backend

Biz ermənilərlə yenə şərab içəcəyik? - Siyasilər Mehriban xanımın ermənilər haqda fikrinə münasibət bildirdilər

Biz ermənilərlə yenə şərab içəcəyik? - Siyasilər Mehriban xanımın ermənilər haqda fikrinə münasibət bildirdilər

Sərdar Cəlaloğlu: “Əbədi düşmənlər və əbədi dostlar yoxdur”

Mirmahmud Mirəlioğlu: “Erməni özü düşmən obrazını formalaşdırıb”


Sülhəddin Əkbər: “Burada həm erməni xalqına həm də beynəlxalq birliyə mesaj var”

Əli Əliyev: “Proxanov tərəfindən bu açıqlamanın ictimailəşməsi yanlışdır”

Bir neçə gün öncə məşhur rusiyalı yazıçı Aleksandr Proxanovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdən sonra mətbuta verdiyi açıqlama sosial şəbəkələrdə müzakirə predmeti oldu.

Xatırladaq ki, Virtualaz.org-un müxibirinə açıqlama verən Proxonov deyib: “Xanım Əliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir”.

“Hürriyyət”in əməkdaşı Mehriban xanımın yazıçı A.Proxanova dediyi fikirlərə siyasilərin münasibətini öyrənib.

“Ermənistan cəmiyyətinin siyasiləşmiş hissəsi buna məsuliyyət daşıyır”



ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, ümumiyyətlə əbədi düşmənlər və əbədi dostlar yoxdur: “Biz tarixdən də görürük ki, dünənə qədər bir-birini məhv edən xalqlar bu gün bir aradadır. Almanlarla rusların müharibəsində 5 milyon alman, 50 milyon rus ölüb. Ancaq bu gün almanlarla ruslar əməkdaşlıq edirlər. Eləcə də İngiltərə-Fransa arasında “yüzillik müharibə” oldu. Bu gün onlar əməkdaşlıq edirlər. Bir neçə il əvvəl İngiltərə və Argentina arasında müharibə oldu. Argentina İngiltərənin bir təyyarə daşıyan gəmisini vurdu, buna baxmayaraq, bu gün dostluq edirlər. Yaponiya ilə Rusiya arasında da belə müharibə oldu, ancaq indi dostluq edirlər. Hətta müharibə edən ölkələrin arasında belə, danışıqlar olub. Məsələn, ikinci dünya müharibəsi zamanı, müharibə gedə-gedə Hitlerlə Stalinin arasında 4 dəfə danışıq olub.

Sadəcə olaraq ermənilər Azərbaycana qarşı haqsız iddiadadırlar. Bu siyasi bir iddia olduğuna görə, Ermənistan cəmiyyətinin siyasiləşmiş hissəsi buna məsuliyyət daşıyır. Özü də o hissəsi yox ki, siyasidir, o hissəsi ki, ədalətsizliyi müdafiə edir. Ermənistanda millət vəkili Akopyan var. O, dəfələrlə çıxış edib ki, “Dağlıq Qarabağ Azərbaycanındır, nə istəyirsiniz, niyə əl çəkmirsiniz?”. Orada ziyalılar var ki, açıq şəkildə Dağlıq Qarabağın Azərbaycanın olduğunu, bu torpaqları almağın müqabilində erməni xalqının bu bölgədə özünə böyük düşmən qazanacağını, Türkiyə və Azərbaycanla əməkdaşlığın Ermənistan dövləti üçün vacib olduğunu və Qarabağ məsələsinin Ermənistanın müstəqilliyinə çox ciddi bir əngəl olduğunu dəfələrlər bəyan ediblər”.

“Mən o adamlara düşmənəm ki, onlar beynəlxalq hüququ tapdalayırlar”

