backend

İbrahimbəyov, Çetvyortıy sort bəylər və seyid vəsiqəsi

İbrahimbəyov, Çetvyortıy sort bəylər və seyid vəsiqəsi
Aqil Abbas

Tanrım, Sən özün kömək ol! Dərdə bax, millətə bax, zillətə bax, dirilərdən ölülər kayf alacaq!
«Baharın on yeddi anı»nda bir yer var. Müllerin köməkçisi girir içəri, Müller də dilxordu, əsəbi halda soruşur: «Çto sluçilos, Betner? Mı vızyali Moskvu?!» İndi nə olub, mı vızyali Şuşu?! Day ölkənin problemi qurtarıb, bircə problem qalıb, o da cənub bölgəsində bir qazi (Qarabağ qazisi yox ey, QMİ-nin qazisi) bir nəfərə möhürlü, Kərbəlayı demiş, «ştampelli» bir vəsiqə verib ki, bu vəsiqəni daşıyan şəxs seyiddi, özü də əməlli-başlısından.
Ölkə dəyib bir-birinə. Qəzetlər, saytlar (bilmirəm televizyonlar da bu məsələyə qarışıb, ya yox), sosial şəbəkələr… qırğındı, vurçatlasındı. Məmə yeyəndən, pəpə deyənə, hamı müzakirə edir. Dedim mən kimdən əskiyəm ey, niyə dəstədən geri qalım ki, sonra da desinlər bu millət vəkilləri hara baxır. Düzdü, məndən əvvəl bir millət vəkili ürəyini boşaldıb, hər halda istədim, türklər demiş, mənim də bu şorbada duzum olsun.
Ay camaat, nə düşmüsüz bir fağır qazinin, bir fağır seyidin üstünə?! Axı belə titul sənədi almaq bizim millətin canındadı, bu bizim olmuş-keçmiş gələnəklərimizdən biridi.

Əbdürrəhim bəyi oxumamısız? Oxumamızsa, gedin oxuyun. Məsləhətdi. Bəy yazır ki, Qarabağda dörd cür bəy var: pervi sort, vtoroy sort, tretiy sort və nəhayət, çetvyortıy sort. Üçünü qoydum qırağa, əsas çetvyortudu. Belələri bir az ordan-burdan pul çırpışdırıb, bir az ondan-bundan borc alıb özlərini verirlər Tiflisə, Qafqaz canişinliyinə. Və canişinlikdən bir urus tapıb yalvar-yaxarla, zorla rüşvət verib (bilirsiz də yazıq urusların da rüşvətdən zəndeyi-zəhlələri gedir) bir bəylik vəsiqəsi alıb qoyurmuşlar döş ciblərinə, gəlib Qarabağda şellənə-şellənə fors edirmişlər, şahla plov yemirmişlər ki, bığları bulaşar, axşam gedib evdə soğan-çörəklərini yeyərmişlər. Sonra da yavaş-yavaş xalça-palazlarını satıb borcların qaytararmışlar və qalarmışlar quru yurdda. Zato, bəylik vəsiqələri vardı və hamı onlara bəy deyirdi: bəy, burdan otur; bəy, ordan otur; bəy, sən ağıllı adamsan, Qətərin axırı necə olacaq…

Düşmüsüz bir fağır qazi ilə, bir fağır seyidin üstünə…

90-cı illərin əvvəllərində Qafqaz canişinliyi köçmüşdü Bakıya, deyəsən, yadınızdan çıxıb. İbrahimbəyov qardaşlarından, deyəsən Rüstəm müəllim, hə, hə, Rüstəm müəllim, keçənlərdə də prezident olmaq istədi, Cəmil müəllim imkan vermədi… harda qaldıq? Hə, 90-cı illərdə Rüstəm müəllim bir «Əsilzadələr» cəmiyyəti yaratmışdı. Bir ucdan dostlara-tanışlara, tanınmışlara, «əsilzadə» vəsiqəsi, daha doğrusu, sənədi paylayırdı, qəzetlər də parta-partla Rüstəm müəllimin «fərmanlarını» çap edirdi: «Filankəsov Filankəs Filankəs oğluna əsilzadə titulu verilsin». Möhür-ştampel də öz yerində. Adamlar da o sənədi qızıl çərçivəyə salıb asırdılar evlərinin divarlarından.

Heç onda kimsə dillənmirdi ki, ay müəllim, ay yoldaş Dadaşov, axı sən kimsən ey, kimin şah, kimin xan, kimin bəy, kimin rəiyyət nəsli olduğunu müəyyənləşdirirsən? İndi düşmüsüz bir fağır qazi ilə, bir fağır seyidin üstə.
Az qalmışdı yadımdan çıxa. Həmin vaxt Rüstəm müəllimin acığına bizim İlqar Əlfioğlu da həmin fason bir təşkilat yaratmışdı, dost-tanışa «bəylik» titulu paylayırdı. Sözün düzü, o vaxt mənim də ürəyimdən keçirdi ki, kaş Rüstəm müəllim mənə də bir «əsilzadə» sənədi verə, amma münasibətim yox idi deyə arzum ürəyimdə qalmışdı. Elə ki İlqar dostumuz «bəylik» təşkilatı yaratdı, çiçəyim çırtladı, necə olsa yerlimdi, dostumdu, dedim arzum ürəyimdə qalmaz. Başım açılanda zəng elədim ki, qaqa, mən ölüm, o kağızdan birin də mənə ver, qoy mən də forslanım. Qayıtdı ki, qaqa, sən öl, əlimiz aşağı olduğundan az çap eləmişdik, qurtardı, axırıncını bir az əvvəl yazıb verdim Zakir Fəxriyə. Dedim, ay qaqa, Zakir mənim qohumumdusa, onların nəslində bəy olmayıb axı! Namərd qayıdıb mənə nə desə yaxşıdı: «Guya sizin nəsildə bəy olub ki?!»

İndi imkanı olanlar 7-8 min dollar pul xərcləyib gedib «həci» sənədi alır, indi bir fağır seyid, əli aşağı olduğundan o tərəflərə gedə bilmir, gedib öz yerlisi fağır bir qazidən bir «seyid» vəsiqəsi alıb, düşmüsüz üstlərinə, ölkəni qaldırmısız ayağa.
Seyidlərin cəddi cənabi peyğəmbər (ə.s) xatirinə, Allah bu milləti dilə-ağıza düşməkdən qorusun! Amin!