backend

Ağsuda tarixin ən dəyərli faktı - qədim pullar

Ağsuda tarixin ən dəyərli faktı - qədim pullar

Azərbaycan tarixinin araşdırılması üçün önəmli faktlar verən pul monetlərinin arxeologiyada xüsusi yeri var. Əsrlərdən bəri bu monetlər - sikkələr araşdırmaçı alimlərimiz üçün elmin sirli açarı rolunu oynayır. Belə qiymətli tarixi nümunələrin böyük bir hissəsi son illər Şamaxı-Ağsu zonasında aparılan tədqiqatlar zamanı aşkara çıxarılıb.

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya Institutunun Ağsu arxeoloji ekspedisiyası 2010-cu ildə Ağsu şəhərində araşdırmalara başlamaq qərarı verdi. Üç ay ərzində davam edən araşdırmalar nəticəsində iki min kvadrat metr ərazidə qazıntı işləri aparıldı və çoxlu maddi-mədəniyyət nümunələri əldə edildi.
Bu tədqiqatlar zamanı qazıntı sahəsindən tapılan maddi mədəniyyət nümunələrinin mühüm bir hissəsini də gümüş və mis sikkələr təşkil edir. Bu şəhər yerində aşkar edilən sikkələr tək və dəfinə şəklində üzə çıxarılıb. Arxeoloji ekspedisiyaya rəhbərlik edən tarixçi alim Akif Quliyevin sözlərinə görə, qazıntı sahəsindən tapılan bəzi sikkələrin bir üzünə dairəvi və yarpaq çərçivəyə malik, daxilində “Lahıc” və ya “Məhəmməd” sözləri olan damğalar vurulub: “Həmin sikkələrdəki ”Lahıc" kəlməsi fikrimizcə zərbxananın adını bildirir. Lahıc zərbxanasının adına indiyə qədər yalnız Ağsu pullarında rast gəlinmişdir. Bu, XVIII əsrin ortalarında Şirvan hakimi olmuş Zərnavalı Hacı Məhəmməd Əli ilə bağlıdır. Məlumdur ki, lahıclı ustalar bütün dünyada qızıl, gümüş, xüsusən də mis məmulatlarının istehsalı ilə tanınmışlar. Onların düzəltdiyi zərgərlik məmulatları dünya muzeylərini bəzəyir. Məhz zərbxananın işinin təşkilini Zərnavalı Hacı Məhəmməd Əli lahıclı ustalara həvalə etmiş, onun ilk sikkələri də Lahıcda vurulmuşdur".
Tarixi qaynaqlar da alimin bu fikirlərini təsdiqləyir ki, XVIII əsrin ortalarında, daha doğrusu, Nadir şahın (1736-1747-ci illər) ölümündən sonra Azərbaycan ərazisində yaranmış xanlıqlar öz sikkələrini tədavülə buraxmağa başlayıblar. Siyasi və iqtisadi cəhətdən çox da güclü olmayan bu dövlətlər ehtiyatlı siyasət yürüdərək hələlik öz adlarını sikkələrə vurmur, başqa sözlə, anonim sikkələr zərb edirdilər. Mis sikkələrin üzərində aversdə qılınc, (Zülfüqar) it, at, tovuzquşu, balıq, xoruz, ördək, şir, ilan, əjdaha, fil, meymun, bitki və s. zərb edilirdi. Sikkənin reversində (tərs üzü) zərbxananın adı, “fulus” sözləri verilirdi.
Elmi dəlillərə görə, sikkələrin üzərindəki “Lahıc” damğası onların Lahıc zərbxanasında zərb edildiyini bildirir. Damğaların formaca bir-birinə çox oxşaması və eyni növ sikkələr üzərinə vurulması, onların eyni zərbxanaya aid olduğunu göstərir. Zərb edilmiş uzunsov mis sikkələrin metal tərkibi də eynidir. Eyni tipli Köhnə Şamaxı sikkələrindən fərqli olaraq, bu sikkələrdə qılınc iki haçalı (Zülfüqar) formada verilmişdir. Sikkələrin arxa üzündə “Şamaxı zərb”və ya “zərb fulus” sözləri verilib. Sikkənin aversinin fərqli olması (1748-1763-cü illər) Ağsu hakiminin, Sərdar Hacı Məhəmmədəli xan ibn Sofu Nəbi Zərnavalının, Şamaxı hakimləri Xançobanlı Allahverdi bəy Sərkərin oğlanları Məhəmməd Səid və Ağası xandan fərqli olaraq, şiə olması ilə əlaqədardır.
Keçmişin sehrli açar sözləri
Ağsu sikkələri üzərində verilmiş “Məhəmməd” damğası Hacı Məhəmmədəli xanın adı ilə bağlıdır. Burada da onun ehtiyatlı siyasət yürüdərək tam adını və epitetlərini göstərməməsi, dövrün siyasi hadisələrilə bağlıdır. Buna oxşar hadisələr Kərim xan Zəndin sikkələrində “Ya Kərim” (Ya Allah), Ağa Məhəmməd xan Qacarın özünü 1796-cı ildə şah elan edəndən sonra Gəncədə zərb etdirdiyi sikkələrdə “Ya Məhəmməd” şüarlarının verilməsində öz əksini tapır. Adı çəkilən sikkələrin birinin aversində “Lahıc”, digər üzündə isə “Məhəmməd” damğası vurulmuşdur. Bu sikkələrin üzərində tarix vurulmaması onların buraxılış ilinin təyin edilməsini çətinləşdirir. Fikrimizcə, bu sikkələr Nadir xanın ölümündən sonra (1747-ci il) Məhəmməd Səid xan tərəfindən Ağsunun işğalına qədər (1763-cü ildə) tədavülə buraxılımışdır.
A.Quliyev Ağsu qazıntıları zamanı eyni sahədən 20-yə qədər gümüş sikkə aşkar edildiyini açıqlayıb. Həmin sikkələr Şamaxı və Gəncə zərbxanalarında, Nadir şah, Kərim xan Zənd və anonim buraxılmış abbası və şahılardan ibarətdir. Şamaxıda zərb edilmiş sikkələrin aversində “Ya, sahib zaman”, reversində “Şamaxı zərbi” və buraxılış ili verilib. Gəncədə zərb edilmiş sikkələrin aversində “Zamanın sahibi imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi” və ya “Ya sahib əz-Zaman imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi” sözləri yazılıb.
Qazıntı sahəsindən 400-dən artıq mis sikkə də aşkar edilib. Bu sikkələr də tək və dəfinə şəklində aşkara çıxarılıb.
“Aşkar edilimiş mis sikkələr arasında ən qədimi XIII əsrin ortalarına aid olan Şivanşah II Axsitanın (1243-1260-cı illər) Şamaxıda zərb etdirdiyi mis fulusdur (kütləsi 1,6 qr). Sikkənin aversində iki sətirdə ”Kaan əl-Adəl" sözü verilib. Sətirlərin arasında iki tərəfli üç diş zərb edilib. Sikkənin reversində müsəlman simvolikası “Ləilahəilləllah, Məhəmmədən Rasulallah” sözləri verilib. Sikkənin üzərində “Kaan əl-Adəl” kəlməsi Şirvanşahlar dövlətinin Çingiz xanın imperiyasına tabe olduğunu göstərir. Professor Y.A.Paxomov bu sikkələri şərti olaraq “kaanik” adlandırır. Bu tip sikkələr Hülaki xanın əmri ilə II Axsitanın öldürüldüyü vaxta qədər (1260-cı il) Şamaxı zərbxanasında zərb edilirdi. Sikkənin bu ərazidə tapılması, onun bura təsadüfən düşməsi ilə əlaqədar ola bilər. Fulus bura köçüb gəlmiş Köhnə Şamaxı sakinləri tərəfindən gətirilə və ya Ağsu şəhərinin yerində mövcud olmuş daha qədim yaşayış məskəninin sakinlərinə məxsus ola bilərdi" (A.Quliyev).
Sikkələr üzərində heyvan təsvirlərinin verilməsilə qədim türklərin heyvani təqvimilə bağlı olduğu izah edilir. Numizmatika ilə məşğul olan bir qrup alimlərin fikrincə, fulusların üzərindəki canavar it ilini, ördək və tovuzquşu isə xoruz ilini bildirirdi.
Aşkar edilmiş sikkələr arasında Gəncə zərbxanasında buraxıldığı ehtimal edilən və aversində fil üzərində oturmuş, əlində əsa tutmuş insan təsviri olan fuluslar da var. Sikkənin reversində “Fulus” sözü zərb edilib. Həmin sikkələri kütləsinə görə iki tipə bölmək olar: I-tip sikkələr 18,6 qr çəkiyə malikdir. II-tip sikkələr 8,6 qr çəkiyə malikdir.

