backend

Ermənilər Putini Qarabağa “gətirir”

Ermənilər Putini Qarabağa “gətirir”













Natiq Miri: “Abxaziyanı Qarabağla bir tutmaq düzgün deyil”

Rusiya prezidenti Vladimir Putinin “Abxaziya Respublikası”na səfəri birmənalı qarşılanmayıb. Bu addım Kremlin işğalçı rejimə dəstəyi kimi qəbul olundu. ABŞ rəsmiləri də Putinin bu səfərini sərt şəkildə tənqid edib və Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. Putin digər separatçı bölgələrə, o cümlədən, Dağlıq Qarabağa da səfər edə bilərmi? Ermənistan mediası bu iddia ilə çıxış edib. MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyev məsələni belə şərh edib: “Azərbaycan ərazilərin azad olunması üçün güc tətbiq edəcəksə, o zaman, Putin Qarabağa baş çəkə bilər”.

Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Putinin Abxaziya səfərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunduğunu deyib. Ekspertin fikrincə, bu cür addımlar Azərbaycanı hərbi müdaxilədən çəkindirməyə hesablanıb:

“Rusiya kimi aqressiv, anormal bir ölkədən bu cür addımları gözləmək olar. Ancaq praktik olaraq dünya nizamı və beynəlxalq hüquq anlayışı var. Bu baxımdan düşünürəm ki, bu cür hadisələri erməni ekspertlərin yuxusuna gələ bilər. Çünki Abxaziya və Cənubi Osetiyanı Dağlıq Qarabağla qarışdırmaq lazım deyil. Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olunub və demək olar ki, artıq ilhaq prosesi gedir. Digər tərəfdən Rusiya həm də bu ərazilərlə həmsərhəddir. Ancaq Dağlıq Qarabağla Rusiyanın heç bir dəniz və ya quru sərhəddi yoxdur. Bu baxımdan Rusiya hansı haqla separat bölgəyə gələ və dünyada qəbul olunan bütün hüquq normalarını poza bilər? Bu mümkün olan bir məsələ deyil. Əvvəla Azərbaycan heç bir dövlətin torpağını işğal etmək fikrində deyil. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ Azərbaycanın öz ərazisidir. Burada söhbət yalnız Azərbaycan torpaqlarının separatçılardan və terrorçulardan azad olunmasından gedir. Bu da BMT-nin nizamnaməsində öz təsdiqini tapan Azərbaycanın hüququdur. Hesab edirəm ki, rus ekspert ermənilərə yarınmaq üçün belə bir fikir deyib. Bu cür addımlar adətən, Azərbaycanı hərbi müdaxilədən çəkindirmək üçün atılır. Bunlar Azərbaycana qarşı təzyiqlərin davamıdır və təsadüf sayıla bilməz”.

Natiq Miri hesab edir ki, cəbhə xəttində tez-tez baş verən təxribatların arxasında da Rusiya dayanır:

“Bu cür məsələləri qabartmaqla Azərbaycana təzyiq göstərmək istəyirlər. Ancaq bu cür məsələləri ciddiyə almaq lazım deyil. Əksinə, Azərbaycan müxtəlif səpkilərdə proses yaratmalıdır. Bu siyasi-hərbi yöndə olmalıdır ki, Azərbaycan aparıcı element olaraq qabağa çıxsın. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ probleminin həll olunması üçün konseptual sənədlər ortaya qoymalıdır. Hiss olunur ki, nazirliyin bu yöndə heç bir sənədi yoxdur. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arada oturub bir çay içib dağılışırlar. Bundan başqa gözə dəyəcək bir iş görülmür. Hesab edirəm ki, artıq bu yöndə düşünməyin zamanıdır”.