backend

Eldar Mahmudovla Mövlam Şıxəliyev istintaq rəisinin hədəfində - sensasion səhifə açılır...

Eldar Mahmudovla Mövlam Şıxəliyev istintaq rəisinin hədəfində - sensasion səhifə açılır...

















Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Vüsal Ələkbərov bu müddətdə daha dərindən düşünərək sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə açıqlayacağını bəyan edib.

Onun sözlərinə görə, bəzi sensasion faktlar açıqlayacaq: “Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər.

Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Vüsal Ələkbərov məhkəmədə çıxışı zamanı bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub.

Onu da bildirək ki, Mövlam Şıxəliyev vəzifəsindən azad olunsa da hazırda azadlıqdadır. İstintaq rəisi MTN işi üzrə yeni səhifənin açılmasına səbəb ola bilər.
Çünki mühakimə olunanlar E.Mahmudovla M.Şıxəliyevi heç vaxt hədəfə almayıblar. General Akif Çovdarov başda olmaqla heç bir MTN vəzifəlisi E.Mahmudovun üzərinə getməyib.

Ulus.Az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirilən məlum əməliyyatdan sonra qurumun rəhbərliyinə daxil olan vəzifəli şəxslərdən bir neçəsi azadlıqda qala bildi.

Bunlar sabiq nazir Eldar Mahmudov, onun sabiq müavini Hilal Əsədov və qurumun istintaq idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevdir. Eldar Mahmudovla Hilal Əsədovun azadlıqda qalmaları haqda ən müxtəlif səpkili yazılar dərc olunub.

Mövlam Şıxəliyev isə sanki son dövrlərə qədər kölgədə qala bilmişdi. Bugünlərdə ondan şikayətçilər - “Texnikabank”ın əmanətçiləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərləri ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ediblər.

“Təzadlar” qəzetinin yaydığı müraciətdə ləğv olunmuş MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank” işi" ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs olunur.

Ulus.Az xəbər verir ki, qəzetdə Mövlam Şıxəliyevin Vüsal Ələkbərov vasitəsilə vaxtilə Respublika Əmanət Bankının sədri olmuş iş adamı Hüseyn Səfərovdan 2 milyon manat rüşvət almasından da söhbət açılır.

Lakin bu dəfəki açıqlamaları Şıxəliyevlə Mahmudovun yenidən gündəmə gələcəyinə zəmin yaradır. Bu gün MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 sahibkarzərərçəkmiş şəxs qismində tanınıb.

Bu insanları qorxudub infarkt və müflis vəziyyətinə gətirənlərin, demək olar, hamısı generallardır. Generallar dövlətin keşiyində dayanmalı olduqları halda, sahibkarlığa qarşı geniş cəbhə açıblar.

Başçılıq edən də göz qabağında və azadlıqdadır: Onun adamları Hilal Əsədov, Mövlam Şıxəliyev də həmçinin.

Rəsmilər bu adamların həbs edilməməsinin səbəbi ilə bağlı da hər hansı bir açıqlama verməyə tələsmirlər. 11 il ərzində Eldar Mahmudovun rəhbərliyi altında törədilən cinayətlərin tam araşdırılacağına ümidlər də yoxa çıxıb.

Qeyd edək ki, M.Şıxəliyevin işçisi Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.