Alimlər üçün böyük dəfinə

Sikkələr üzərində zərb yeri və tarix yoxdur. Qazıntı sahəsindən Qarabağ hakimi Pənahəli xanın (1747-1763-cü illər) Şuşada zərb edilmiş mis sikkələri aşkar edilib. Sikkəllər anonim zərb edilmiş və iki tipə bölünmüşdir: I tip sikkələrin aversində nöqtəvari və düzxətli çərçivənin daxilində Pənahəli xanın tuğrası verilib, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində “Pənahabad/zərb” sözü zərb edilib. II tip sikkələrin aversi I tipdə olduğu kimidir, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində “Pənahabad” sözü zərb edilib. Sikkələrin üzərində zərb tarixi oxunmur. Analoji sikkələr professor M.Ə.Seyfəddini tərəfindən çap edilmişdir.
III qazıntı sahəsindən 1772-ci ildə II Yekaterina tərəfindən Sankt-Peterburqda zərb edilmiş bir ədəd tunc sikkə də (5 kopeyka) aşkar edilib. Sikkənin aversində (əsl üzü) yuxarıda tac olan çələng verilib. Çələngin daxilində II Yekaterinanın venzeli (monoqramı), venzelin sağında və solunda “1772" zərb edilib. Sikkənin reversində Rusiya imperiyasının gerbi-ikibaşlı qartal təsvir edilib.
Alimlərin fikrincə, sikkənin bura düşməsi rus generalı V.Zubovun 1796-cı ildə Şirvana yürüşü ilə əlaqədar ola bilər.
Ağsu orta əsr şəhər yerində aşkar edilmiş sikkələr əsasən XVII-XVIII əsrə aid səfəvi gümüş sikkələri, XVIII əsrə aid Nadir şah, Kərim xan Zənd, Ağa Məhəmməd Şah Qacar, habelə Şamaxı, Gəncə, Şəki, Qarabağ, Dərbənd, Quba hakimlərinin anonim gümüş, mis fulusları və rus sikkələrindən ibarətdir.
Beləlikə, numizmatik materiallar əsasında belə nəticəyə gəlmək olar ki, Ağsu şəhəri yazılı qaynaqlarda göstərdiyi kimi, 1735-ci ildə salınsa da, bu ərazidə ondan əvvəl də sosial-iqtisadi cəhətdən inkişaf etmiş yaşayış məskəni mövcud olmuşdur. Orada XVII əsrdə zərb edilmiş sikkələrin
aşkarlanması faktı bunu təsdiq edir. Ərazidə aşkar edilmiş ən yeni sikkələr isə XVIII əsrin sonuna aid edilir.