backend

Ziya Məmmədovun əmisi oğlu göyçaylıları üsyana sürükləyir

Ziya Məmmədovun əmisi oğlu göyçaylıları üsyana sürükləyir













Nəqliyyat nazirinin qohum-əqrabası rayonun bütün səfalı yerlərini, biznes strukturlarını ələ keçirib

Nəqliyyat naziri Ziya Məmmədovun əməllərindən bütün ölkə sakinləri cana doyub. Onun və yaxınlarının yol çəkilişləri zamanı yol verdiyi maxinasiyalar, nəqliyyat strukturunda yol verdikləri ağlasızmaz korrupsiya haqda zaman-zaman yazmışıq. Bu günlərdə Göyçayda səfərdə olan əməkdaşımız bu rayonun sakinlərinin Ziya Məmmədovun yaxınlarının əlində təngə gəlmələrinin şahidi olub.
İlk öncə başlayaq torpaqları zəbt edən Məmmədovlar imperiyası dağlardakı çınqılı, daşları da əridib daşıyırlar. Bu da göyçaylıların böyük narazılığına səbəb olub. Artıq göyçaylıların bir vaxtlar fəxrlə danışdıqları əzəmətli dağlardan əsər-əlamət qalmayıb. Halbuki türk-erməni savaşında bu dağlar poliqon olub və minlərlə azərbaycan türkünün qanı bu dağları suvarıb. İndi isə Məmmədovlar dağları “yoxa çıxarırlar” qurtarıblar. Belə ki, nazirin “İpək yolu” layihəsində müəmmalı bir təşkilat iştirak edir. Yerli sakinlər deyirlər ki, dövlət büdcəsindən bu layihəyə ayrılan pullar həmin təşkilatın hesabına köçürülür. Başında Ziya Məmmədovun və onun qohumu olan rayonun icra başçısı Mənsur Məmmədovun dayandığı həmin şirkətin əsas vəzifəsi digər şirkətləri yol çəkilişində istifadə olunan daş-çınqılla təmin etməkdir.
Rəsmi sənədlərdə şirkətin digər regionlardan daş-çınqıl daşıması yazılsa da faktiki olaraq Göyçayın dağları Məmmədovların sonsuz iştahası qarşısında əriyərək “İpək yolu”nun altına döşənir. Qazanan Məmmədovlar, itirən isə göyçaylılar olur. Üstəlik, bu işdə “Yol Yapı” və “Azər İnşaat” adlı tikinti şirkətlərinin də əli var.
Göyçaylılar deyirlər ki, nazir bu əməllərinə görə həbs olunmalıdır: “Onun bu dağıdıcı işlərinə dövlət səviyyəsində də nəzarət olunmur. Xalqın, ölkənin təbiətinə də əl uzadırlar. Bütün rayonu işğal ediblər. Bircə dağlarımız qalmışdı, ora da əl qoydular. Ziya Məmmədov bu əməllərinə görə nə vaxtsa cavab verəcək. Çünki heç bir nazir bu səviyyədə qanunsuz əməllərə yol verməyib. Bu daş-çınqılı aparmaqla külli miqdarda pul qazanırlar. Həmin pulla da gah ayı yeyirlər, gah da villa tikirlər. Vay yetim-yesirin halına”.
