backend

AZƏRBAYCAN DEMOKRAT PARTİYASI İNFORMASİYA BÜLLETENİ

ADP UELS GÖRÜŞÜNÜ YÜKSƏK DƏYƏRLƏNDİRDİ



AZƏRBAYCAN DEMOKRAT PARTİYASI  İNFORMASİYA BÜLLETENİ



ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb və partiyanın münasibəti müəyyənləşdirilib.

İlk öncə Human Rauts Votç beynəlxalq insan hüquqları təşkilatının Azərbaycanla bağlı bəyanatı müzakirə mövzusu olub. Adıçəkilən bəyanatdakı faktların həqiqəti əks etdirməsi qeyd edilib, son zamanlar ölkədə siyasi məhbusların sayının sürətlə artmasının beynəlxalq səviyyədə ciddi narahatlıq doğurması müsbət hal kimi dəyərləndirilib, İdarə Heyəti Azərbaycan hakimiyyətini bir daha siyasi məhbusları azad etməyə çağırıb. İclasda adıçəkilən təşkilatın bəyanatında Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırılması isə müsbət qarşılanmayıb. Belə ki, insan hüquq və azadlıqları ilə əlaqədar sanksiyaların başqa ölkələrin nümunəsində təsirsiz olmasını əsas götürərək partiyanın İdarə Heyəti beynəlxalq təşkilatları siyasi məhbuslarla bağlı nəzarət və siyasi təzyiqləri artırmağa çağırıb.

ADP İdarə Heyəti NATO-nun Uels sammitinin nəticələrini yüksək qiymətləndirib. Xüsusilə də sammit çərçivəsində Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar bəyanatı yüksək dəyərləndirilib və bu bəyanatın Türkiyənin Azərbaycanla strateji müttəfiqliyini bir daha təsdiq etməsi qeyd edilib. Sammitdə qəbul olunmuş yekun bəyanatda Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində həllinə dair NATO-nun mövqeyinin bir daha təsdiqlənməsindən məmnunluq ifadə olunub, İŞİD-ə qarşı geçikmiş olsa belə beynəlxalq koalisiyanın yaradılması alqışlanıb.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin Bakı toplantısı da iclasın diqqət yetirdiyi məsələlərdən olub. Avropa İttifaqına inteqrasiyanın Azərbaycan üçün mühüm əhəmiyyəti baxımından bu tədbirin Bakıda baş tutması yüksək qiymətləndirilib, inteqrasiyanın bütün istiqamətlər üzrə, xüsusilə də qanunçuluq və insan hüquq və azadlıqları sahəsində yüksək sürətlə aparılmasının vacibliyi qeyd edilib.

ADP İdarə Heyəti üzvləri Xırdalanda baş verən bədbəxt hadisədən təəssüfləndiklərini qeyd ediblər və hadisə zamanı zərərçəkənlərin lazımi dövlət qayğısı ilə əhatə olunacaqlarına, maddi və mənəvi kompensasiya ilə təmin ediləcəklərinə ümid etdiklərini bildiriblər.

İclasda bir sıra digər məsələlər ətrafında da müzakirələlər aparılıb və müvafiq qərarlar qəbul edilib.