backend

İdmançılarımızı didərgin salan səbəblər

İdmançılarımızı didərgin salan səbəblər













Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Londonda davam edən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb. Ramil 200 metr məsafəyə qaçışda finişə hamıdan birinci çatıb. Onun nailliyyəti Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb. Ramilin tarixi uğura imza atmasından bir neçə gün əvvəl sərbəst güləş üzrə millimizin üzvü, Olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina etdi və Türkmənistana getdi.

Olimpiya çempionumuz bundan sonra Türkmənistan yığmasının heyətində bu ölkənin uğurları üçün tər tökəcək. T.Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir. Bildirilir ki, 9 aya yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən “pulumuz yoxdur” cavabı verilib. Ramilin Türkiyə üçün qızıl medal qazandığı, Toğrulun Türkmənistana getdiyi vaxt yunan-roma güləşi üzrə Avropa çempionumuz Rəsul Çunayevin də vətəni tərk etməsi haqda məlumat yayıldı. Düzdür, məlumat təsdiqini tapmadı, amma Rəsulla federasiya arasında maddi problemin olduğu bildirilir.

İdmançılarımızı vətəndən didərgin salan səbəblər

İdman sahəsində baş verən son hadisələr göstərir ki, idmançıları ölkədən qaçıracaq kifayət qədər problem yaradılır. Məsələn, son 10 ildə dövlət büdcəsi hesabına idman komplekslərinin tikintisinə və idmanın inkişafına 2 milyard dollara yaxın pulun ayrılmasına baxmayaraq, keçən il Braziliyada keçirilmiş Yay Olimpiya oyunlarında aşağı nəticə göstərilməsi də bundan xəbər verir. Sözügedən yarışda ölkəmizin ayrı-ayrı yığmaların heyətlərindəki iranlı, rusiyalı və kubalı qeyri-peşəkar idmançılarla təmsil olunması da problemlərin olduğunu açıq formada göstərdi. Halbuki, yarışlara yerli idmançıların çıxarılması üçün geniş imkanlar yaradılıb, kifayət qədər vəsait ayrılıb, lazımi şərait də var. Hazırda respublikanın bölgələrində dünya standartlarına cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilib.

34 olimpiya kompleksi fəaliyyət göstərir, üstəgəl, hər il sahənin inkişaf etdirilməsi üçün nazirlik və federasiyalara milyonlarla manat pul axıdılır. Şübhəsiz ki, Ramil Quliyevi Türkiyəyə, Nicat Rəhimovu Qazaxıstana, Toğrul Əsgərovu Türkmənistana aparan səbəblər də cavabdehlərin idarəetmə sistemindəki qüsurlar, seleksiya işlərinin düzgün aparılmaması, yerli idmançılarla müqayisədə qeyri-peşəkar əcnəbilərə etimad edilməsi və digəriləridir. Məsələn, ağır atlet Nicat Rəhimovu Bolqarıstandan gətirilmiş məşqçi Zlatan Vanev dopinq qəbul etməyə məcbur etdiyi üçün Azərbaycandan küsdürdülər. Şübhəsiz ki, əsas məsuliyyət Gənclər və İdman Nazirliyinin, o cümlədən, federasiyaların üzərinə düşür.

“İdarəetmə sistemində köklü dəyişikliklər edilməlidir”

Jurnalist Natiq Muxtarlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda istedadlı idmançıların sayı kifayət qədərdir. Ekspert Azərbaycan üçün ənənəvi olmayan idman növlərində də belə idmançıların olduğuna diqqət çəkib:

“Bunu Ramil Quliyevin dünya çempionu olması da təsdiqlədi. Ancaq bu idmançıları peşəkar səviyyəyə qaldırmaq lazımdır. Azərbaycanlılar anadan pəhləvan kimi doğulurlar. Sadəcə, o pəhləvanları cilalamaq, texniki cəhətdən inkişaf etdirmək lazımdır. Vaxtilə Ramil Quliyev bu ölkədən nə istəmişdi? Məşq üçün normal şərait və acından ölməmək üçün məvacib. Amma onu küsdürdülər, əvəzində Həbəşistandan bir yığın idmançı gətirdilər. Bəs Ramil Türkiyə idmanına nə verdi? Tarixi uğur verdi. Ağır atletimiz Nicat Rəhimov da beləcə üsyan edib Qazaxıstana getmişdi. Azərbaycan üçün olimpiya qızılını əcnəbi Radik İsayev qazananda, Nicat da bu qızılı Qazaxıstan üçün qazandı. Bu itkiyə görə kim cavab verdi? Heç kim”.

Natiq Muxtarlı hesab edir ki, Azərbaycanın idman sferası və bir sıra federasiyalarda təmizlənmə işləri aparılmalıdır:

“Bu baş verməyənə qədər biz neçə-neçə Ramil, Nicat itirəcəyik. Onlar özlərində iradə tapıb başqa ölkəyə gediblər, uğur qazanıblar. Minlərlə istedadlı idmançımız isə ruhdan düşərək ümumiyyətlə, idmandan uzaqlaşıblar”.

“Müəyyən anlaşılmazlıqlar olur”

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli “Cümhuriyət” qəzetinə açıqlamasında yerli idmançıların xarici ölkələrə üz tutmalarının mənfi hal olmadığını deyib. O hesab edir ki, məsələnin kökündə maddi amillər dayanır:

“Yerli idmançıların xarici ölkələrə üz tutmaları idmanımız üçün problemlər yaratmır. Azərbaycanın müxtəlif idman növləri üzrə yığmalarında kifayət qədər əcnəbi idmançılar var. Belə çıxır ki, həmin ölkələr də bu idmançıları saxlaya bilmirlər? Sadəcə, müəyyən səbəblərə görə idmançılar xarici ölkələrə üz tuturlar. Müəyyən məsələlərdə, məsələn, maddi və digər amillərlə bağlı hansısa anlaşılmazlıq olan kimi idmançılar vətəni tərk etməyə üstünlük verirlər. Bu, adi bir prosesdir, qeyri-adi heç nə yoxdur. Əgər söhbət Ramil Quliyevdən gedirsə, o, qızıl medalı türk dövləti üçün qazanıb. Türkiyə bizə yad və düşmən ölkə deyil. Bu məsələnin şişirdilməsinin səbəbi budur ki, yüngül atletikada 200 metr məsafəyə qaçış nüfuzlu yarış sayılır, yəni, hər kəsin diqqət mərkəzində olan yarışdır. Xüsusilə də ağ dərili idmançıların bu sahədə qızıl medal qazanması, hədsiz dərəcədə çətindir. Buna görə də söhbət böyüyüb. Yəni, yerli idmançının başqa bir ölkədə qızıl medal qazanması adi bir haldır”.