backend

Məhəmməd Quluzadə: İlk dəfə İngiltərədə plyajda qazandan plov yedim

Məhəmməd Quluzadə: İlk dəfə İngiltərədə plyajda qazandan plov yedim




















“Tələbə universitetə nələrisə öyrənmək üçün gəlməlidir”.

Oxu.az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) həmtəsisçisi Məhəmməd Quluzadədir:

- Məhəmməd bəy, AUKAA-nın təsisçilərindən birisiniz. Belə bir təşkilat qurmaq ideyası necə yarandı?

- Əslində 2005-ci ildə belə bir təşkilatın yaradılması ideyası British Council tərəfindən irəli sürülmüşdü. British Council aktiv məzunları dəvət etdi və təklif edildi ki, təşkilatı biz yaradaq. O zaman British Councilda məzunların siyahısı vardı. Söhbət hələ dövlət proqramı olmayan illərdən gedir.

- Siz neçənci illərdə İngiltərədə təhsil almısınız?

- 2001-2002-ci ildə Essex Universitetinin Beynəlxalq insan haqları hüququ üzrə magistratura təhsili almışam. Ondan öncə isə BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirmişdim. İngiltərədən qayıtdıqdan sonra aspiranturaya daxil oldum. 2008-ci ildən isə BDU-da hüquq fakültəsində dərs deyirəm.

- Hansı fənn üzrə?

- Əsasən ingilis dilli qruplarda hüquqla bağlı bir neçə fənn üzrə dərs deyirəm. Məsələn, miqrantların hüquqları, QHT qanunvericiliyi, insan haqları və s.

- Yalnız ingilis dilində dərs deyirsiniz?

- İndi BDU-da Essex Universitetindəki modeli əsasında İnsan haqları hüququ magistr proqramı yaradılıb. Bu proqramda bütün fənnlər ingilis dilində keçirilir və bütün müəllim heyəti də xaricdə təhsil alan şəxslərdir. Bu proqram artıq bir neçə ildir fəaliyyət göstərir. Bu proqramda təhsilin keyfiyyəti çox yüksəkdir. Çünki tələbə azdır. Amma onu deyim ki, bu proqrama maraq çoxdur.

- Gəlin, AUKAA-nın necə yaranması sualına qayıdaq.

- Bəli, British Council ideyanı irəli sürdü, biz də bu təşkilatı yaratdıq, kimlərin üzv ola biləcəyini müəyyən etdik. 2008-ci ildə Ədliyyə Nazirliyindən ictimai birlik kimi qeydiyyatdan keçdik. O gündən bu yana sayımız artmaqda davam edir. Tədbirlərimizdə səfirlər, önəmli qonaqlar iştirak edir, uğurlu layihələr edilir.

- Səhv etmirəmsə, təşkilatın ilk sədri Siz olmusunuz…

- Bəli, 2005-2006-ci illərdə AUKAA-ya sədrlik etmişəm. Bir qədər təvazökarlıqdan uzaq olacaq, amma mən hər zaman AUKAA-da fəal üzv olmuşam, bir neçə dəfə İdarə Heyətində olmuşam. Üzvlərinin çoxunu tanıyıram. Lakin yeni üzvlər o qədər çoxdur ki, onları yadda saxlamaq olmur. Dövlət proqramı yarandıqdan sonra xaricdə təhsil alanların sayı gözlə görüləcək qədər çoxalıb. Onları tədrisə cəlb etmək lazımdır.

- Məncə, kiçik məvaciblə onları tədricən cəlb etmək çətin olacaq…

- Haqlısınız. Amma hər birimizin yüksək gəliri olan iş yerlərimiz var. Bu halda həftədə bir neçə saat ayırıb, təhsilimizə dəstək olmaq məncə çətin olmamalıdır. Şükür ki, mənim kimi düşünənlər də az deyil.

- Məhəmməd bəy, bəs Sizin yüksək gəliri olan iş yeriniz varmı?

- Bəli. Mən “MG Consulting” şirkətinin rəhbəriyəm. Bu şirkət əsasən QHT qanunvericiliyi sahəsində ixtisaslaşıb.

- Bəs BDU-da vəziyyət necədir? Tələbələriniz Sizi çox incitmir?

