backend

“Bakıya hücum əmrini eşidib hamımız..."

“Bakıya hücum əmrini eşidib hamımız..."

İyunun 16-da Xudat sərhəd dəstəsinin yaranmasından 25 il ötür

Azərbaycan Dövlət Sərhəd Xidmətinin ilk və indi ən qabaqcıl dəstələrindən olan Xudat sərhəd dəstəsinin yaranmasından 25 il ötür. 1992-ci il iyun ayının 16-da Rusiyanın Azərbaycanın Qusar rayonu ilə sərhədində yerləşən Samur çayı üzərində müstəqil Azərbaycanın ilk dövlət sərhəd məntəqəsi - Yalama əlahiddə nəzarət buraxılış məntəqəsi baş leytenant Elçin Quliyevin rəhbərliyi ilə fəaliyyətə başlayıb. Olduqca gərgin və çətin bir şəraitdə - Azərbaycanda sabitliyin bərqərar olmadığı bir vaxtda - şimaldan Azərbaycana ərazi idddiaları irəli sürüldüyü bir dövrdə çox böyük çətinliklə indiki DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev cəmi 17 əsgərlə bu işin öhdəsindən layiqincə gələ bildi, 1995-ci ildə isə baş leytenant Xudat sərhəd dəstəsinin rəisi vəzifəsinə yüksəldi. Həmin vaxtlar Xaçmaz rayon icra hakimiyyətinin başçısı olmuş, indi "Şimal xəbərləri" qəzetinin baş redaktoru olan Müqəddəs Mehdiyevlə o illərə birgə nəzər salacağıq. Qeyd edək ki, bəndəniz o zaman "Qusar" qəzetinin xüsusi müxbiri işləyirdi.

- Siz həmin illərdə Xaçmaza rəhbərlik etmisiniz. O dövrü necə xatırlayırsınız?


Cavab: Sizə bir maraqlı fakt deyim, çoxları bunu bilmir. 27 il öncə Azərbaycanla Rusiya arasında üç günlük sərhəd olub. Əlbəttə, bu ilk baxışda gülməli görünə bilər. Hadisə isə belə olmuşdu. 1990-cı il yanvarın ortalarından sonra Dağlıq Qarabağ probleminə və Moskvanın Azərbaycan əleyhinə apardığı siyasətə etiraz olaraq böyük ümumxalq hərəkatı vardı. Xaçmazdakı qərargahımıza xəbər çatmışdı ki, Rusiyanın Stavropol vilayətində və Krasnodar diyarında səfərbərlik elan olunub, Bakıya hücum olacaq. Ona görə də hamımız ayağa qalxmışdıq. Xaçmaz rayon rəhbərliyi ilə uzun-uzadı danışıqlardan sonra keçmiş Xaçmaz rayon icraiyyə komitəsi sərhəd postlarının yaradılması haqqında qərar verməyə məcbur oldu. Söhbət Xaçmaz rayonunun Dağıstanla inzibati sərhədlərindən gedir. Biz AXC fəallarını səfərbər edib karantin postlarına və digər gücümüz çatan ərazilərdə yerləşdirdik. Məqsəd şimaldan gözlənilən təhlükənin qarşısını almaq idi. Bizim fikrimiz vardı ki, həmin postlar uzun müddət saxlanılsın. Lakin məlum 1990-cı ilin yanvar hadisələrindən sonra bu postlar ləğv olundu. Keçmiş rayon icraiyyə komitəsinin qərarı hələ də məndə durur.
“Bakıya hücum əmrini eşidib hamımız..."
O ki qaldı, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra baş verən proseslərə çox maraqlı və yaddaqalan hadisələr baş verdi. 1992-ci ildə mən Xaçmaz rayonunun rəhbəri idim. Həmin dövrdə prezident sərəncamına uyğun olaraq icra başçıları həm də rayon özünümüdafiə qərargahlarının sədrləri idilər. Rayondakı güc strukturları ilə yanaşı, ərazidəki bütün hərbi hissələr də qərargah sədrinə tabe idilər. Sərhəddlərin yaranması isə çox çətin bir dövrə təsadüf edir. Demək asandır, amma o günlər vəziyyət çox ağır idi. Bir tərəfdən şəhidlər gəlirdi, sərhədlər yox idi, etnik separatçılar at oynadırdılar, daxildə siyasi qarşıdurmalar vardı. Məhz belə bir vaxtda dövlət rəhbərliyindən mənə bildirdilər ki, təklifim nəzərə alınıb və sərhəd qoşunları Xaçmaz rayonu ərazisində yerləşəcək. Həmin vaxt rayona indi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev göndərildi. O, mənim yanıma gələndə baş leytenant idi, çox söhbətlərimiz olub. Bir müddət sərhədçiləri yerləşdirməyə bina tapmırdıq. Mən Xudat şəhərindəki mehmanxananı Xudat sərhəd dəstəsinə verdim. Onlara məxsus texnika da elə mehmanxananın yanında saxlanılırdı. Bundan sonra Elçin Quliyevin başçılığı altında Azərbaycanın şimal sərhəddlərinin yaradılmasına başlanıldı. Ona bacardığımız qədər kömək göstərirdik. Nabrandakı “Dostluq” turist bazasından balaca kateclər götürülərək sərhədçilərə verildi və postlarda yerləşdirildi. Sərhəd-keçid məntəqələrinə şlaqbaumlar quraşdırıldı, növbəli xidmətin əsası qoyuldu. Əlbəttə, nə qədər kömək göstərilsə də, əsas ağırlıq Elçin Quliyevin və tabeliyindəkilərin üzərinə düşürdü.