Göyçayda olarkən yerli sakinlərin Məmmədovların Potu kəndindəki villalarından da qəzəblə danışdığını eşitdik. Onların sözlərinə görə, nazirin özü azmış kimi, oğlu da rayonda at oynadır. Potu kəndinin böyük bir hissəsi nazir oğlunun əsarəti altındadır. Kəndin hektarlarla ərazisini zəbt edən “bala oliqarx” burada iki villanı yanaşı tikdirib. Yerlilər deyir ki, nazir oğlu villasına ayda bir neçə dəfə baş çəkir. Ərazi isə polis tərəfindən ciddi şəkildə mühafizə olunur. Odur ki, bu müddətdə əraziyə giriş-çıxış kəndlilər üçün yasaq olunub. Deyilənə görə, Anar Məmmədov burada eyş-işrət məclisləri qurur, əylənir. Bu da rayon sakinlərinin qəzəbləndirib.
Ümumiyyətlə, rayondakı məmur özbaşınalıqları saymaqla bitmir. Məmmədovlar klanı rayondakı məktəblərin, internatların həyətlərini, parkları satıb, daş üstdə daş qoymayıb. Ən dəhşətlisi odur ki, yerli məmurların qarış-qarış satdıqları torpaqlarda villalar, malikanələr ucaldılır. Göyçayda olarkən öyrəndik ki, icra başçısı Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın himayəsində olan internat məktəbinin həyətinin bir hissəsini də satıb. İcra başçısı Mənsur Məmmədov internatın bir hissəsini Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin müdiri Elşən Şirinova və onun yaxın qohumlarına satıb. Başıbəlalı internat məktəbinin bir hissəsində isə hazırda Şamaxının deputatı olan Elxan Süleymanovun “Oskar” mağazalar şəbəkəsi fəaliyyətdədir. Bir hissəsi də hazırda Mingəçevirin icra başçısı olan Mübariz Ağayevin yaxın qohumlarına satılıb.
Hazırda Göyçayda belə bir xəbər dolaşır ki, rayonun icra başçısı Mənsur Məmmədov vəzifəsindən uzaqlaşdırılacaq. İddiaya görə, M.Məmmədovun yerinə K.Heydərovun adamı gətiriləcək.
Sakinlər onu da deyir ki, K.Heydərovun çoxdan Göyçaya “gözü düşüb”. O, Qəbələdə “Jalə” şirə zavodunu açandan sonra Göyçayda bütün nar bağlarına sahib çıxıb. Göyçayda heç bir zavod-fabrikin nar almaq ixtiyarı yoxdur. Ona görə də rayonda bütün zavod-fabriklər bağlanıb. Çünki nar məhsulları tonlarla Qəbələyə göndərilir. Hazırda Göyçay narı rayon əhalisinin maraq dairəsindən kənarda qalıb.
Sakinlər deyir ki, vəzifədən gedəcəyini bilən Mansur Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib. İcra başçısı bütün iş adamlarından, büdcə təşkilatlarından, müəllimlərdən, bələdiyyə sədrlərindən pul yığdırır. Görünür, o vəzifədən gedəcəyini başa düşdüyü üçün son talan əməliyyatını həyata keçirmək istəyir.

