backend

Ali məktəblərin yataqxana problemləri

Ali məktəblərin yataqxana problemləri




















“O yataqxanada da məcburi köçkünlər məskunlaşıb”.

Dərslər başladı, əksər ali məktəb tələbələrinin qayğıları artdı. Qayğıların ən başında isə yaşayış yeri problemi gəlir. Çünki çoxlarının kirayədə qalmağa maddi imkanı yoxdur. Ali məktəblər isə öz tələbələrini yataqxana ilə təmin edə bilmir.

qaynarxett.az xəbər verir ki, Modern.az-ın əməkdaşı bununla bağlı universitetlərə müraciət edib.

Xarici Dillər Universiteti öz tələbələrinin az bir hissəsinə yataqxana verə bilir. Universitetin mətbuat katibi Zeynəb Kazımova deyir ki, hazırda universitetin 2 yataqxanası var.

“Lakin onlardan birində məcburi köçkünlər məskunlaşdığından, yalnız digərinə tələbələri yerləşdirə bilirik. Düzdür, o yataqxanada da məcburi köçkünlər məskunlaşıb, amma bir hissəsində bizim tələbələr qalır”.

Z.Kazımova qeyd edib ki, bu yay ərzində yataqxananın tələbələr qalan hissəsi təmir olunub.

“Bu yay ərzində rektorun əmri ilə tələbələrə məxsus hissə tam təmir olundu. Burada biz yalnız 150-200 tələbə yerləşdirə bilirik. Təmirdən sonra orada vəziyyət yaxşılaşıb. Belə ki, yataqxanada tələbələr üçün müasir şərait və imkanlar yaradılıb. Otaqlara müxtəlif ləvazimatlar, geyim və kitab rəfləri, yataq dəstləri, stol, stul qoyulub. Çarpayılar da yenilənib. Bunlarla yanaşı, sanitar qovşaq da təzələnib. Tələbələrin qəbul olunmasına tam hazırıq”.

Bakı Dövlət Universiteti bu il tələbələrə yataqxana verə bilməyəcək. Universitetin mətbuat katibi Pərvanə İbrahimova qeyd edib ki, hazırda ali təhsil ocağının yataqxanalarında söküntü işləri gedir.

“Söküntü işləri kompleks şəhərciyin tikilməsinə yönəlib. Kompleks şəklində olacaq yataqxanalarda 5-6 min tələbə yerləşə biləcək. Amma şəhərciyin salınması bir neçə il vaxt aparacaq”.

Neft Akademiyası da yataqxanaya ehtiyacı olan bütün tələbələri sevindirə bilməyəcək. Akademiyanın mətbuat xidmətindən Tahirə Qafarlı bildirib ki, hazırda tələbələrin yaşadığı 1 yataqxana var. Onun sözlərinə görə, hazırda tələbələr müraciət edirlər, həmkarlar və digər universitet nümayəndələri bu işlə yaxından maraqlanır.

Bakı Slavyan Universitetindən verilən məlumata görə, ali məktəbin 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. 1-ci mərtəbədə köçkünlər məskunlaşıb.

“Artıq tələbələr müraciət edirlər. Demək olar ki, yeni qəbul olunmuş tələbələrin əksər hissəsini yerləşdirmişik. Hazırda da tələbələr yataqxanaya gəlməkdə davam edir. Tələbələri qəbul etməyə tam hazırıq”.

Qeyd edək ki, yataqxananın 2-ci mərtəbəsi xarici tələbələr üçün nəzərdə tutulub.

Tibb Universitetinin xarici tələbələr üçün nəzərdə tutulan 5 saylı yataqxanası təmirə bağlanıb. Bunu Modern.az-a universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov deyib. Onun sözlərinə görə, Tibb Universitetinin ümumən 5 yataqxanası var. Onlardan 2-si oğlan, 2-si qız, biri isə xarici tələbələrə məxsusdur. C.Qasımov hazırda təmir işləri gedən yataqxananın 2015-ci ildə istifadəyə tam hazır olacağını bildirib.

Bu il ali məktəbə qəbul olunan tələbələrin yerləşdirilməsi yönündə işlərin aparıldığını deyən C.Qasımov hazırda təxminən 95 nəfər yerləşdirdiklərini qeyd edib.

“Qız tələbələrin hamısını yerləşdirə bilirik. Oğlan yataqxanalarında isə problem var. Hərbi tibb fakültəsi yaradıldığı üçün oğlan tələbələrin sayı bu il artıb. Bunların yarıdan çoxu rayon sakinləridir. Lakin biz bu il tibbi fakültənin 8 tələbəsini yerləşdirə bildik”.

Onun sözlərinə görə, Tibb Universiteti hazırda valideynləri olmayan, yoxsul, köçkün, rayon yerlərindən gəlmiş, Qarabağda şəhid olmuş şəxslərin övladlarını yataqxana ilə təmin edib.

Ötən tədris ilində Tibb Universitetinin yataqxanalarında 1156 nəfər tələbə yerləşdirilib.

Qafqaz Universitetinin prorektoru Natiq Paşa bildirib ki, qız və oğlan bölgüsü olmaqla universitetin 2 yataqxanası var.

“Yataqxanalar yeni təmir olunub. Yeni tədris ilinə tam hazırdırlar. Hər yataqxanaya 300 tələbə qəbul edə bilərik”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) mətbuat katibi Yusif Ağayev deyir ki, DİA-nın 2 yataqxanasında hazırda məcburi köçkünlər məskunlaşıb. “Orda tələbə çox azdır. Çalışırıq lap imkansız ailələrin uşaqlarını yerləşdirək”.

Odlar Yurdu Universitetindən verilən məlumata görə, bu ali məktəbin yataqxanası yoxdur.

Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib ki, ali təhsil ocağına tam məxsus olmasa da, onun həyətində yataqxana yerləşir.

“Yeni dərs ilində 70-72 tələbə yataqxanada qalmaq üçün qeydiyyatdan keçib. Universitetin əksər tələbələri burada qalır. Yataqxana əsaslı təmir olunub. Tələbələrə gündə 3 dəfə yemək verilir. Aylıq qiyməti isə 130 manatdır. Tələbələr yataqxanada camaşırxana, hamam, oxu zalı və kitabxana ilə təmir olunub”.