backend

“Elçibəy toyumda qol götürüb "Süleymani" havasını oynadı"- FOTO

“Elçibəy toyumda qol götürüb "Süleymani" havasını oynadı"- FOTO

Bu gün çağdaş Azərbaycan tarixində özünəməxsus iz qoyan şəxsiyyətlərdən biri, Azərbaycanın ikinci prezidenti mərhum Əbülfəz Elçibəyin anım günüdür.1938-ci ilin bu günündə Ordubad rayonunun Kələki kəndində anadan olan mərhum Elçibəy həm alim, həm ideoloq, həm partiya rəhbəri və ən nəhayət idarəçi kimi bu gün də xatırlanır. Onun idarəçiliyi barəsində heç zaman birmənalı fikir söylənilməyib. Kimi müsbət, kimi isə mənfi tərəflərini deyib. Amma bir şəxsiyyət kimi isə siyasi düşüncəsindən asılı olmayaraq, əksəriyyət onu bu gün də xoş sözlərlə xatırlayır.

Moderator.az tanınmış şair, publisist Ehtiram İlhamın Əbülfəz Elçibəylə bağlı xatirələrini təqdim edir:

“Bəy haqqında o qədər gözəl xatirələr var ki... Hansını danışım bilmirəm. Elçibəyin hakimiyyətdə olduğu illər idi. Cəbhədə ağır döyüşlər gedirdi. Aztv-nin o zaman texniki imkanları çox zəif idi, avadanlıqlar köhnəlmişdi. O zamankı sədr Məmməd İsmayıl bunu aradan qaldırmaq üçün maliyyə ayrılmasını istəyirdi. Bir dəfə məndən də soruşdu ki, bütün bunları təzələmək neçəyə başa gələr? Dedim, Allahına qurban, cəbhədə döyüşlər gedir, nə texnika?! Nə isə hesabladılar, lazım olan xərc qədər maddi kömək üçün dövlət səviyyəsində müraciət etdilər. Elçibəy bunu qəbul etdi. Almaniyanın bir şirkəti texniki avadanlıqların yenilənməsi işini həyata keçirdi. Açılışda Elçibəyin özü də prezident kimi iştirak edirdi. Məmməd İsmayıl istədi ki, ağzın açıq təşəkkür etsin, maddi vəsait ayrılması üçün “çox sağ ol” desin, amma bəy buna imkan vermədi.
Daha sonra Məmməd bəy yeni texniki avadanlıqlarla mümkün olan montaj effektləri haqqında danışdı. Axırda da zarafatyana dedi ki, televiziyanın da bir işi bu hoqqalardı. Yəni o, montaj effektlərini nəzərdə tutub dedi. Onda Elçibəy qayıdıb dedi ki, biz bu boyda pulu bu hoqqalar üçün vermişik?!”

Elçibəy 1997-ci ildə mənim toy məclisimdə də iştirak edib. Biz hərəkat uşaqları hərdən “zaryadka”mız qurtaranda Kələkiyə gedərdik. Bəyə baş çəkər, yenidən enerji ilə yüklənərdik. Hər dəfə də hamımız haqqında soruşar, kimdən evlənib-evlənmədiyini, kimsədən isə başqa məsələləri soruşardı. Bəyi toy məclisimizə dəvət etdik. Masabəyi tanınmış parodiyaçı İlham Əziz idi. İstədi ki, birinci sözü Elçibəyə versin. Mənə yaxınlaşıb məsləhət etdi. Dedim ki, özünə de. Amma görün nə cür abırlı adamdır ki, birinci çıxış etmədi. Dedi ki, mən burada olmamışam, bu məclisin əziyyətini çəkməmişəm, kimlər əziyyət çəkibsə, əvvəlcə onlar danışsınlar.
Birinci İsa Qəmbər, sonra isə o çıxış etdi. Çox gözəl nitq söylədi. Nitqdən sonra qol qaldırıb Üzeyir bəyin “Süleymani” havasını da oynadı.

Bəy haqqında xatirələrlə yanaşı, şeirlər də çoxdur. Mən 2001-ci ildə həmin şeirləri bir araya toplayıb, kitab halında çap etdim. “Dədəm, xoş gəldin” adlı kitabda ən tanınmış şairlərdən tutmuş məktəblilərə qədər müxtəlif imzaların adları var. Onların hamısını Elçibəyə olan böyük sayğı və qələm borcu birləşdirir”.