backend

Təhsil Nazirliyi 12 illik təhsilin yeniliklərindən danışdı

Təhsil Nazirliyi 12 illik təhsilin yeniliklərindən danışdı




















“Bu repititorluğun qarşısını alacaq”.

Təhsil Nazirliyi ölkədə alternativ dərsliklərin hazırlanmasını dəstəkləyir. Çünki bu, azad fikirlilikdir. Əgər gələcəkdə mütəxəssislər bu işə daha aktiv qoşulacaqsa, peşəkarlıqları yüksək olacaqsa, o zaman alternativ dərsliklər yaranacaq.

qaynarxett.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan məktəblərinin əksər siniflərində variantiv dərsliklər mövcuddur. Bir proqram əsasında müxtəlif dərsliklərin hazırlandığını deyən Ə.Quliyev qeyd edib ki, onların yalnız üsulunda, texnologiyalarında fərq olur: “Ancaq məzmun eyni olur. Müstəqillik illərində alternativ dərsliklər yaranmağa başladı. Həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə alternativ dərsliklər mövcuddur”.

Ə.Quliyev Azərbaycanda 12 illik təhsilə keçiddən sonra dərsliklərin hazırlanması məsələlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda 12 illik ümumi təhsilə keçdikdən sonra 11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq. O bildirib ki, şagirdlər 10-cu sinfə qədər icbari təhsil alacaq: “Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək. Onu da qeyd edim ki, 11 və 12-ci siniflərdə təhsil alanlar yalnız profil (təmayüllər) üzrə təhsil alacaq. Bu da öz növbəsində repititorluğun qarşısını alacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, məktəblər təmayüllərə bölündükdən sonra dərsliklər də ona uyğun hazırlanacaq: “Məsələn, informatika-riyaziyyat təmayüllü, kimya-biologiya təmayüllü, humanitar təmayüllü məktəbin dərsliyi eyni olmayacaq. Yəni burada müxtəlif variantlar olacaq. Təhsil Nazirliyi gələcəkdə alternativ dərsliklərə geniş meydan vermək istəyir. Hələ ki alternativ dərslik sisteminə keçə bilmirik, çünki ölkədə müəllif çatışmazlığı var”.