S.Cəlaloğlu maraqlı bir faktı da xatırlatdı: “Sovet hökuməti dağılan vaxtlarda Hayrekyan var idi. Xalq Hərəkatı başlayanda bizə məktub göndərmişdi ki, Sovet hökumətinə qarşı vuruşaq, çünki bizi bir-birimizlə savaşdıran Rusiyadır. Demişdi ki, oturaq bu məsələni qardaş kimi həll edək. O vaxtı Hayrekyana Azərbaycandan lazım olunan dəstək verilmədi. Ondan başqa, Sapçyak adlı biri var idi. Sovet hökuməti dağılmamışdan əvvəl bütün SSRİ respublikalarında gedən xalq hərəkatlarına müraciət etdi ki, gəlin, SSRİ-ni dağıtmamışdan əvvəl Kommunist Partiyasının, Rus imperializminin kökünü elə kəsək ki, ayrılandan sonra rus imperializmi yenidən xalqları bir-birinə qırdırmasın. Amma Sapçyakın sözünə heç kəs baxmadı, Sapçyak öldü getdi. Ondan sonra Rusiyada kommunistlər, həmin imperialist qüvvələr qaldı və hakimiyyətə gəldilər, yenidən eynilə Rusiya həm özünü xalqlar həbsxanasına çevirdi, həm də qonşu xalqlara qarşı düşmənçilik siyasətini aparmağı davam etdirdi. Bu baxımdan, Mehriban xanımın dediyi fikrilərə mən də qatılıram ki, Ermənistan əhalisinin, o cümlədən siyasiləşmiş əhalinin böyük bir hissəsi elə Azərbaycan xalqı ilə eyni mövqedədir. O mövqedə olan adamlar niyə mənim düşmənim olmalıdır ki?! Akopyan da deyir ki, Qarabağ Azərbaycanındır, mən də deyirəm. Onda mən Akopyana niyə düşmən olmalıyam? Mən o adamlara düşmənəm ki, onlar beynəlxalq hüququ tapdalayırlar, Azərbaycan xalqının torpağına, mədəniyyətinə, xalqına düşmənçilik edirlər”.

“Türkdə düşmənçilik hissi yoxdur”

S.Cəlaloğlu dedi ki, əslində, bu gün Ermənistanda olan radikal qüvvələrin hamısı vaxtilə Sovet hökumətinin Suriyadan, Yaxın Şərqdən köçürdüyü ermənilərdir: “Onlar uzun müddət kənarda yaşadıqlarına, azərbaycanlılarla, türklərlə qonşu yaşamadıqlarına görə, onlarda mifik türk düşmənçiliyi var. Amma yerli ermənilər çox yaxşı bilirdilər ki, onların xoşbəxt həyatı azərbaycanlılarla qarşılıqlı əlaqədədir. Vaxtilə Bakının bütün mərkəzi yerlərində, ən yaxşı işlərdə ermənilər işləyib. Ermənilər başa düşmürlər ki, Azərbaycan onlara həmişə ən yaxşı şərait yaradıb?! Mehriban xanım deməsə də, azərbaycanlılarda, ümumiyyətlə, türkdə düşmənçilik hissi yoxdur”.

“Xocalı faciəsini heç kəs unutmayıb”

S.Cəlaloğlu onu da vurğuladı ki, ermənilərin həyata keçirdiyi Xocalı faciəsini heç kəs unutmayıb: “Yəhudilər də Xolokost hadisəsini unutmayıb ki, orada 5 milyon yəhudi öldürülüb. Eləcə də başqa xalqların tarixində belə hadisələr olub. Əlcəzairliləri fransızlar, hinduları amerikanlar genosidə məruz qoyub. Şimali İrlandiya məsələsində İngiltərəni kifayət qədər ittiham etməli məsələlər olub. O cümlədən Pakistan-Hindistan arasında da belə hadisələr olub. Sən burada 450 nəfəri deyirsən, Birmada 1000 nəfərə yaxın müsəlmanı buddistlər yandırdılar. Demirik ki, Xocalı faciəsini yadımızdan çıxardaq. Yaddan çıxarmamaq o demək deyil ki, sən günahı olmayan insanlara qarşı düşmənçilik edəsən. Onda bizimlə terrorçunun nə fərqi oldu ki”?!

“Bütövlükdə erməni xalqını düşmən kimi qəbul etmək doğru deyil”

S.Cəlaloğlu dedi ki, Dağlıq Qarabağ məsələsində kim haqsız mövqedədirsə və bizə qarşı düşəmənçilik edirsə, biz də ona qarşı düşmənçilik etməliyik: “Əslində, Mehriban xanım deməli idi ki, ermənilərlə azərbaycanlıların vahid bir düşməni var, o da Dağlıq Qarabağ ətrafında o münaqişəni yaradan ermənilər və ona dəstək verən ruslardır. Ermənilərin də düşməni Qarabağa iddia edənlərdir. Niyə? Çünki ermənilər özləri deyir ki, Dağlıq Qarabağ məsələsinə görə Ermənistanda korrupsiya baş alıb gedir. Dağlıq Qarabağ məsələsinə görə Ermənistan müstəqillik əldə edə bilmir, Rusiyanın əsarəti altındadır. Dağlıq Qarabağ məsələsinə görə ermənilərin sosial-iqtisadi vəziyyəti getdikcə ağırlaşır. Dağlıq Qarabağ məsələsinə görə dünyada ermənilər təklənib. Erməni xalqı görmür ki, Qarabağ onun əleyhinə işləyir?! Yəni bu gün Dağlıq Qarabağı Azərbaycandan istəyən qüvvələr eyni vaxtda Ermənistan və Azərbaycan xalqına düşmənçilik edir. O baxımdan, biz deməliyik ki, bu gün Azərbaycan və erməni xalqının vahid düşməni var, o da Dağlıq Qarabağ konfliktini yaradanlar, bu münaqişəni aktiv şəkildə saxlayanlar və həllinə imkan verməyənlərdir. Yoxsa bütövlükdə erməni xalqını düşmən kimi qəbul etmək doğru deyil”.