Çirkin işlərdən əldə olunan milyonlar

Təsəvvür edin, hələ 4 il əvvəl səmimi YAP-çılar üçün müqəddəs hesab olunan mərhum Heydər Əliyevin adını daşıyan mərkəzin tikintisi zamanı icra başçısı milyonlarla manat oğurluq edib. 2 milyon manata inşa edildiyi bildirilən Heydər Əliyev Mərkəzinin adı ilə başçı büdcə təşkilatlarında çalışanların 2 aylıq əmək haqqını saxlatdırmışdı. Bundan başqa, o, mərkəzin adından istifadə edərək rayonda fəaliyyət göstərən və rayondan kənarda yaşayıb işləyən göyçaylı sahibkarlardan təxminən 5 milyon manat vəsait toplayıb. Bu əməliyyatda onun özünə qalan xalis məbləğ 3 milyon manatdan çox olub. M.Məmmədov Göyçaya başçı təyin olunarkən bu cür işlərə nəzarət üçün Elsevər adlı şəxsi də özü ilə gətirmişdi. Rayonda həyata keçirilən bütün çirkin işlərdən əldə olunan pullar bu adam vasitəsi ilə başçıya verilirdi. Heydər Əliyev Mərkəzinin tikilməsində yığılan pulun miqdarı o qədər çox olub ki, həmin bu əməliyyatda başçının inanıb etibar etdiyi Elsevər də ona 300 min manat pul “atmışdı”. Elsevər bu məbləğlə Bakı şəhərində ev alıb. Sonradan bu işdən xəbər tutan başçı Elsevərin Bakı şəhərindəki evini əlindən aldı, özünü isə işdən qovdu.
2 il əvvəl Göyçayda Bayraq Meydanı tikintisinin həyata keçirildiyi vaxt da başçı bu “üsuldan”, yəni “pulyığma” kampaniyasından “məharətlə” istifadə edib. M.Məmmədov bu işin görülməsi adı altında büdcə təşkilatlarından, sahibkarlardan 500 min manata yaxın pul toplayıb. Lakin smeta dəyəri 200 min manat olan tikintinin özü yarımçıq qalıb. Başçının digər bir qazanc yolu da müxtəlif tədbirlər, bayramlar adı ilə pul toplamaqdır. Qurban, Ramazan, Novruz bayramlarında, digər əlamətdar günlərdə, xüsusilə Nar bayramında əlinə keçən adamlardan pul alır. Qazla təmin edilməyən ərazilərdə büdcə təşkilatlarının binalarının - məktəblərin, xəstəxanaların, bağçaların, iaşə obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaq (odun) pulları isə başçının Zərdab rayonunda qeydiyyata aldırdığı İdrak MMC tərəfindən mənimsənilir. Sual olunur, Zərdab rayonunda bir hektar belə meşə sahəsi olmadığı halda, nə üçün odun qonşu İsmayıllı və Qəbələ rayonlarından deyil, Zərdabdan alınır? MMC-yə köçürülən pullar başçı tərəfindən mənimsənildikdən sonra kəndlərdə yerləşən büdcə təşkilatlarına qaimələr göndərilir və həmin təşkilatların rəhbərləri məcbur edilir ki, əmtəəsiz qaimələrə imza atsınlar. Onlar da məcbur qalıb, guya odun aldıqları haqda sənədə imza atırlar. Məktəblərin qızdırılması üçün lazım olan odunu isə məktəbə şagirdlər çantalarında, evlərindən gətirirlər. Yaxud da icra başçısı kəndlərdəki nisbətən imkanlı adamları məktəbə odun almağa məcbur edir”.
Başçının pul qazandığı əsas sahələrdən biri də torpaq satışıdır. Azərbaycanda 2007-ci ilin sonundan etibarən torpaqların satışı yalnız hərrac yolu ilə həyata keçirildiyi halda, Mansur Məmmədovun göstərişinə əsasən, Göyçay rayon torpaq şöbəsinin müdirinə satılacaq torpaqların alqı-satqı sənədlərini 2007-ci ildən əvvəlki tarixə sənədləşdirir. Bələdiyyələrə edilən təzyiqlər nəticəsində onlar torpaq alqı-satqısına dair protokolları və qərarları əvvəlki tarixə sənədləşdirirlər. Ancaq bu işdə saxtakarlığı aşkar etmək çox asandır. Belə ki, bələdiyyələr tərəfindən satılan torpaqların dəyəri qanunla onların bankda olan hesablarına ödənilməlidir. Bu ödənişləri isə əvvəlki tarixə bank vasitəsilə etmək mümkün deyil. Başçı bu saxtakarlığı da ört-basdır etməyin yolunu müəyyən edib. Belə ki, Mansur Məmmədovun göstərişi ilə Göyçayda torpağın dəyəri əvvəlki tarixə saxta qəbzlə bələdiyyənin daxili kassasına ödənilir. Hansı ki, bu da qanunla qəti qadağandır. Bu cür ödəmələrə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli qeydiyyat şöbələri torpaq alqı-satqı sənədlərini qeydiyyata almamaqla, onlara