backend

Fikrət Fərəməzoğlu barəsində hökmdən apellyasiya şikayəti verilib

Fikrət Fərəməzoğlu barəsində hökmdən apellyasiya şikayəti verilib

“Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) barəsində hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətində onun barəsində bəraət hökmü çıxarılması xahiş edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.