“Erməni doğulanda öz uşağının qulağına türkün düşməni olduğunu pıçıldayır”



KXCP sədri Mirmahmd Mirəlioğlu isə bildirdi ki, Azərbycan xalqında ermənilərin timsalına düşmən obarzı yaranması nə Mehriban xanımdan, nə də bizdən asılıdır: “O onların qazandıqlarıdır. Yəni erməni özü düşmən obrazını formalaşdırıb. Erməni doğulanda öz uşağının qulağına iki kəlmə, yəni türkün düşməni olduğunu, onun hay, hayes olduğunu pıçıldayır. Ona görə də bu məsələlər nə bizdən əvvəlki hakimiyyətlərdən, böyük adamlarımızdan, nə də bügünkü adamlarımızın böyük istəklərindən asılıdır. Bu, mümkün olan məsələ deyil. Bu gəlişigözəl sözdür, ondan o tərəfə bir şey deyil. Bu, Mehriban xanımın səlahiyyətində, arzu və istəklərində deyil, o məsələ birbaşa erməninin xislətindədir. Heç bizim də arzu və istəklərimizdə deyil. Kimsə bunu edə bilməz. O yazıçıdı, şairdi, görüşürsən söhbət edirsən, gəlişi gözəl sözdür. Bu barədə elə rəhmətlik Məhəmməd Füzuli yaxşı deyib ki, şair sözüdür əlbəttə, irad tutmaq yalanmış. Şairlə, yazıçı ilə danışanda hər şey danışmaq olur. Bu o demək deyil ki, bunların hamısı reallıqdır. Şəhidlər Xiyabanı 90-cı ildən üz bəri Azərbaycan insanının gözünün qabağında salınıb. Biz demirik ki, rus xalqı Azərbaycanın düşmənidir, biz deyirik, rus siyasəti Azərbaycanın düşmənidir. Dünənki, bügünkü, sabahkı siyasəti də belə görünür. O siyasəti yürüdən adamlar düşmən siyasəti yürüdürlər, o cümlədən ermənilər, başqaları da”.

“Qarabağ problemi bu dərəcədə unuduldumu?”

M.Mirəlioğlu dedi ki, ermənilərlə münasibətlər zamanı Xocalı faciəsi unudulmamalıdır: “İllər öncə də biz deyirdik ki, Milli Məclis Xocalı faciəsini soyqırım kimi qəbul etsin. Bizim məşhur, bərkgedən millət vəkillərimiz deyirdilər ki, niyə Türkiyə Böyük Millət Məclisi Xocalını soyqırım kimi qəbul etmir? Özümüz qəbul etmirik, amma başqlarından istəyirik, tələb edirik. O zaman Heydər Əliyev Fondunun doğurdan da təqdirəlayiq işlərindən biri ingilis, rus və başqa dillərdə Xocalı ilə bağlı məhşur kitabları oldu. Bunu bütün dünyada yaydılar. İndi özləri öz yaydıqlarını belə unudurlar?! Yaxud bəlkə topaqlarımız alınıb, bizim xəbərimiz yoxdur. Yəni bu görüşdə deyilməsi mümkün olan sözlərdir, reallaşdırılması qeyri-mümkün olan məsələdir. Bu xüsusi qeyd olunmalıdır”.

“Demək çətindir ki, bu məsələdə nə qədər səmimilik var”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Mehriban xanımın dediyi fikirlərin nə dərəcədə səmimi olduğunu deyə bilməz: “Onu Mehriban xanımın özündən soruşmaq lazımdır. Yeni dövlət siyasətinə atılmış Mehriban Əliyeva yəqin ki, özünün sülhpərvər siyasət tərəfdarı olduğunu göstərmək istəyib. Amma yenə deyirəm, bunu dəqiq demək çətindir ki, bu məsələdə nə qədər səmimilik var”.

