backend

TƏCİLİ!!! Diplomatın bacısı tələbənin 3 ilədək həbsini tələb edir - Elçin Sadıqov “ədalətsiz məhkəmə gedir” deyir

TƏCİLİ!!! Diplomatın bacısı tələbənin 3 ilədək həbsini tələb edir - Elçin Sadıqov “ədalətsiz məhkəmə gedir” deyir
Elçin Sadıqov “ədalətsiz məhkəmə gedir” deyir, Təhsil Nazirliyi isə…

BDU-nun dekan müavini ilə tələbə arasındakı münaqişə artıq bir müddətdir ki, mətbuatın gündəmindədir. BDU-nun İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Zəka Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı açıqlama verərək bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb. N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Z.Mirağayevin ona böhtan atdığını, ağır cinayət törətməkdə ittiham edərək təhqir etdiyini bildirib.
İyunun 29-da Yasamal Rayon Məhkəməsində Nigar İsmayılzadənin xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb. Şikayətçi N.İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edərək Z.Mirağayevin müsahibələrində dekan müavininə böhtan atdığını deyib və əvəzində onun həbs olunmasını istəyib: “Bu adam ancaq cəzaçəkmə müəssisəsində ağıla gələ bilər. Ora düşəndən sonra əməlinin nəticəsini düşünə bilər”.
N.İsmayılzadənin digər vəkili Sadiq Rəsulov da Zəka Mirağayevin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. Nigar İsmayılzadə də vəkillərinin çıxışı ilə razılaşdığını deyib.
Z.Mirağayevin vəkili Elçin Sadıqov çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.
“Yeni Müsavat”a açıqlama verən vəkil Elçin Sadıqov tələbəni 3 il 6 ayadək həbs cəzası gözlədiyini dedi: “147.2-ci maddəsinə görə, 3 ilə qədər azadlıqdan məhrumetmə və islah işləri nəzərdə tutulur. 148-ci maddəyə görə, 3 il 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hazırda Zəka Mirağayevi 3 il 6 aya qədər həbs cəzası gözləyir. Amma məhkəmə kobud qanun pozuntuları ilə getdi. Hətta qanun qəti şəkildə yol vermədiyi halda, məhkəmə baxışına 148-ci maddə də əlavə olundu. Məhkəmə icraatı da bunu qəbul etdi. Halbuki qanun buna yol vermirdi. Məhkəmənin bu cür qanunsuz getməsi sifarişin olduğunu göstərir. Düzü, belə bir təhlükə var ki, Zəka Mirağayev azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq. Məhkəmə tamamilə haqsız, ədalətsiz aparıldı. Təbii ki, biz bundan Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik. Əvvəlcə apelyasiyaya, təmin olunmasa kasasiya şikayəti, sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bu məsələnin universitetin daxili prosedurları ilə bağlı olan bir məsələ olduğunu dedi: “Bununla bağlı universitetə müraciət edin”.
Xatırladaq ki, N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Qaynarxtt.az