backend

Xanımı nazirlikdə işləyən oğul atasını evsiz qoydu

Xanımı nazirlikdə işləyən oğul atasını evsiz qoydu

















“Atasını küçələrdə qoyan oğul sayəsində 80 yaşımı da məhkəmə zallarında başa vurmuşam”

80 yaşlı Bakı sakini Abuzər Qədimov redaksiyamıza şikayətlə müraciət edib. Onun sözlərinə görə, doğma övladı onu aldadaraq evsiz qoyub:

“2012-ci il oktyabrın 8-də həyat yoldaşım rəhmətə getdikdən sonra mənimlə birgə yaşamaq şərti ilə oğluma ev aldım. Belə ki, hazırda yaşadığı Nəsimi rayon, Asif Məhərrəmov küçəsi bina 45, mənzil 43 ünvanındakı 2 otaqlı evi bacısına vermək şərti ilə Yasamal rayonu, Mətbuat prospekti 501, ev 6 a, 34 saylı 4 otaqlı mənzili oğlum Qədimov Aqşinin adına bağışladım. Mənim məqsədim mirasımı övladlarım arasında ədalətli bölmək idi. Oğlum mənim gözdən 2-ci qrup əlil olmağımdan, etibarımdan istifadə edərək, kooperativin sədrinə guya mənim yaşlı olduğum üçün sənədləşmə işini ona tapşırdığımı və qızımı öz mənzilinə qeydiyyata saldığını bildirib, yaşayışı yerindən saxta F2 arayış alıb.

Notarial kontorda bağışlama müqaviləsi İqtisad Universitetində müəllim vəzifəsində çalışan oğlum Qədimov Aqşin və Ədliyyə Nazirliyinin Ümumi şöbəsinin rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Əhmədova Ülviyyə Mahmud qızının iştirakı ilə bağlanarkən hər ikisi müqavilənin saxta F2 sənədi əsasında olmasını bilsələr də məndən gizlədiblər. Beləliklə, məni, qızımı, kooperativin sədrini, notarial kontoru aldadaraq, etibardan sui-istifadə edərək özgənin mənzilini mənimsəyiblər. Bu azmış kimi, guya qızımın həmin mənzildə yaşamadığı haqda saxta akt tərtib edərək məhkəməyə təqdim edib. Nəsimi rayonunda (Asif Məhərrəmov küçəsi, ev 45, mənzil 43) yerləşən mənzil adıma bağışlansa da, orada qeydiyyatda olan oğlumun həyat yoldaşı və 2 övladı bilərəkdən notarial qaydada razılıq ərizəsi vermədiklərindən bu mənzili qızıma bağışlaya bilmədim”.

Şikayətçi qeyd edib ki, mənzilini geri qaytarmağı tələb edərkən oğlu tərəfindən nalayiq söyüşlərlə təhqir edilib: “Bildirdi ki, ”bu ev mənimdir, o biri də azyaşlı oğlumundur. Həyat yoldaşım da səninlə yaşaya bilməz, xasiyyətin ağırdır. Heç kimə ev vermək fikrim yoxdur. Məhkəməyə də versən sən ölənəcən bu işi illərlə uzadacam".

Bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsinə dair 2013-cü il oktyabrın 14-də Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmə istintaqı getdiyi zaman məqsədli şəkildə məhkəmənin gedişatına mane olmaq üçün sözügedən mənzilə pasport qeydiyyatına düşüb. Eyni zamanda Ədliyyə Nazirliyinin ümumi şöbəsində rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Ülviyyə Əhmədovanın adından istifadə edərək məhkəməyə təsir göstərib. Gəlinin öz tələbə yoldaşı Zaman Afradovla müqavilə bağlayıb onun əli ilə məhkəmə prosesini süni surətdə müxtəlif bəhanələrlə 2013-cü ildən 3 il müddətinə təxirə salıb. Sonradan isə şübhələrdən yayındırmaq üçün başqa vəkillə müqavilə bağlayıb. Uzun süründürməçilikdən sonra Yasamal Rayon Məhkəməsində və Apelyasiya Məhkəməsində iddiam təmin edilib. Lakin Ali Məhkəmə qətnaməni qismən ləğv etdi. Sonradan isə qətnamə qanunsuz şəkildə dəyişdirilərək elan olunduğu kimi deyil, tam ləğv edildi".

Abuzər Qədimov məsələ ilə bağlı bir sıra qurumlara, o cümlədən Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Milli Məclisə, Ombudsmana və digər rəsmi qurumlara müraciət etdiyini bildirib: “Buna baxmayaraq, artıq 4 ildir ki, bu məsələ nə araşdırılır, nə də rəsmi bir cavab verilmir. İş cavabdehin təsiri nəticəsində artıq 3-cü dəfədir ki, Ali Məhkəmədə qanunsuz ləğv edilərək Apelyasiya Məhkəməsinə yenidən baxışa qaytarılır. Artıq haqq-ədalətin bərpa olunmasına inamım qalmayıb. Atasını küçələrdə qoyan oğul sayəsində 80 yaşımı da məhkəmə zallarında başa vurmuşam. Bundan sonra da oğlumun vəkil vasitəsilə hər məhkəmə prosesini qəsdən təxirə salmaq üçün qaldırdıqları vəsatətlərə, yersiz ərizələrə görə illərlə məhkəmə proseslərində iştirak etməyə nə yaşım, nə də səhhətim imkan vermir. İş yenidən Apelyasıya Məhkəməsinə verilib. Mətbuat vasitəsilə aidiyyəti qurumlardan xahiş edirəm, yaşlılığımı, xəstəliyimi, aldadıldığımı nəzərə alaraq mənim işimə köməklik göstərilsin”.

Şikayətdə adı hallanan qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (musavat.com)