backend

Paytaxtın məşhur əxlaqsızlıq yuvalarına kimlər himayədarlıq edir?

Paytaxtın məşhur əxlaqsızlıq yuvalarına kimlər himayədarlıq edir?













Bu obyektlərdə şıdırğı insan alveri gedir.
«Elvin», «Araz», «Fidan», «Altun», «Qrandn»,«Günəşli»...

Dəfələrlə bu mövzudan söhbət açaraq həyəcan təbili çalmağımıza baxmayaraq təəssüf ki, Bakıdakı əxlaqsızlıq yuvalarının sayı günbəgün artır. Bir məmurlara məxsus obyektləri ayrı-ayrı qurumlar himayə edir. Əfsuslar olsun ki, haqqında söhbət açmaq istədiyimiz bu problem artıq uzun illərdir həll edilmir. Elə bunun nəticəsidir ki, hər il gənclər arasında yoluxucu xəstəliklər artır. Etiraf etməliyik ki, bu gün ölkəmiz də daxil olmaqla insan alveri bir sıra ölkələri narahat edən əsas qanunsuzluqlardır. Artıq qloballaşan dünyanın bir hissəsi olan ölkəmiz də istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə üzləşir. Ölkəmizlə qonşu, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra bizim məkana da ayaq açır.

Sadaladığımız faktor elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, ayrı-ayrı ailələrin dağılmasına, hətta bəzi gənclərdə sonsuzluğun yaranmasına, fahişəliyin geniş vüsət almasına şərait yaradır. İndi keçək əsas faktlara. Belə ki, qəzetimizin əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum oldu ki, paytaxtın Ziya Bünyadov prospekti, əhali arasında «Dərnəgül yolu» adıyla məşhur olan ərazidə, konkret desək, tikinti materiallarının topdan satıldığı yerdə fəaliyyət göstərən «Sabirabad» kafesi guya ictimai iaşə obyekti profiliylə fəaliyyət göstərsə də, əslində əxlaqsızlıq yuvasına çevrilib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, «Sabirabad» kafesində günün günorta çağı şıdırğı insan alveri gedir. Bura üz tutanlar heç də yalnız nahar etməyə deyil, həm də başqa məqsədlər üçün gəlirlər. Ümumiyyətlə, hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir.

Təəssüf ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bu cür əxlaqsızlıq yuvaları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə etmək məqsədilə təşkil olunub. Yəqin ki, söhbətin hazırda da paytaxtda «Fidan» oteli adı altında fəaliyyət göstərən fahişəxanadan getdiyini anladınız. Qəzetimizə daxil olan bilgilərdə vurğulanır ki, «Fidan» oteli əsl qadın alveri məkanına çevrilib. Otelin müştəriləri bir qədər xərcə düşməklə burda istədikləri formada əylənə bilirlər. Özü də uzun müddət. Çünki artıq neçə ildir aidiyyəti orqanlar əsl qadın alveri məkanına çevrilmiş «Fidan» otelinin rəhbərliyinə «gözün üstə qaşın var» - deyən yoxdur. Belə obyektlərin ucbatındandır ki, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də QİÇS virusuna yoluxanların sayında artım var. Fakt faktlığında qalır - paytaxtda əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Açığı, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər.

Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Məsələn, «Emerald» oteli əxlaqsızlığın sayının artmasının başlıca səbəbkarlarındandır. Müştərilər bildirirlər ki, bu oteldə dincəlmək bir qədər baha başa gəlir - 80-100 manata. Amma «dincəlmək» var, dincəlmək var. Axı digər otellərdə görmədiklərinizi burada izləyə bilərsiniz. Özü də tam təhlükəsiz şəraitdə. Elə buna görədir ki, «Emerald»ın müştərilərinin sayı gündən-günə çoxalır. Şübhəsiz ki, buna rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, belə obyektlərin himayə edilməsidir. Paytaxtın ayrı-ayrı yerlərində istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə rəvac verir. Nəzərinizə çatdıraq ki, bu cür obyektlərə daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir. Paytaxtın digər yerlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların istirahət etdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır. Xətai rayonunda fəaliyyət göstərən «Günəşli» otelində hansı xoşagəlməz halların baş verməsinin şahidi olmaq üçün o qədər də böyük izləmə təcrübəsi tələb olunmur. Artıq belə otellər əhalini boğaza yığıb. Bu cür obyektlərin yerləşdikləri yerlərdə hava qaralandan sonra sakinlərin ailə üzvlərindən heç kim küçəyə çıxa bilmir. Vəziyyət o həddə çatıb ki, belə yerlərdə yaşayan ailələrə qonaq gələn yaxınları da onlara gündüz gəlib, gündüz də qayıdır. Axşama qalmırlar ki, məhəllədə, küçədə, binanın tinində və sair yerlərdə əxlaqsızlarla üzbəüz gələcəklər. Sakinlər bununla bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsələr də, nəticə göz qabağındadır. Sakinlər gileylənirlər ki, artıq evdən küçəyə çıxmaq mümkün deyil. Otelin yaxınlığındakı ərazidə yaşayan bəzi ailələr evlərində sanki dustağa çevrilib. Nə ailələr küçəyə, həyətə çıxa bilir, nə uşaqlar. Eləcə də bəzi kafelər, restoranlar əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərir. Yanaşı fəaliyyət göstərən «Araz» və «Elvin» əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi məkanların sakinləri də belə biabırçılıqlarla bağlı dəfələrlə müvafiq orqanlara müraciət ediblər. Lakin bir çox hallarda heç kim bu məsələyə müdaxilə edib biabırçılığı aradan qaldırmır. Əksinə, bəzi qurumların işçiləri çox qəribə və gülünc variantla canını məsuliyyətdən qurtarırlar. Belə obyektlərdə də cinsi istismara məruz qalanlar əsasən 18-23 yaş arası qızlardır. Bəzi yüksək vəzifəli məmurlara məxsus olan obyektlərdə baş verənlərə heç kim müdaxilə edə bilmir.

Düzdür, ayrı-ayrı yerlərdə polislər kafelərdəki fahişələri oradan yığışdırırlar. Ancaq kafelər bir neçə gün bağlı qalsa da, sonradan yenə fəaliyyətlərini davam etdirirlər. Ən xoşagəlməz faktlar isə ondan ibarətdir ki, bəzən sakinlər kafelərdəki əxlaqsız qadınları özləri aşkarlayıb qovur, ya da müvafiq yerlərə təhvil verirlər. Belə çıxır ki, yüksək vəzifəli bəzi məmurların himayəsində olan fahişə yuvaları hələ işləyir. Nəzərinizə çatdıraq ki, bir sıra əxlaqsızlıq yuvaları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə tədbir görmür. Xətai rayonunda fəaliyyət göstərən «Azəri» kafesi orta məktəbin düz yanındadır. Təsəvvür edirsinizmi, sentyabrdan etibarən hər gün məktəbə gedəcək şagirdlər buradakı rüsvayçı halları - ora gəlib-gedənləri, xüsusi, açıq-saçıq paltarlı qadınları öz gözləri ilə görəcəklər. Təəssüf ki, belə əxlaqsızlıq yuvaları yüksək çinli məmurlar tərəfindən himayə olunduğundan mövcudluqlarını davam etdirirlər. Sakinlərin dediyinə görə, kafelərinin day-dayları güclü olduğundan oranı bağlaya bilmirlər.

Bu siyahıya «Elit» Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən «Qrand» oteli, Yeni Günəşli qəsəbəsindəki «Altun»u, habelə «Astoria Baku» otellərini də əlavə etmək olar. Bu otellərdə əxlaqsızlıq yuvaları təşkil olunur ki, belə yerlərdə bir gecədə 20-25 otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir. Əxlaqsızlıq yuvaları yalnız ayrı-ayrı vətəndaşların rahat yaşamaq, asudə vaxtlarının səmərəli təşkili, gənclərin mənəvi baxımdan pozulmasına yox, digər problemlərə də yol açırlar. Təəssüf ki, adlarını sadaladığımız əxlaqsızlıq yuvaları bu gün də mövcuddur, fəaliyyət göstərir və fahişəxana kimi xidmət göstərirlər. Himayədarı olan obyekt sahibləri nə əhalini sayır, nə də qanunları. Müxtəlif profillərlə fəaliyyət göstərən bu obyektlərdə vəziyyət tamamilə acınacaqlıdır - günün günorta çağı bəzi qurumların gözləri qarşısında insan alveri gedir. Əfsuslar olsun ki, bir sıra aidiyyəti qurumlar da bu məsələyə biganə münasibət sərgiləyirlər.

Mövzuya qayıdacağıq.