backend

İSMAYILLIDA QAZ İDARƏSİNİN QANUNSUZ CƏRİMƏLƏRİ VƏTƏNDAŞLARI AYAGA QALDIRDI - Pulumuzu kimdən alaq!

İSMAYILLIDA QAZ İDARƏSİNİN  QANUNSUZ CƏRİMƏLƏRİ VƏTƏNDAŞLARI AYAGA QALDIRDI - Pulumuzu kimdən alaq!

Davranış mədəniyyətinin əsas tərəfi çöllük olur deyirlər, ictimai tərəfi insanlıq. Hərdən elə hallar baş verir ki, davranışın mədəniyyət olması adamda şübhə doğurur. Biz deyə bilmərik, İsmayıllı rayonunda baş vermiş dələduzluq halını törədən şəxsin əməli, işindəki qüsur və nöqsanlar hansı ictimai qanunla tənzimlənir, hər halda, onun sayğaca təsir işindəki “zəhmi” davranış mədəniyyəti amili ilə uyğun gəlmir. Bu mənada İsmayıllı rayonunun bir qrup sakinindən gəlmiş şikayət ərizəsini olduğu kimi dərc edir, şikayətin məğzini aidiyyatı orqanların nəzərinə çatdırırıq.

“Real-Press” qəzetinin baş redaktoru cənab Raqif Nazimoğluna

İsmayıllı rayonunun bir qrup sakini tərəfindən

Ərizə


Hörmətli baş redaktor!
Yazıb sizə məlum edirik ki, İsmayıllı rayonunun bir qrup sakini olan bizlərin qaz sayğaclarına rayon qaz idarəsinin işçiləri tərəfindən qanunsuz müdaxilə edilib, saxtakarlıq və dələduzluq yolu ilə hər birimizə ayrı-ayrılıqda 300, 500 manat məbləğində cərimələr yazılıb. Diqqətinizə çatdıraq ki, qaz sayğaclarımızın hamısına eyni şəkildə müdaxilə edilib. Biz bu barədə Rayon İcra Hakimiyyətinə, oranın hüquqşünasına, rayon qaz idarəsinin müdirinə müraciətlər etmiş, hər birinin ayrı-ayrı qəbulunda olmuşuq. Bizə hər iki qurum tərəfindən bildirilib ki, qaz sayğaclarına qanunsuz müdaxilə edən, əməllərində saxtakarlığa və dələduzluğa yol verən rayon qaz idarəsinin əməkdaşı Elvin ı şəxsdir, bu cinayəti məhz o törədib. Bu səbəbdən də o, işindən azad edilib.
Hörmətli baş redaktor! Tutaq ki, əmməllərində saxtakarlıq aşkarlanan bir qaz işçisi etdiyi pis hərəkətlərdən işindən kənarlaşdırılıb, bəs biz sakinlərə dəyən ziyanın ödənilməsi hansı proseslə həyata keçəcək? Nədən kimsə cəmiyyət arasında özünü normal vətəndaş kimi aparmadığı halda, zərərini biz ödəməliyik? O qaz işçisinin dələduzluğu nəticəsində biz sakinlərə nə az, nə çoz, düz 20-25 min manat cərimə yazılıb. Bəs görəsən, bu qədər pulu kim öz cibinə soxmağı planlaşdırıb?
Sizdən artıq dərəcədə xahiş edirik ki, biz sakinlərə yazılmış qanunsuz cərimələrin silinməsində öz köməyinizi əsirgəməyəsiniz.

Mətbuat dördüncü hakimiyyətdir, onun qanunlara rəğbəti sonsuzdur, bu səbəbdən sizə üz tutduq. İnanırıq ki, haqq səsimizi aidiyyatı orqanlara çatdıracaq, bizə dəymiş zərərin silinməsini təmin edəcəksiniz.
Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Hörmətlə:

İsmayıllı rayonunun bir qrup sakini
(30-dan çox imza)


P.S.
Dövlətin əleyhinə işləmək dövlətə xəyanətdir. Bəzi məmurlar öz çirkin əməlləri ilə dövlətə də, xalqa da açıq-aşkar xəyanət edirlər. Maraqlıdır ki, onlar vəzifəyə təyin edilərkən saxtalıqlarını görmək olmur. Ola bilsin o dərəcədə ustadırlar ki, bunu gizlədə bilirlər. Bəlkə də... Elə belədir ki, onların buynuzu sonradan çıxır. Bəs necə, pul kopoyoğlu şeydir axı... (Deyirlər, Quşvəli İcadedənov yeni bir aparat-qurğu kəşf edib, həmin qurğu ilə məmurları tanımaq mümkün olacaq...).
Deyirlər İsmayıllı rayonunun zərər çəkmiş sakinlərinin qaz sayğaclarına saxtakarlıq və dələduzluq yolu ilə müdaxilə etmiş şəxs də işə götürülərkən normal insanlardan biri kimi təsir bağışlayıb. Lakin onun sonradan insanlara divan tutması bu normallıqla heç uyğun gəlmir. Əcəba, onu bu divantutmaya hansı məsələ məcbur edib? Onun bu özbaşınalığına nə zəmin yaradıb? Bütün bunlar barədə növbəti yazılarda fikir ifadə edəcəyik.

Qaynarxett.az