backend

TƏCİLİ: Uşaqların kütləvi zəhərlənməsinə görə iki qurum qırğına çıxdı - Təfərrüat

TƏCİLİ: Uşaqların kütləvi zəhərlənməsinə görə iki qurum qırğına çıxdı - Təfərrüat

İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə iki dövlət qurumunu üz-üzə qoyub

Ulus.Az-ın xəbərinə görə, “Azərsu” ASC ilə Gigiyena və Epidemologiya Mərkəzi arasında qırğın gedir.

Sonuncunun ASC-nin zəhərlənməyə görə təqsirkar çıxarması və hadisənin sudan olduğunu aydınlaşdırması tərəflər arasında gərginlik yaradıb.

Fakt isə ondan ibarətdir ki, 150-ə yaxın uşaq Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib və onlara suyun tərkibində olan bakteriyadan infeksiya keçib.

Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın başvermə səbəbinin paylayıcı su şəbəkəsinin olduğu ehtimal edilir. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tibbi nəzarətə götürülüb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev nəticələrlə bağlı deyib ki, Rotavirus qısa müddətdə içməli suya çirkli suyun qarışması nəticəsində yayılıb.

H.Z.Tağıyev qəsəbəsində içməli sudan götürülən analizlərin nəticələri də virusun məhz sudan keçdiyini təsdiqləyir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbarayıllı isə bütün bu açıqlamalarla razılaşmır. Qurum rəsmisi deyib ki, Sumqayıt şəhəri və H.Z.Tağıyev qəsəbəsinə verilən suyun keyfiyyətilə bağlı heç bir problem yoxdur.

Ulus.Az-ın xəbərinə görə, iki qurumun davasına baxmayaraq, uşaqların suda xəhərləndiyi göz qabağındadır. Amma “Azərsu” məsuliyyətdən yayınır və heç cürə faktla razılaşmaq istəmir. Bu da qurumu cavab vermək öhdəliyi qarşısında qoyur.

“Bizim apardığımız araşdırmalarla məlum olub ki, virus aşkarlanan insanlar əsasən, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən və Sumqayıt şəhərinin mikrorayonlarından müraciət edib.

“Azərsu” müraciətlər olan əraziləri 3 fərqli mənbədən-Şollar Su Kəməri, Bakı Su Kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə suyla təmin edir.

Ötən müddətdə apardığımız yoxlamalar onu deməyə əsas verir ki, bizim verdiyimiz suyun keyfiyyətində heç bir problem olmayıb. Su keyfiyyət standartlarına tam cavab verir”-, “Azərsu” sözçüsü belə deyib.

A.Cəbrayıllı İ.Abdullayevin açıqlamasına da münasibət bildirib: “Qısamüddətli deyirlərsə, ünvan desinlər. İmran Abdullayev deyir ki, “ola bilsin ki, ayın 7-də, 8-də, 9-da suyun tərkibində qısamüddətli problem olub”. “Ola bilsin” ehtimaldır. Biz “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq, məsələnin tam araşdırılmasında maraqlıyıq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin ərazidəki satış obyektlərində, süd, dondurma, müxtəlif qidaların tərkibini yoxlasın.
Biz əminliklə deyirik ki, suyun tərkibi tam təmizdir. Rotavirusun yayılması su ilə əlaqəli deyil. Nədən yaranmasını isə aidiyyatı qurum araşdırıb tapsın”.

Ulus.Az xəbər verir ki, bu məsələdə günahı olan kəslər cəzalanmalı, məsuliyyətsizli kedən tərəf cavab verməli, faktla bağlı cinayət işi açılmalıdır.

Çünki ortada cinayət var. 150-dən çox uşaq zəhərlənib, xoşbəxtlikdən onları hamısı sağ-salamatdır. Əgər bir uşaq dünyasını dəyişsəydi, daha ağır cəza çəkməli olacaqdılar. Bununla belə, qurumlar qırğına çıxır, ”Azərsu” günahı boynundan atır.

Göründüyü kimi, virusun suda olduğu nəticəsi çıxır. Amma “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynov ictimaiyyət qarşısına çıxaraq ən azı bir açıqlama verə bilərdi.

Q.Hüseynov isə tükünü də tərpətmədi. Onun hansısa məsələdə reaksiya verdiyini son aylarda xatırlayan da olmayıb. Ancaq içməli su satan şirkətlərin bu məsələdə rolunun olması da istisna edilmir. Su filtrçilərinin bir oyunu olduğunu demək olar.

Sumqayıtda camaat arasında gəzən söz-söhbətlərdə üç versiya irəli sürülür: su borusuna kanalizasiya ilə axıdılan möhtəviyyat vurulub, Ceyranbatan su anbarına zəhər axıdılıb, içməli su satan şirkətlər böhran vəziyyətində daha çox gəlir əldə etmək üçün bu təxribata əl atıb.