backend

“Elçibəy bilsəydi ki, kimsə rüşvət alır, onunla bir masada oturmazdı”

“Elçibəy bilsəydi ki, kimsə rüşvət alır, onunla bir masada oturmazdı”

Bu gün çağdaş Azərbaycan tarixində özünəməxsus iz qoyan şəxsiyyətlərdən biri, Azərbaycanın ikinci prezidenti mərhum Əbülfəz Elçibəyin anım günüdür.1938-ci ilin bu günündə Ordubad rayonunun Kələki kəndində anadan olan mərhum Elçibəy həm alim, həm ideoloq, həm partiya rəhbəri və ən nəhayət idarəçi kimi bu gün də xatırlanır. Onun idarəçiliyi barəsində heç zaman birmənalı fikir söylənilməyib. Kimi müsbət, kimi isə mənfi tərəflərini deyib. Amma bir şəxsiyyət kimi isə siyasi düşüncəsindən asılı olmayaraq, əksəriyyət onu bu gün də xoş sözlərlə xatırlayır.

AMEA-nın əməkdaşı, tanınmış şair, professor Vüqar Əhməd Moderator.az saytına açıqlamasında vaxtilə yaxşı tanıdığı Əbülfəz Elçibəy haqqında maraqlı fikirlər səsləndirib:

“Onunla aspiranturada oxuduğum zaman Milli Kitabxanada tanış olmuşuq. Rəhmətlik çox mehriban, saf, mülayim, mədəni insan idi. Çox vaxt kitabxanada mütaliə edəndə yanaşı oturardıq.
Yorulan kimi deyirdi ki, bir çıxaq siqaret çəkək. Ya da deyirdi ki, gedək çay içək.
Mənə “türkoğlu” deyirdi. Deyirdi ki, sənin gözlərindən saflıq və türklük yağır.
Ədəbiyyatı çox gözəl bilirdi. Polemik söhbətlərimiz olurdu çayxanada…
Rüşvətin düşməni idi. Bilsə idi ki, kimsə rüşvət alır, o adamla bir masada çay belə içməzdi.
Məni indi olmasın, çox istəyirdi. 20 yanvar hadisələrindən bir az ötmüşdü.
Elçibəyi Akademik kitab”da gördüm. Dedim “bəy, necəsən?”, dedi ki, pis. Prokurorluqdan gəlirəm. Müstəntiq 20 yanvarı mənim boynuma qoymaq istəyir.
Dedim, qələt eliyir müstəntiq. Qayıtdı ki, ürəyim bərk ağrayır. Müstəntiq məni 4 saat istintaq etdi. İndi olmasın, onu qucaqladım və dedim ki, narahat olma, hamı bilir ki, sizlik bir şey yoxdu.
Bir gün Zümrüd Qurbanlı dedi ki, Elçibəy bizi – Borçalıdan bir qrup ziyalını qəbul edəcək. Bizə tapşırdı ki, Vüqara da deyin sizinlə birlikdə qəbula gəlsin.
Bir ildir prezidentəm, amma yanıma gəlməyib. 1993- cü il iyunun 20- si qəbula getməliydik. Amma məlum səbəblərdən bu görüş baş tutmadı. Elçibəy o zaman artıq Kələkiyə getmişdi. Allah Əbülfəz bəyə rəhmət eləsin”