backend

Tanınmış jurnalistin atası vəfat edib

Tanınmış jurnalistin atası vəfat edib

















Keçən ilin fevral ayının 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan tanınmış jurnalist İmdad Əlizadənin 71 yaşlı atası, müəllim, yazıçı-publisist Əli Əliyev bu gün vəfat edib.

Lent.az xəbər verir ki, həmin gün Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən yolu keçdiyi vaxt minik avtomobili tərəfindən vurulan Əli Əliyev həmin gündən koma vəziyyətində olub və səhhətində irəliləyiş baş verməyib. Keçən ilin fevralın 22-dək Bakıdakı 1 saylı xəstəxananın (“Semaşko”) reanimasiya şöbəsində saxlanılan və daha sonra Mərkəzi Klinik Xəstəxana və digər özəl klinikalarda müalicə edilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad atasıdır. Ölkənin tanınmış jurnalistlərindən olan İmdad Əlizadə onun böyük oğludur.

Allah rəhmət eləsin.