayət qədər işim, yazılarım olur. Sosial şəbəkəyə girəndə kimsə yazırsa, istər-istəməz ona cavab verməlisən. Mən elektron poçt ünvanıma gələn mesajlara cavab verməyə çətinlik çəkirəm. Sosial şəbəkə də olsa, necə çatdıracam?
Eyni zamanda yazılarımın oxunması üçün Facebook-dan istifadə etmək kimi məqsədim yoxdur. Mənim gəlirim məhsul satmaqdan gəlir. Başqaları hansısa kanallardan pul alır, kiməsə işləyir və ya oxucu axtarırlar. Mənim belə niyyətim yoxdur. Məqsədim mənə vəsait verən oxucu tapmaqdır.
Xaricdə - normal ölkələrdə nə qədər çox oxucun olsa, o qədər çox reklam alırsan və bundan pul qazanırsan. Bizdə o bazar yoxdur. Siz saytlara baxın, görün yerli reklamlar kifayət qədərdimi? Xeyr, çünki reklam məhdudiyyəti tətbiq olunur. Reklam ancaq bəlli saytlara verilməlidir. Bu vəziyyətdə biz harda işləməli və necə pul qazanamalıyıq?. Siz dediyiniz oxucu mənə pul verirmi? Əgər vermirsə, niyə onun üçün işləməliyəm.
Mən Mehman Əliyev kimi deyə bilərəm ki, sosial şəbəkədə nəsə paylaşmağa vaxtım yoxdur. Ondan istifadə edənlərin əksəriyyəti şikayət edir ki, vaxtımızı aparır. Narkoman kimi olurlar. Əgər bir şəxs işdən sonra sırf hobbi üçün sosial şəbəkədən istifadə edirsə, bu başqa məsələdir. Mənim bütün günüm yazışmadır, gün boyu yazı yazıram. İşlərimi çatdıra bilmədiyim vaxtda üstəlik bu şəbəkələrdən istifadə etsəm, bataqlığa girərəm”.

Nazim Sabiroğlu: - “Çox adam düşünür ki, insanlar, xüsusilə redaktorlar sosial şəbəkədə yoxdursa, xeyli informasiya və məlumat itirmiş olur. Bu iddialarla razı deyiləm. Düşünürəm ki, sosial şəbəkələrdə olmamaqla nəsə itirmirəm. Əksinə, qazanıram. Çünki dostlarla görüşən zaman çox vaxt şikayət edirlər ki, sosial şəbəkə vaxt aparır. O cümlədən mənim sosial şəbəkələrdən istifadə etməməyimin əsas səbəbi vaxt azlığıdır və gələcəkdə də istifadə etməyi düşünmürəm”.

Fərhad Məmmədov: - “Çox sadə səbəbi var. Mənim o qədər də boş vaxtım olmur. Sosial şəbəkələrdən istifadə etmək əlavə zaman tələb edir. Günə təxminən bir-iki saat vaxt ayırmaq lazımdır. Jurnalistlərin sosial şəbəkədən aktiv istifadəsi tamamilə normaldır. Sadəcə mən sosial şəbəkələri “laqqırtı” meydanına çevirməyin tərəfdarı deyiləm. Əlbəttə, faydalı məqsədlər üçün istifadə etmək önəmlidir. Sosial şəbəkələr əlavə informasiya mənbəyi və kommunikasiya vasitəsidir”.