- Bəs, ən əsas çətinlik və təhlükə nədən ibarət idi?


Cavab: Açığını deyəcəyəm, Rusiya tərəfi Azərbaycan sərhəddlərinin yaradılmasını heç cür həzm edə bilmirdi. Ona görə də Dağıstandakı separatçıları qızışdıraraq təxribatlar törədirdi. Hətta bir dəfə E. Quliyevin tabeliyindəki zabitlərdən birinə xəsarət yetirmişdilər. Tez-tez sərhədi pozmağa, kütləvi şəkildə keçib aksiyalar keçirməyə cəhdlər göstərirdilər. Onlar istəyirdilər ki, sərhədçilərimiz atəş açıb bir-iki nəfəri öldürsünlər. Bu kifayət idi ki, böyük münaqişə ocağının əsası qoyulsun. Lakin E. Quliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş fəaliyyət nəticəsində təxribatlar baş tutmurdu. Gənc olmasına baxmayaraq bütün qüvvəsini sərhəd quruculuğuna sərf edirdi. Həmin vaxtlar onun özü üçün də müəyyən təhlükələr olması barədə məlumat almışdım. Xudat şəhərindəki dostlarımdan xahiş etmişdim ki, bu şəxsi bütün imkanları daxilində qorusunlar. Xaçmazdan olan bəzi separatçılar da tələb edirdilər ki, Xudatdakı mehmanxana sərhədçilərdən alınsın və onlar başqa rayona köçürülsünlər. Təbii ki, belələri layiqli cavablarını alırdılar. Sonrakı planımız belə idi ki, Xudatdakı keçmiş internat məktəbi Nabrandakı pioner düşərgələrindən birinə köçürülsün , həmin yer sərhədçilərə verilsin. Bununla bağlı mərhum prezident Ə. Elçibəyə də müraciət etmişdim və razılıq vardı. Doğrudur, mənim rəhbərlik etdiyim dövrdə bu baş tutmadı, lakin sonradan Xudat sərhəd dəstəsi lazımi yerinə köçürüldü.

- Konkret olaraq Dağıstandakı separatçılar hansı ad altında sərhəd pozuculuğu ilə məşğul olurdular?


