backend

Məmmədovlar ailəsinin neft biznesində böhran: sirli texaslı şərik bəyanat yaydı

Məmmədovlar ailəsinin neft biznesində böhran: sirli texaslı şərik bəyanat yaydı

Nəqliyyat naziri Ziya Məmmədovun və onun ortağı (yaxud bəzi məlumatlara görə, keçmiş ortağı) Hafiz Məmmədovun Xəzərdəki offşor neft-qaz yataqlarının işlənməsi və hasilatı biznesində böhran yaranıb.

H.Məmmədovun “Baghlan Group” şirkətinin texniki defolt vəziyyətinə düşməsi və borclarını ödəmək iqtidarında olmaması “Bahar” və “Qum dəniz” yataqlarının sirli amerikalı ortağını hərəkətə keçirib.

Bu yataqların işlənməsi üzrə yaradılmış konsorsiumun - “Bahar Energy Limited”in 33 faiz payla təmsil olunan amerikalı şəriki, Texasda qeydiyyatdan keçmiş, yeganə biznesi məhz bu yataqlar olan “Greenfields Petrolium” bəyanat yayaraq “Baghlan Group”un müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini elan edib.

“Greenfields Petrolium” şirkətinin rəsmi açıqlaması “The Wall Street Journal” qəzetində bu gün dərc olunub.



Açıqlamada deyilir ki,müqavilənin şərtlərinə uyğun olaraq “Greenfields Petrolium” konsorsiumun digər ortağı “Baghlan Energy Group”un vaxtı keçmiş kredit öhdəlikləri üzrə 16,5 milyon dollarlıq borcunu istiqrazların satışa çıxarılması yolu ilə maliyyələşdirib.

Qeyd edək ki, “Baghlan Energy Group” “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsi üzrə idarəedici şirkət “Bahar Energy Operating Company Limited”in təsisçisidir.

Xəbərdə bildirilir ki, “Baghlan” bu il yanvarın 1-dən etibarən “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsi üzrə əməliyyat xərclərində üzərinə düşən payı ödəyə bilməyib. Səhmdarların müqaviləsinə əsasən əgər səhmdarlardan biri defolt olarsa və maliyyə öhdəliklərini yerinə yetirə bilməsə, digər səhmdar əlavə kreditlər cəlb etməklə onun payını maliyyələşdirə bilər. “Baghlan Group” öz öhdəliklərini maliyyələşdirə bilmədiyi üçün onun “Bahar Energy Limited”ə təyin etdiyi direktorların da səsvermə hüququ dayandırılır.

“Greenfields Petrolium” bildirir ki, “Baghlan”ın 16,5 milyon dollarlıq kredit borcunu iyulun 2-də götürdüyü 21 milyon dollarlıq kredit hesabına ödəyib.



“Greenfields Petrolium” şirkətinin prezidenti və icraçı direktoru Con Harkins bildirir ki, şirkət “Baghlan”ın “Bahar” və “Qum dəniz” yataqlarındakı payını maliyyələşdirmək imkanında olmamasından təəssüflənir. Bununla belə şirkətin defolt olması “Bahar Energy Limited”ə əməliyyatları “Bahar Energy Operating Company”nin rəhbərliyi altında yenidən təşkil etməyə imkan yaradıb.

“Biz yataqlarda hasilatın ötənilki səviyyədə qalacağına ümid edirik” - deyə C.Harkins bildirir.



Xatırladaq ki, Məmmədovların (söhbət Ziya Məmmədov və oğlu Anar Məmmədov, habelə onların eyni soyadı daşıyan “Hafka” ləqəbli ortaqlarından gedir) “Baghlan Group” şirkəti texniki defolt vəziyyətindədir və beynəlxalq kredit agentlikləri şirkətə reytinq verməyi dayandırıb. Nəticədə şirkətin xarici kreditorlardan maliyyə cəlb etmək imkanı əlindən çıxıb.

Bundan sonra belə məlumatlar yayıldı ki, “Hafka”nın bu neft aktivlərindəki payını əlindən alıblar və onu neft biznesindən, o cümlədən neft daşımalarından kənarlaşdırıblar.

“Baghlan Group”a daxil olan “Bank of Azerbaijan”da müflis vəziyyətindədir və müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir.



“Bahar” və “Qum adası” yataqları üzrə pay bölgüsü müqaviləsinin imzalanması 2009-cu il, dekabrın 22-də Bakı şəhərində ARDNŞ-ın mənzil-qərargahında baş tutub. Müqaviləyə əsasən ARDNŞ-ın müqavilədə payı 20 faiz, “Bahar Energy Ltd.”nin payı 80 faiz təşkil edir. “Bahar Energy Ltd.”nin təsisçiləri isə “Baghlan Group” (66,33 faiz) və “Greenfield İnternational” (33,67 faiz) şirkətləridir.