backend

İcra başçısı təhsil müdirinə əsəbləşdi: "Mən məzuniyyəti Ağcabədidə, sən isə Antaliyada keçirirsən"

İcra başçısı təhsil müdirinə əsəbləşdi: "Mən məzuniyyəti Ağcabədidə, sən isə Antaliyada keçirirsən"













Rəhbər vəzifədə uzun müddət qaldıqca, varı-dövləti əndazəni aşan, təkəbbürü yerə-göyə sığmayan, ədalətsizliyi hədd-hüdud tanımayan kiçik padşahlardan biri də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovdur

İndiyədək Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazaların, həmin ərazidə maşın yuma sexinin, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazasının, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexlərinin, avtomobillərin ehtiyat hissələrinin satış mağazasının, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexinin, Alman qəsəbəsinin yerində beton zavodunun və aqlay sexinin, Qarqar çayının yatağında daş, qum və çınqıl sexinin icra başçısı Şahin Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb.

Bundan başqa, rayon sakinləri icra başçısını Alman qəsəbəsinin yerinin 5 hektarını rəsmiləşdirib, ələ keçirməkdə, yerdə qalan ərazsini də icarə adı ilə öz nəzarəti altına almaqda ittiham ediblər. Hətta Ş. Məmmədovun ölçüyəgəlməz kapitalının ölkəmizin hüdudlarını aşdığı, Gürcüstanın Batumi şəhərində dəyəri 1 milyon dollar olan dəbdəbəli villa tikdirdiyi haqda da söz gəzib.

Ş. Məmmədovun abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərin, xəstəxanaların rəhbər vəzifəli şəxslərinə gördürərək prezidentin rayona ayırdığı milyonları mənimsədiyi də deyilib. Vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirdiyi, eyni zamanda, Daşkəsəndə Xoşbulaq yaylağında bir villaya, Bakı şəhərində isə sayı məlum olmayan mənzil və obyektlərə yiyələndiyi yazılıb. İttihamlardan biri budur ki, Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb.

Rayonun Kəbirli kəndindən də 2800 hektar torpağın da aqibətini öz nəfinə müəyyən edib. Dövlətə məxsus olan asfalt zavodu yol işlərini faktiki həyata keçirdiyi halda işlər kağız üzərində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova məxsus “Fərid MMC” şirkəti tərəfindən görülmüş kimi sənədləşdirilib və Prezident tərəfindən bu təyinatla ayrılmış pullar mənimsənilib. Rayon rəhbərinin şəhər stadionunun ərazisini hissə-hissə satması, H. Hacıyev küçəsində faktiki özünə məxsus təzə ticarət mərkəzinin yaradılnmasına sərəncam verməklə köhnə bazarda ticarətlə məşğul olan şəxslərin mənafeyinə ziyan vurması narazılıqlara səbəb olub.

Bu əsnada məlumatlandıran etibarlı mənbə iddia edir ki, icra başçısı təkcə onun rayonda yürütdüyü yarıtmaz idarəçilik siyasətinə qarşı çıxan ictimai fəalları (məsələn, jurnalist İlqar Afşar, Eldar Əhmədov və s.) deyil, onunla hesablaşmayan rayon vətəndaşlarını, ələlxüsus da sahibkarları incidir. Ayrı-ayrı vaxtlarda onun qəzəbinə tuş gələn iş adamları Nərimanov Nizami İnqilab oğlu, Alıyev Akif Yaqub oğlu, Hacıyev Şükür Mərkəz oğlu, Əhmədov eldar Əli oğlu, Paşayev Rasim Əhmədalı oğlu mətbuat vasitəsilə ölkə rəhbərliyinə şikayət ediblər və bu səbəbdən təhdid ediliblər. Başçı hətta özündən müştəbehlikdə bir az da uzağa gedərək, Şənlik kəndində sakinlərlə keçirdiyi görüşdə tərəfdarlarına müraciət edərək onları rayon rəhbərliyindən şikayət yazan adamları daşqalaq etməyə çağırıb. Youtobe kanalında həmin çağırışı əks etdirən səs yazısı vardır. Başçı onun ümidlərini doğrultmayan vəzifəli şəxslərlə də amansızcasına haqq-hesab çəkir. Bildirilir ki, onun uğursuz kadrı olan RTŞ müdiri Solmaz Rəhimovanı da sitəm gözləyir. Məlumata görə, Ş. Məmmədov təhsil müdirəsinin yaxın günlərdə məzuniyyətdən qayıdıb işə çıxmasını gözləyir. Etibarlı mənbənin bildirdiyinə görə, Rayon İcra Hakimiyyətinin 6 aylıq hesabat yığıncağında Şahin Məmmədov şöbə müdiri Solmaz Rəhimovanı qaldıraraq danlayıb. Başçı xanım müdirəyə əsəbləşərək deyib ki, "mən məzuniyyəti Ağcabədidə, uzaqbaşı Azərbaycanın başqa bölgəsində keçirirəm, sən isə Antaliyaya gedirsən".

Başçını təzə təhsil müdirindən narazı salan daha bir səbəb də ikincinin bəzi qərarları onunla məsləhətləşmədən qəbul etməsidir. Məsələn, icra başçısının vaxtilə əxlaqsız hərəkətlərə görə 3 saylı məktəbin direktoru vəzifəsindən qovduğu Tofiq Zeynalovu təhsil müdiri irəli çəkərək şöbəyə metodist təyin edib ki, bu da birincinin xoşuna gəlməyib. Əgər həqiqətən gözlənildiyi kimi, Ş. Məmmədov qeyzlənib S. Rəhimovanın "məzuniyyət kefinə soğan doğramaq" istəsə, bircə təhsil müdirinin qızı Sevinc Quliyevanın Bakıda uşaq bağçalarında işləyə-işləyə Ağcabədi məktəbindən nə az - nə çox, düz on il əmək haqqı almasını araşdırmaq barədə göstəriş verməsi yetər.

Ehtimal ki, S. Rəhimova işinin üstünə qayıdan kimi biz də bir daha bu mövzuya qayıdacağıq. (Dosye.org)