Cavab: Həmin vaxtlar terrorçu və separatçı “Sadval”ın başında indi həyatda olmayan general Mühiddin Qəhrəmanov dururdu. O, Moskvanın himayəsi ilə ortalığa belə bir şüar atmışdı ki, guya Azərbaycan sərhəddləri ləzgi xalqını bölmək üçün qurulur. Ətrafındakı qüvvələr də qarət və soyğunçuluqla, reketliklə məşğul idilər. Mən bir neçə dəfə Dağıstana səfər etmişdim. Bildirmişdim ki, Dağıstanın cənubunda təkcə ləzgilər deyil, 150 mindən çox azərbaycanlı da yaşayır. Əgər biz suverenliyimizi elan etmişiksə sərhəddlərimiz də olmalıdır. Niyə separatçılar Rusiya sərhədçilərini deyil, məhz Azərbaycan sərhədçilərini hədəf seçirlər? Hətta 1993-cü ilin yazında Qəhrəmanovun başçılığı altında kütləvi şəkildə sərhədi pozub Azərbaycan ərazisinə girərək mitinq də keçirmişdilər. Keçmiş Dövlət Təhlükəsizlik Komitəsi Xaçmaz rayon şöbəsinin rəisi Sədyar Abbasovun, sərhəd xidmətinin rəisi Elçin Quliyevin, Xaçmazın komendantı Eldar İlyasovun, rayon prokuroru Seyfəddin Həsənovun səyləri nəticəsində təxribat baş tutmadı. Separatçılar boş və mənasız şüarlar söyləyib gəldikləri kimi də geri qayıtdılar. Lakin onlar gözləyirdilər ki, ilk kütləvi toqquşma məhz sərhəddə başlayaraq ərazimizdə davam edəcək. Bu plan o qədər ustalıqla hazırlanmışdı ki, həmin gecə Rusiya telekanallarından biri Azərbaycanın şimal sərhəddlərində toqquşma baş verdiyini, ölən və yaralananların olduğunu da bildirmişdi. Bir daha deyirəm, bu Azərbaycana qarşı çox ustalıqla hazırlanmış ikinci cəbhə açmaq planı idi. Təbii ki, sərhəd xidmətinin rəhbərliyinin də soyuqqanlılığı və hadisələrə real yanaşması mühüm əhəmiyyət kəsb etdi. Bu gün çoxlarına elə gələ bilər ki, E. Quliyev indiki yüksək vəzifəyə asanlıqla gəlib və daşıdığı rütbəyə görə əziyyət çəkməyib. Əsla belə olmayıb. Təkcə Elçin Quliyev deyil, Azərbaycanın şimal sərhəddlərinin qurulmasında iştirak edən hər bir zabit və əsgərin zəhməti böyükdür. Lakin ən ağır məsuliyyət bir komandir kimi daim E. Quliyevin çiyinləri üstündə olub.

- Həmin günlərin bəzi məqamlarını xatırladınız. Sizcə sərhəd qoşunlarının 25 ildə keçdiyi yol bəhrəsini veribmi?

Cavab: Mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra sərhəd quruculuğuna çox böyük önəm verdi. Bu sırada E. Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi çox düşünülmüş və vaxtında verilmiş qərar idi. Təbii ki, bundan sonra sərhəd qoşunlarının komandanı bütün ölkə sərhəddlərinə cavabdehliyi öz üzərinə götürdü. Nəticə də göz qabağındadır. Artıq Azərbaycanın sərhəd qoşunları peşəkar bir güc strukturuna çevrilib, ən müasir silahlar və texnika ilə təhciz olunub, dünyada tanınır. Vətəndaşlarımız da sərhədçilərimizə inanır və etibar edirlər. Hamı qürur duyur ki, hava, quru və su sərhəddlərimiz etibarlı əllərdədir. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti haqqında yeni bir sərəncam da imzaladı. Bu qərarın xidmətin fəaliyyətini daha da təkmilləşədirəcəyinə heç bir şübhə yoxdur. Sərhədlərinin yaradılmasının 25 illiyi isə hamımızın bayramıdır. Hər birimiz bu Vətənin keşiyində duran sərhədçilərin dostuna çevrilməliyik.

Aytəkin Alxaslı / İstiPress-in şimal bürosu