Bankın milyonlarını "yeyən" iş adamı həbs edildi

257

Bankın milyonlarını "yeyən" iş adamı həbs edildi















Müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı küllü miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu "Baqira” və "Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə "Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən "Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.