reyster çıxarış sənədləri verməməlidirlər. Ancaq burada da rüşvət öz sözünü deyir. Bu cür qanunsuz əməliyyatlar nəticəsində rayonda son illərdə 100 hektarlarla torpaq sahəsi satılmışdır ki, bundan başçının gəliri bir neçə milyon manatdır. Bundan başqa, başçının göstərişi ilə bələdiyyələrin kəndlərdə mal-qara üçün ayırdığı örüş yerləri - yüzlərlə hektar torpaq sahələri rayondan kənar şəxslərə satılıb. Kəndlilər buna ciddi etiraz edir və günlərin birində onlar dədə-baba torpaqlarının Mansur Məmmədov tərəfindən mənimsənilməsinə dözməyib üsyana qalxsalar təəccüblənməyin.
Başçı dövlət tərəfindən kəndlilərə ayrılan subsidiyaları da mənimsəyir. Mansur Məmmədov rayondakı əkin sahələrinin miqyasını sənəd üzərində həddindən artıq şişirdir. Məqsəd isə odur ki, dövlət əkin sahələrinin şumlanması üçün hər hektara 40 manat, buğda əkini üçün 80 manat vəsait ödəyir. Əvvəlki illərdə olduğu kimi, 2013-ci ildə Göyçay rayon üzrə taxıl əkininin guya 15 100 hektar olması haqda hesabat vermişdir. Faktiki olaraq isə rayonda 8000 hektar taxıl əkilmişdir. Şişirdilmiş sahə təxminən 7000 hektardır. Bu cinayət əməlindən əldə olunan qazanc isə 500 min manat təşkil edir. Başçının göstərişinə əsasən bu məbləğ rayonda torpaq sahəsi olan, lakin taxıl əkməyən vətəndaşların adına sənədləşdirilir və mənimsənilir.
Məlumdur ki, bələdiyyələrin maddi texniki vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən onlara hər il dotasiyalar verilir.Bu dotasiyanın da çox hissəsi Mansur Məmmədov tərəfindən mənimsənilib. Başçının tapşırığına əsasən həmin vəsaitlər bələdiyyələrin cari hesablarından çıxarılaraq ona verilib.
M.Məmmədov hətta nar tingləri biznesinə də girişib: Məlumdur ki,son zamanlar nazir-oliqarxlar Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonları ərazisində minlərlə hektar torpaq sahələri alır və orada nar bağları salırlar. Təbii ki, həmin oliqarxlar bağlarına Göyçay narı əkdirmək istəyirlər. Onlar bu məqsədlə M.Məmmədova müraciət edirlər. Başçı isə öz növbəsində rayondakı bələdiyyə sədrlərinə, kənd ərazi nümayəndələrinə göstəriş verir ki, hərəsi ona 3000-4000 ədəd nar tingi təşkil etsin. Belə sifariş alanda icra başçısı 50 bələdiyyə və icra nümayəndəliyi vasitəsilə 150-200 min ədəd nar tingi toplayır. Sonra isə həmin tingləri guya ki, bazardan alması adı ilə, birini 1 manata nazirlərə satır və 150-200 min manat gəlir əldə edir.
Qeyd edək ki, M.Məmmədovun Zərdab rayonunda heyvandarlıq kompleksi var. Həmin kompleksi o hələ Zərdabın icra başçısı olanda saldırıb. Başçı Göyçayda mövcud olan bütün bələdiyyələrin və kənd icra nümayəndəliklərinin hər birindən 400-500 ədəd yonca bağı tələb edir və onları Zərdaba, heyvandarlıq kompleksinə göndərir. İcra nümayəndələri, bələdiyyələr isə ot bağlarını zor-xoş kəndlilərdən alır.
Son 5-6 ildə Göyçayın səfalı yerlərində - İsmayılı və Qəbələ ilə sərhəd ərazilərdə, şəhərin mərkəzi hissəsində çox imkanlı məmurlar özləri üçün malikanələr salıblar. Ətraf rayonların icra başçıları, hətta Ziya Məmmədov özü burada villa tikdirib. Mənsur Məmmədov rayonda özünə və digər yüksək vəzifəli qohumlarına məxsus bağ sahələri üçün lazım olan gülləri, ağacları da bələdiyyələrdən tələb edir. Hər bələdiyyə və icra nümayəndəliyi hər il bu işlər üçün 5 ”KamAZ" peyin, yüzlərlə gül kolu və ağaclar verməlidir. Bundan başqa, başçının qonaqları, pay-püşləri üçün lazım olan qoyun-quzu, hind toyuqlarını da bələdiyyələr təşkil etməlidir.

Sadiq
Redaksiyadan: Növbəti sayımızda icra başçısının iş adamlarına necə qan uddurmasından, rayona gələn yoxlamaların hansı meyarlarla razı salınmasından, təhsil şöbəsinin vasitəsilə həyata keçirilən digər korrupsiya əməliyyatlarından, kənd təsərrüfatı sahələrinin məhv edilməsindən və digər məsələlər barədə ətraflı yazını oxuya bilərsiniz.