backend

Avtobus dayanacaqlarını zəbt etmiş sürücülər sərt cəzalanacaq - VİDEO

Avtobus dayanacaqlarını zəbt etmiş sürücülər sərt cəzalanacaq - VİDEO





















Avtobus sürücüləri minik avtomobillərindən şikayət edir.

Avtobus sürücüləri minik avtomobillərindən narazıdırlar. Çünki bu nəqliyyat vasitələrinin sürücüləri dayanacaqlara məhəl qoymur.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, avtobus sürücülərilə dayanacaqlarda duran minik avtomobili sürücülərinin mübahisələrini görmək artıq adi hala çevrilib. Mübahisənin də səbəbi, birinin digərinin yerini tutmasıdır.

Avtomobil sürücüləri dayanmağa yerin olmadığından gileylənir, avtobus sürücüləri isə onlara ayrılmış dayanacaqlara, həmin minik maşınlarının ucbatından daxil ola bilməməsindən şikayət edir. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür halların tez-tez baş verməsinin kameralar vasitəsilə bir daha şahidi olmaq mümkündür.

Məsələ ondadır ki, minik avtomobilləri və taksi fəaliyyətilə məşğul olan sürücülər, qanunsuz olaraq dayanacaq ərazisini zəbt edir. Bu zaman da avtobus sürücüləri dayanacağa daxil olmadan, elə yolun ortasında duraraq sərnişinləri düşürür. Bu halda isə bir tərəfdən sərnişinlərin təhlükəsizliyi təmin olunmur, digər tərəfdən isə hərəkətdə olan digər sürücülər narazılıq edir. Bu hal elə avtobus sürücülərinin də ürəyincə deyil.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, isə öz növbəsində bu istiqamətdə müvafiq işlərin aparıldığını və dayanacaqları qanunsuz zəbt etmiş sürücülərə qarşı tədbirlərin görüldüyünü bildirdi.

Vaqif Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə kimi, Bakı şəhərində keçirilən reydlər zamanı, minə yaxın sürücü aşkarlanıb məsuliyyətə cəlb edilib: “Məlumat üçün deyirəm ki, avtobus duracaqlarının qeyri-qanuni olaraq zəbt edilməsinə görə, həmin sürücüləri 40 manat cərimə edirlər”.

Vaqif Əsədov, dayanmağa yerin olmadığını bildirən sürücülərə onu da bildirdi ki, paytaxtın inzibati ərazisinə düşən 70-dən artıq küçə və prospektlərində 200-ə yaxın parkomatlar quraşdırılıb. Onlar bu vasitələrdən istifadə edərək, yol kənarlarında nəqliyyat vasitələrini saxlaya bilərlər. Amma dayanacaqları qanunsuz zəbt etmiş sürücülərə qarşı sərt tədbirlər görüləcək.

Sonda Vaqif Əsədov dərs ilinin başlanması ilə əlaqədar olaraq yollarda sıxlığın yaşanmaması üçün sürücü və piyadalara təmkinli olmağı və qanuna riayət etməyi məsləhət gördü.