“Görünür, Birinci vitse-prezident erməni xalqını Ermənistandakı siyasi rejimdən ayırmaq istəyir”

“Təbii ki, dövlət siyasətində, o cümlədən Azərbaycanın hərbi doktrinasında Ermənistanın artıq düşmən olduğu göstərilib. Amma burada söhbətə diqqət ediriksə, erməni xalqından gedir. Görünür, Birinci vitse-prezident burada erməni xalqını erməni dövlətindən, Ermənistandakı siyasi rejimdən, erməni hökumətindən ayırmaq istəyir. Buradan iki mesaj çıxır. Bir erməni xalqına mesaj var. Yəni biz düşmən deyilik, vaxtilə bir yerdə yaşamışıq. İkinci bir mesaj isə yəqin ki, beynəlxalq birliyədir, yeni bir dövlət siyasətinə atılmış bir siyasətçi kimi, məsələnin sülh yolu ilə həlli tərəfdarı olduğunu çatdırır. Təbii ki, Ermənistan dövlətindən söhbət gedirsə, Ermənistan Azərbaycanın açıq düşmənidir. Amma mənə verdiyiniz suallara dəqiq cavab almaq üçün Mehriban Əliyevaya sual verməlisiniz ki, o, nəyi nəzərdə tutur, nə məqsədlə belə danışır”,- dedi partiya sədri.

“Özəl söhbətlərdə səsləndirilən fikirlərin ictimailəşməsi etikanın pozulmasıdır”

VİP sədri Əli Əliyev isə bildirdi ki, Proxanov tərəfindən bu açıqlamanın ictimailəşməsi yanlışdır: “Belə ki, tanış olduğum materillarda Proxanovla özəl söhbət zamanı vitse-prezident bu ifadəni işlədib və diplomatik tərzə uyğun olmayan şəkildə Proxanov bu ifadəni ictimailəşdirib. Bu məsələnin bir tərəfidir. Buna bənzər ifadə jurnalist Solovyov tərəfindən də edilmişdi. Prezident İlham Əliyevlə görüşü zamanı Amerika Birləşmiş Ştatları haqqında apardıqları fikir mübadiləsinin detallarını Salavyov Moskvada radiostansiyada açıqlamışdı. Diplomatik davranış qaydalarına görə, özəl söhbətlərdə səsləndirilən fikirlərin ictimailəşməsi etikanın pozulmasıdır və nəzakət qaydalarına riyayət olunmamasıdır. Həm Proxanovun, həm də Solovyovun Kremlin emissarı olaraq Azərbaycan hökumətini daha çox yıpratmaq məqsədi güdən mövqeyinin şahidi oluram. İlk növbədə, Proxanovun, Solovyovun bu mövqelərini qətiyyətlə pisləyirəm. İkincisi, ölkənin başında duran şəxslərin, yəni onun birincisinin, ikincisnin daha mütavazi mövqe nümayiş etdirməsində mən qeyri-adi bir şey görmürəm”.

“Bu, Azərbaycan xalqının mövqeyi deyil”

Ə.Əliyev nəzərə çatdırdı ki, dəfələrlə ölkə başçının dilindən erməni işğalçılarına qarşı kifayət qədər sərt mövqe nümayiş etdirilib və erməni xaqı ilə işğalçılar, separtçılar arasında bir sərhəd çəkilib: “Mehriban xanımın da bu ifadəsi dövlət rəhbərliyində olan şəxsin ifadəsidir. Əlbəttə ki, Mehriban xanımın bir qadın, dövlət xadimi olaraq belə mülayim mövqe nümayiş etdirməsi başadüşüləndir. Ancaq bu, Azərbaycan xalqının mövqeyi deyil. Azərbaycan xalqı erməni xalqının Azərbaycana qarşı işğalçı, təcavüzkar siyasətini, Ermənistanın rəsmi çevrələrindən Azərbaycana püskürdülən mənfur fikriləri heç cür həzm edə bilmir. Dövlət xadimləri diplomatik görüşlər zamanı yumşaq mövqe nümayiş etdirə bilərlər. Bu, dünya ictimaiyyətinə Azərbaycanın heç də qisaskar olmadığını nümayiş etdirmək üçün deyil. Azərbaycan xalqının böyük əksəriyyəti ermənilərdən qisas almağın tərəfdarıdır. İşğal olunmuş topaqlarmız geri qaytarılmasa, zəbt olunmuş mənəvi, tarixi abidələrimiz bərpası olunmasa, şəhidlik zirvəsinə yüksəlmiş insanlarımızın qanını almayana, heyfini çıxmayana qədər ermənilərlə hər hansı normal münasibətlərin bərpası ola bilməz. Ona görə də bu mövqe Azərbaycanın dövlət xadiminin mövqeyi kimi qiymətləndirilməlidir. Son 25 ildə ermənilərin Azərbaycan xalqına qarşı olan mövqeyinə görə qətiyyətli cavab verilməsinin, əvəz çıxılmasının tərəfdarı kimi çıxış edərək, mən də bu sırada duran adamlardan biriyəm”.