backend

Deputat hiddətləndi: İcra və bələdiyyə hara baxırdı? - Bayraq qalmaqalı

Deputat hiddətləndi: İcra və bələdiyyə hara baxırdı? - Bayraq qalmaqalı

















"Bayraq dövlətin atributlarından biridir. Bayraq millətin, xalqın və dövlətin namus, qeyrət və şərəfidir"

Bunu Göyçay rayon Qızılağac kəndinin giriş qapısı üzərində yer alan tabloda Azərbaycan bayrağında yaşıl və mavi rənglərin yerinin dəyişik salınmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, ola bilər ki, o dəmir üzərində işləyən dəmirçi, rəngsaz səhvə yol versin, ancaq bu bağışlanılmazdır:

"İndi bağça uşağından da bayrağımızın rəngi, rənglərin yerləşmə sırası və mənası haqqında soruşanda əzbərdən cavab verir. Əgər o rəngsazın savadı olmasa belə biz onu bağışlamalı deyilik. Bu, qətiyyən olmaz. Yaxşı, deyək ki, o rəngsazın savadı yoxdur. Bayrağın vurulduğu yerə cavabdeh olan kəndin icra nümayəndəsi və bələdiyyəsi hara baxırdı? Onların da ağılı kəsmir ? Onlar da kordu, görmür? Hesab edirəm ki, qaldırdığınız məsələ çox ciddidir. Biz bu işlərdə çox ciddi olmalıyıq. Belə səhvlər yolverilməzdir. Bu işlərə görə məsuliyyət daşıyan vəzifəli şəxs cəzalanmalıdır ki, digərləri belə kobud yanlışlara yol verməsin".

Qeyd edək ki, Göyçay rayon Qızılağac kəndinin adının çəkilməsini istəməyən sakinlərindən biri mətbuata müraciət edərək bildirib ki, kəndin giriş qapısının üstündə yer alan tabloda Azərbaycanın dövlət bayrağı təhrif olunub. Belə ki, yaşıl və mavi rənglərin yeri dəyişik salınaraq bayraq baş-ayaq təsvir olunub. Kənd sakini qeyd edib ki, bu tablo artıq uzun illərdir ki, giriş qapısının üstünə vurulub və o, bunun dəyişdirilməli olması ilə bağlı kənddə camaat arasında bir neçə dəfə fikrini bildirib.Güman edirik ki, bu yazını oxuyan Qızılağac kənd rəhbərliyi bundan sonra məsələ ilə yaxından maraqlanacaq və bu nöqsanı tezliklə aradan qaldıracaq. (Sherg.az)