backend

SON DƏQİQƏ!!! Sarkisyan Təhlükəsizlik Şurasının qapalı iclasını keçirdi: MÜHARİBƏYƏ HAZIRLIQ

SON DƏQİQƏ!!! Sarkisyan Təhlükəsizlik Şurasının qapalı iclasını keçirdi: MÜHARİBƏYƏ HAZIRLIQ

Ermənistan prezidenti Serj Sarkisyan dünən Milli Təhlükəsizlik Şurasının qapalı iclasını keçirib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, iclasda Yaxın Şərqdə baş verən hadisələr, ərzaq təhlükəsizliyi və təbii resursların idarə edilməsi müzakirə olunub.

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, iclasda Sarkisyan Yaxın Şərqdəki erməni icmalarının mirasının qorunması, onların təhlükəsizliyinin təmin olunmasında aktiv rol oynamaq haqda tapşırıqlar verib. Ermənistan prezidenti, həmçinin, Suriyada humanitar yardıma davam etmək, ərəb ölkələri ilə münasibətləri dərinləşdirməklə bağlı da bir sıra göstərişlər verib. İclasda ərzaq təhlükəsizliyi, təbii resursların idarə olunması müzakirə edilib, bəzi tapşırıqlar verilib.

Sarkisyanın Təhlükəsizlik Şurasının iclasını çağırması və orada müzakirə edilən məsələlər yaxın gələcəkdə Ermənistanın atacağı addımlarla bağlı bir sıra ehtimallar yaradır.

Mütləqi-hakimiyyət: 2018-ci ildən sonraya hazırlıq planı

Hər şeydən öncə Milli Təhlükəsizlik Şurasının iclasının çağırılması Sarkisyanın 2018-ci ildən sonrakı dövr üçün hazırlığa strat verdiyinə işarədir. Bu il aprelin 2-də keçirilən parlament seçkilərindən sonra Ermənistanın parlament respublikası üsul-idarəsinə keçidi legitimləşdi. Lakin bu üsul-idarənin de-fakto işləməsi yalnız 2018-ci ilin aprelindən sonra – Serj Sarkisyanın prezident səlahiyyətləri bu tarixdə başa çatır – mümkündür. Bundan sonra Ermənistanda əsas söz sahibi baş nazir olmalıdır, təbii ki, Sarkisyan buna imkan verərsə...

Sarkisyanın 2018-ci ildən sonra nə edəcəyi sual altındadır: versiyalardan birinə görə, o, müdafiə naziri postuna qayıdacaq, digər versiyaya görə isə baş nazir postunu tutacaq. Lakin bu iki versiya zəif ehtimallardır: birincisi, müdafiə naziri postunda Sarkisyanın varisi Viqen Sarkisyan əyləşir, yəni, onsuz da bu post onun nəzarətindədir. Həmçinin, müdafiə naziri postu ilə razılaşmaq Ermənistan üzərindəki mütləq hakimiyyətin itirilməsi deməkdir; ikincisi, baş nazir postu Rusiyanın İrəvana göndərdiyi Karen Karapetyanın inhisarındadır və güman ki, bundan sonra bir müddət belə də olacaq. Moskva baş nazir postuna öz adamını yerləşdirməklə Ermənistan üzərindəki nəzarətini sabit saxlayır.

Ermənistan mediasının da yazdığı kimi, Sarkisyan prezident səlahiyyətlərini başa vurduqdan sonra, ölkə üzərində nəzarətini saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının baş katibi olmaq niyyətindədir. Hesab etmək olar ki, dünən keçirilən iclas gələcək prosesə strat verilməsidir. İclasda ərzaq təhlükəsizliyi və təbii resursların idarə olunması kimi məsələlərin müzakirəsi ilə Sarkisyan ölkə daxilində vacib sahələr üzərindəki nəzarətini möhkəmləndirir.

Müharibəyə hazırlıq

İclasda Yaxın Şərqdəki hadisələrin müzakirəsi də təsadüfi deyildi. Ehtimal etmək olar ki, qapalı iclasda Ermənistanın Rusiyanın yanında Suriyadakı müharibədə iştirakı müzakirə olunub. Rəsmi Moskva Suriyadakı hərbi əməliyyatlarında Gümrüdəki 102-ci hərbi bazasından istifadə etmək niyyətini açıqlayıb, həmçinin, erməni hərbi birləşmələrinin aktiv əməliyyatlara qoşulmasını istəyir. Müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına açıqlamasında erməni hərbi birləşmələrinin Suriya müharibəsinə qoşulacağını istisna etmədi. Lakin Ermənistan ictimaiyyətində erməni əsgərlərin Suriyaya getməsinə qarşı ciddi etiraz var. Ermənilər hesab edirlər ki, əgər ölkələri Suriya müharibəsində tərəf olarsa, bu, onları terorçuların hədəfinə çevirəcək. Digər tərəfdən, Suriyada Rusiyanın yanında döyüşmək Amerikanın qəzəbinə səbəb olacaq ki, bu da Qərbdən gələn maddi və mənəvi dəstəyin kəsilməsi deməkdir. İrəvan rejiminin Suriyada rusların yanında döyüşəcəyi isə şübhəsizdir. Bu baxımdan, qapalı iclasda məhz bu məsələnin müzakirə edildiyi ehtimalı böyükdür. Deməli, Ermənistan müharibəyə hazırlaşır, lakin bu dəfə Suriyada....

Bir daşla iki quş

Sarkisyanın 2018-ci ildən sonra ölkəyə nəzarət etmək üçün baş katib olaraq əyləşməyə hazırlaşdığı Milli Təhlükəsizlik Şurasının iclasında məhz Yaxın Şərq məsələsini müzakirə etməsi həm də Rusiyanın dəstəyini əldə etmək planlarının bir parçası hesab oluna bilər. Belə ki, Ermənistan prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirərək, ilk növbədə ölkə daxilində vacib sahələrə nəzarəti gücləndirir, digər tərəfdən, erməni əsgərlərinin Suriyaya göndərilməsi məsələsini müzakirə etməklə gələcək hökmdarlığı üçün Moskvanın dəstəyini qazanmaq istəyir.