- Tələbələr müxtəlif olub, amma mən onlara qarşı həmişə tələbkar və sərt olmuşam. Çünki tələbələr mülayim müəllim görəndə şıltaqlıq edirlər.

- Məhəmməd bəy, Sizcə tələbələri qayıblarla dərsdə saxlamaq nə dərəcədə düzgün metoddur?

- Mən bunun tərəfdarı deyiləm. Çünki qayıbın gücünə dərsdə oturan tələbənin də fikri dərsdə olmur və onun diqqətini dərsə yönəltmək çətindir. Hesab edirəm ki, tələbə universitetə nələrisə öyrənmək üçün gəlməlidir. Lakin görünən odur ki, tələbəni dərsdə saxlamağın ən optimal yolu qayıbdır.

- Yeri gəlmişkən bəlkə Siz də bizə İngiltərədəki tələbəliyinizdən danışasınız…

- Onu deyim ki, mən İngiltərəyə oxumağa gedəndə elə bilirdim ingilis dilini bilirəm. Amma orda başa düşdüm ki, İngiltərədə heç kim bizim öyrəndiyimiz ingilis dilində danışmır. Yadımdadır ilk imtahanda çox yüksək nəticə göstərdim. Bizim qrupda isə iki ingilis vardı. Onlar bir il mənimlə danışmadılar. Qürurlarına toxunmuşdu ki, hansısa azərbaycanlı “5” aldığı halda, onlar “4” almışdı. Düzdür, daha sonra o nəticəni təkrarlaya bilmədim. Bəlkə də o ingilislərin qarğışı tutdu məni. Yox, təbii ki, bu belə deyil, sadəcə o nəticəni təkrarlamaq üçün kitabxanada yatıb-durmaq lazım idi.

Sizə gülməli bir əhvalat danışım. Biz mədəniyyət baxımından özbək-tacik tələbələr ilə yaxın idik. Ramazan ayında birlikdə oruc tuturduq, onlar yemək bişirəndə məni tez-tez qonaq edirdilər. İngilislər isə bu mənada çox quru və soyuqqanlı insanlardırlar. Deməli, dəniz bizim universitetdən 40-45 dəqiqə uzaqlıqda idi. Amma dərslərin ağırlığından imkan tapıb gedə bilməmişdik. Həm də dərsdən sonra hərə bir iş tapıb işləyirdi. Dərs ili bitirdi, yay idi, qərara gəldik ki, gedək dənizə.

Dayanacaqda orta asiyalı dostlarımı gözləyirdim. Gördüm universitetin həyətində əllərində böyük bir çanta ilə gəlirlər. Düşündüm ki, dənizə meyvə-tərəvəz apararlar, ən böyük olsun qarpız. Amma bu çanta çox böyük idi. Soruşdum ki, nə aparırsız belə? Dedilər ki, biz yaxşı plov hazırlamışıq.

Plovu da qazanda aparırlar. Utana-utana bunlarla mindim avtobusa. Getdik çatdıq plyaja, gördük ki, dəniz çəkilib. Çimə də bilmədik, eləcə plovu axıra kimi yeyib qayıtdıq. Beləcə həyatımda ilk dəfə İngiltərədə plyajda qazanda plov yedim. Sonra da sevindim ki, nə yaxşı dəniz çəkilib, ingilis yox idi ki, bizi görsün. Yoxsa indi hamı YouTube-də idi.

- Həqiqətən sevindirici haldır…

- Sizlə ən çox fəxr hissi keçirdiyim anı bölüşmək istəyirəm.

- Buyurun.

- Deməli, o vaxt Böyük Britaniyanın şahzadəsi Endryu Bakıya gəlirdi və səfirlikdən bildirmişdilər ki, o Britaniya məzunları ilə görüşmək istəyir. Bir neçə AUKAA üzvü ilə əla həzrətlə görüş keçiriləcəkdi. Bu görüşə görə dəhşətli dərəcədə həyəcanlı idim. Bu münasibətlə gedib yeni kostyum və təşkilat adından hədiyyə aldım. Görüşə necə lazımdır bəzənib gəlmişdik, şahzadə isə sadə köynəkdə gəldi, əyləşdi, çayını gətirdilər, yanında da balını. Biz isə balı yağ-çörəklə yeyirik. Zarafat bir yana, bu, mənim üçün fəxr etdiyim görüşlərdən biri oldu.