backend

Nicat, Ramil və Araz...

Nicat, Ramil və Araz...















Çoxları sual edir: Ramil Quliyevi Azərbaycandan didərgin salanlar dünənki gecəni necə yatdılar? Çox rahat, əzizlərim. Onlar bundan əvvəlki gecəni bir az narahat olmuşdular. Efiopiyalı Hayle İbrahimov finişə ikinci onluqda gəlib çatanda. Haylenin mükafat qazanması onların da ciblərinin dolması demək idi.

Bu yaxınlarda ölkəsində müsahibə verən Haylenin həmyerlisi Layeş bizim idmanımızda nələrin baş verdiyini açıq-aşkar söyləmiş, Azərbaycanı dünyada biabır etmişdi. Utandılarmı? Federasiyadan, Gənclər və İdman nazirliyindən kimsə istefaya getdimi? MOK-un təcili iclası çağırıldımı? Yox!

"Azərbaycan idman ölkəsidi” deyirlər. İndi bu idman ölkəsi bütün dünyada gülüş hədəfinə, lağ-lağı obyektinə çevrilib. Özümüzü lallığa, karlığa, korluğa vurmuşuq. Bütün dünya bizə gülür ki, öz balamızı çölə atırıq, gəlmənin dalıyca sürünürük. Nə varmış ki, kimlərsə legioner alverindən bir yerini dolduracaq. Türkün sözü, maləsəf...

Ötən yay daha bir həmyerlimiz Nicat Rəhimov ağır atletikada Qazaxıstan üçün Olimpiya medalı qazandı. Ürəyimiz parçalandı, gözlərimiz yol çəkdi. Nicatın həmsoyadı Azərbaycanın əzəli və əbədi idman naziri Azad müəllim "kefinizi pozmayın, bütün dünyada idmançılar vətəndaşlıqlarını dəyişirlər” dedi. Hə, cənab nazir, dəyişirlər. Amma biz çempionumuzu verib, əvəzində haylelər, layeşlər, maqomedlər gətiririk. Siz utanmırsızsa, biz sizin yerinizə utanaq. Daha keçib.

Dünən axşam Ramilin çiyinlərində gəzdirdiyi o üçrəngli bayraq bu vətən oğlanlarının sayəsində göylərə yüksəlməlidi. Amma bir ovuc şəxsi mənafeyini güdən məmur buna imkan vermir. "Sözə baxmayanlar” ölkədən qaçaq salınır, hələ üzərlərinə bir "fərari” damğası da vurmağa çalışırlar. Bacarmayıblar. Son iki gündə xalqın Ramilə olan sevgisi sosial şəbəkələrdə aşıb-daşmaqdadı. Eyni münasibəti bir il bundan əvvəl Nicat Rəhimov da görmüşdü. Onlara sevgi, onları burdan qaçaq salanlara isə nifrət sədaları yüksəlir.

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı şok təfərrüatlar

Futbolumuz da eyni gündədi. Bir vaxtlar Araz Abdullayevin sorağıyla "Everton” rəsmiləri ta Bakıya qədər gəlmişdilər. Azərbaycanlı balasının İngiltərə Premyer Liqasında oynaya bilməsi üçün milli komandada 5-10 dəqiqə meydana çıxması yetərli idi. Sadıq Sadıqovla ədavət aparan, onun uğurlarını qəbul edə bilməyən Elxan Məmmədov almaniyalı qoca Berti Foqtsla əlbir oldu, Arazın önünü kəsdilər. Arazın yerinə dağıstanlı, ukraynalı, almaniyalı millidə oynadıldı, ona isə yer tapılmadı. Heç bir izahatsız, heç bir səbəbsiz.

Onlar öz işlərindədi. Azərbaycanı, azərbaycanlıları, ölkənin idmanını qətl edənlər. Əllərində qan ləkəsi olmasa da.

Dünən də beləydi, bu gün də belədi. Müşahidə edirik, içimiz parçalanır, harayımız eşidilmir. Hələ daha betər günlər irəlidədi...